Newscenter.az.12.08.2021. Nikol Paşinyan bu gün hökümətin iclasında deyib: “Ermənistan Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanla danışıqları bərpa etməyə hazırdır”.
Daha sonra o bildirib ki, “ATƏT-in Minsk qrupunun həmsdərlərinin danışıqları bərpa etməklə bağlı çağırışlarına geri dönərək demək istəyirəm ki, Ermənistan ən yüksək səviyyəli danışıqlarda iştirak etməyə hazırdır. Biz konkret təkliflər gözləyirik”.
Düşüncələrini bir az da inkişaf etdirən Paşinyan dediklərinə, “Düşünürəm ki, regional kommunikasiyaların açılması məsələsini tezliklə həll etmək lazımdır. Tezliklə regional kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı Baş nazir müavinlərinin komissiyasınının işini bərpa etməli, regionda yeni iqtisadi və kommunikasiya imkanlarının həyata keçirilməsi baxımından daha fəal olmalıyıq" cümlələrini də əlavə edib.
Ümumiyyətlə hakimiyyətdə olduğu üç ildən artıq müddətdə daim qeyri-ciddiliyi, qeyri-səmimiliyi və konstruktivlikdən uzaq olması ilə yadda qalan erməni baş nazir eyni ampluasını davam etdirir. Müharibə olub, Ermənistan dövləti və ordusu darmadağın edilib, onun özü isə şəxsən kapitulyasiya aktına imza atmağa məcbur edilib! Bir ilə yaxındır ki, Ermənistan çalxalanır, hökümətdə hər ay bir neçə istefa baş verir. Adam nazir təyin etməyə namizəd tapa bilmir, yenə durub düşünülməmiş fikirlər səsləndirir.
Azərbaycan müharibədə tam hesabla qalib gəlib, münaqişəni həll edib və regionda tam yeni geosiyasi reallıq formalaşdırb. Münaqişənin həll olunduğunu təkcə biz demirik, qonşu dövlətlər və dünya da qəbul edir. 10 noyabr tarixli Bəyanat imzalanıb və bütün dövlətlər və təşkilatlar keçmiş mümaqişədən danışarkən mötəbər beynəlxalq hüquqi sənəd kimi həmin bəyanata istinad edir. Azərbaycan da tərəf kimi həmin sənədlə üzərinə düşən bütün öhdəliklərə əməl edib və haqlı olaraq Ermənistandan da imza atdığı həmin sənədlə üzərinə düşən öhdəlikləri icra etməsini tələb edir.
ATƏT-in Minsk qrupunun keçmiş münaqişə ilə bağlı missiyası çoxdan başa çatıb. Onlar bu mərhələdə yalnız və yalnız humanitar missiya daşıya bilərlər ki, bunu da Azərbaycan tərəfi dəfələrlə onların diqqətinə çatdırıb. Məsələn, mina xəritələrinin qalan hissəsinin Azərbaycana verilməsini, hələ də boşaldılmayan kəndlərimizin bizə təhvil verilməsində və bu gün də qanunsuz olaraq ərazilərimizdə olan qanunsuz erməni silahlılarının çıxarılması prosesini tezləşdirmək kimi məsələlərin həllində vasitəçilik edə bilərlər. Azərbaycam tərəfi üçün müzakirə olanacaq başqa bir məsələ yoxdur, hələ münaqişə heç yoxdur. Bu fikirləri Prezident İlham Əliyev həm azərbaycan, həm rus və həm də ingilis dilində bütün dünyaya dəfələrlə bəyan edib. ATƏT-in Minsk qrupunun həmsədrlərinin isə şəxsən üzlərinə də deyib.
Biz Ermənistandan atmalı olduğu addımların atılmasını gözləyirik. Gözləyirik ki, sərhədlərin delimitasiya və demarkasiya məsələlərinin həlli ilə bağlı addım atsın, kəndlərimizi boşaltsın, nə qədər sağdırlarsa terrorçuları ərazilərimizdən çıxartsın, qalan mina xəritələrini təqdim etsin və Ermənistanla yanaşı Paşinyanın özünün də taleyini həll edəcək Zəngəzur dəhlizi ilə bağlı atmalı olduğu addımları atsın. Vəziyyət belə olduğu halda çox maraqlıdır, Paşinyan kimə deyir ki, regional kommunikasiyaların açılması məsələsini tezliklə həll etmək lazımdır? Həll olunmuş münaqişə ilə bağlı rəsmi sənədi belə imzaladıqdan sonra ATƏT-in Minsk qrupunun həmsədrlərindən hansı təklifləri gözləyir? Adam anlamır və ya anlamaq istəmir ki, regionda yeni reallıq var, bu reallıqda və Azərbaycana aid ərazilərə dair təklifləri və şərtləri kimsə deyil, Azərbaycan ortaya qoyur. Digərlərinə və xüsusilə də Ermənistana yalnız və yalnız bu vəziyyətlə barışmaq qalır!
Ona görə də Azərbaycanın mövqeyi həm 10 noyabr tarixli, həm də 11 yanvar tarixli Bəyanatlarda açıq şəkildə əks olunun və ölkə başçımızın çıxışlarında da tam aydın ifadə olunmaqdadır. Buyursun Ermənistan reallığı əks etdirən həmin öhdəlikləri icra etsin. O zaman bəlkə Ermənistan tərəfinin və onun baş nazirinin ciddiliyi, səmimilyi və konstruktivliyi ilə bağlı ilk addımının şahidi olarıq. Başqa yolu yoxdur! Ancaq var, DƏMİR YUMRUQ!
Xəyal Bəşirov,
“Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri, siyasi şərhçi