Newscenter.az.11.08.2021. Son zamanlar Rusiyadan Azərbaycana qarşı təxribatların artması sözsüz ki, bizim üçün son dərəcə narahatedicidir. Təsadüfi deyil ki, bir neçə gün öncə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jrinovskinin Azərbaycana, onun dövlət başçısına qarşı sərsəm fikirlər səsləndirməsi, Azərbaycan XİN-i tərəfindən Rusiyaya nota verilməsi və Rusiya tərəfinin bu məsələdə sükunəti pozmaması onu göstərirdi ki, şimal qonşumuzun niyyətləri heç də düşünüldüyü qədər saf deyil. Təbii ki, Jirinovskinin fikirlərini nə onun öz fikirləri, nə də təsadüfi fikirlər kimi başa düşülə bilməz.
Bir müddət öncə ölkə başçısı cənab İlham Əliyev Azərbaycanın qərb rayonlarına(Daşkəsən, Gədəbəy və b.) səfər edərkən jurnalistə verdiyi bir açıqlama diqqətimi çəkdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev jurnalistin suallarına cavab verərkən rus "sülhməramlıları"nın nəzarət etdiyi ərazilərdə ümumi vəziyyətin nədən ibarət olması haqqında məlumat verməsi, yəni Qarabağda nə qədər erməni əsilli vətəndaşların yaşaması, Laçın dəhlizində nəzarətimizin olması, Laçın dəhlizi vasitəsi ilə Qarabağa gələn əcnəbilər və erməni əsilli şəxslərin girib çıxışınq nəzarət və rus "sülhməramlılar"ın fəaliyyətinə nəzarət və s. məsələləri qeyd etməsi güman ki, Qarabağ üzərində manipulyasiya etməyə çalışan və Rusiyanı idarə edənlərin qıcıqlanmasına səbəb olduğu güman edilə bilər. Məhz buna görədir ki, Rusiya Müdafiə Naziri Sergey Şoyqu öz açıqlamasında Ermənistanı Cənubi Qafqazda ən yaxın müttəfiq hesab edir. Rus təlxəyi Jirinovskinin Azərbaycana və onun prezidentinə qarşı işlətdiyi ifadələrin arxasında məhz ölkə başçısının müsahibə zamanı söylədiyi fikirlərdən yaranan qıcığın dayandığını güman etmək olar. Yəni görünən budur ki, Rusiya hakimiyyəti özünün demək istədiklərini Jirinovski kimi təlxəyin dilindən çatdırmaq istəyir. Jirinovskinin danışıqlarından o da məlum oldu ki, Qarabağda Rusiyanın və Ermənistanın təxribatlarının sayı artmağa doğru gedəcək.
Artıq son iki gündə isə bu təxribatlar artmaqda davam edir. Qarabağda müvəqqəti dislokasiya edilmiş "sülhməramlıları"nın təlimlərə başlaması, özü də bu təlimlərin artileriya vasitələrindən təşkil edilməsi, üstəlikdə bu təlimlərə Ermənistanın dağılmış Silahlı Qüvvələrinin tör-töküntülərinin bu təlimlərə cəlb edilməsi Rusiyanın məqsədinin nədən ibarət olduğunu deməyə imkan verir. Təbii ki, burada bir neçə sual yaranır ki, hansı qanun və qaydaya əsasən sülhməramlılar öz fəaliyyətindən kənar şəkildə təlimlər keçirir, özü də artileriya vasitələrindən? Əgər bu addımı atırsa həmin təlimlərə erməni silahlı qruplaşmalarını niyə cəlb edir? Erməni terrorçu dəstələrinin Laçın dəhlizindən Azərbaycanın suveren ərazilərinə gəlişinə niyə icazə verir? Və nahayət bu addımları atmaqda Rusiyanın niyyəti nədən ibarətdir?
Birincisi, beynəlxalq təcrübədə sülhməramlıların bu formada, fəaliyyətinin xaricində təlimlər keçirməsi, xüsusilə də artileriya vasitələrindən istifadə etməsi görünməyib. Bu da onu deməyə əsas verir ki, Rusiyanın "sülhməramlı" adlandırdığı qüvvələr əslində sülhməramlı niyyətində deyil.
İkincisi, müharibədən yenicə çıxmış və 10 noyabr 2020-ci ildə üçtərəfli bəyannaməyə imza atmağa məcbur olan erməni silahlı qruplaşmalarının Azərbaycanın suveren ərazilərində bu qanunsuz hərbi təlimlərə cəlb edilməsi isə digər təxribat xarakterli addım kimi dəyərləndirilə bilər.
Üçüncüsü, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamənin şərtlərini kobud şəkildə pozaraq erməni silahlı dəstələrini Laçın dəhlizi vasitəsi ilə Azərbaycan ərazisinə buraxması isə Rusiyanın Qarabağda təxribatları artırmaq niyyətinin açıq göstəricisidir.
Rusiyanın bu addımları atmasında əsas məqsədi belə dəyərləndirmək olar.
1) Hələ də mandatı olmayan "sülhməramlılar"a Azərbaycan tərəfindən mandat verilməsinə nail olmaq.
2) 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamənin şərtlərinə əsasən Naxçıvan və Azərbaycan arasında kommunikasiyaların qurulması üçün Zəngəzur dəhlizinin açılmasını ləngitmək.
3) Qazaxın 7 kəndi və Naxçıvanın 1 kəndinin geri qaytarılmasını ləngitmək.
4) 2010-cu ildə imzalanmış "strateji əməkdaşlıq haqqında" və 15 iyun 2021-ci ildə imzalanmış "Şuşa bəyannaməsi"nə uyğun olaraq Azərbaycan və Türkiyə arasında müdafiə sahəsində əlaqələrin dərinləşməsini ləngitmək və Türkiyə hərbi bazalarının Azərbaycanda qurulmasına mane olmaq.
5) II Qarabağ savaşından sonra nüfuzunu itirdiyi erməni cəmiyyətində özünə qarşı simpatiya yaratmaq.
Azərbaycan XİN-də verilən bəyanat və Azərbaycan XİN başçısı Ceyhun Bayramov və Rusiya XİN başçısı Sergey Lavrov arasında baş tutan telefon danışığı zamanı regiondakı vəziyyətin müzakirə edilməsi vəziyyətin gərgin olmasını deməyə əsas verir. İstər Ermənistan-Azərbaycan sərhəddində və Qarabağ ərazisində pozulan atəşkəs, istər ermənilər tərəfində bastırılmış mina xəritlərinin verilməməsi, istərsə də digər məsələlərin qalmasında Rusiyanın maraqlarının təmin edildiyini deməyə əsas yaradır.
Hesab edirəm ki, Azərbaycan bu tip süni gərginliklərin miqyasının genişlənməsinə imkan verməyəcək. Burda digər vacib məsələ Türkiyənin proseslərə daha aktiv şəkildə qatılmasını təmin etməkdən ibarətdir.
Samir Hümbətov-siyasi şərhçi