Newscenter.az.15.08.2021. 13 il bundan əvvəl bir qərbyönlü mənə təkidlə əfqan mənşəli ABŞ yazıçısı Khaled Hosseininin “Çərpələng uçuran” romanını oxumağı tövsiyə etmişdi. Oxudum. Əsərin bədii dəyəri haqda danışmaq istəmirəm (elə bir dəyər görmədim bu əsərdə), amma siyasi təyinatı aşkar idi: Əfqanıstan üçün SSRİ pis idi, ABŞ isə yaxşıdır (halbuki işğalçının ağına da lənət, qarasına da), o cümlədən ona görə ki, taliblərin hakimiyyətinə son qoydu.
Bu gün isə taliblər yenidən Əfqanıstanda hökmran oldular. Dünyanın ən nəhəng, güclü və varlı ölkəsi olan ABŞ orada 20 il ərzində normal, ən əsası isə xalqın etimadını qazana biləcək hökumət qura bilmədi (əksinə, korrupsioner rejim yaratdı). Taliblərə ideoloji cəhətdən münasibətimiz yaxşı olmaya bilər (hər halda mən bəyənmirəm), amma bu, Əfqanıstan xalqının seçimidir. Bəli, məhz seçimidir. Əks halda, 20 il əvvəl darmadağın edilmiş hərəkat dirçələ bilməzdi.
Bəs Əfqanıstan xalqı niyə talibləri seçdi? Ona görə ki, taliblərin rejimi xalqa ədalət vəd edir (bu xalq “şuravi”ləri də gördü, amerikanları da və taliblərin əvvəlki iqtidarı dövrü ilə müqayisə etdi). Nədir ədalət? Bizim Konstitusiyamızda deyildiyi kimi, bərabər mənafelərə bərabər münasibətdir. Ədalət, qanunların işləməsi və kimliyindən asılı olmayaraq hər kəsə münasibətdə eyni cür tətbiq olunmasıdır. Qanunların necə olması, hansı ideologiyadan irəli gəlməsi əsas deyil, əsas onların tətbiqidir! Necə deyərlər, əsas oyun qaydalarına riayət etməkdir. Xüsusən də iqtisadi və məişət məsələlərində. Çünki hər zaman hər yerdə hər bir xalqın əksəriyyətini ilk növbədə dövlətin ideologiyası deyil, ədalət maraqlandırır. Məsələn, elə məhz bu səbəbdən də İrandakı “molla rejimi” də uzunömürlü ola bildi: qanunlar işləyir, ədalət təmin olunur.
Mənim qənaətim belədir: hər hansı dövlət digər dövlətlər üçün təhlükə yaratmırsa, orada ədaləti daha yaxşı təmin edə bilən siyasi qüvvə tərəfindən idarə olunmalıdır. Xüsusən də əgər həmin dövlətin xalqı bu seçimi ağır və əzablı keçmişi nəticəsində müqayisə yolu ilə edibsə. Digər ölkələr (hər xalq, həm də iqtidar) isə Əfqanıstan dərsindən ibrət götürməlidilirlər.
Əkrəm Həsənov-ekspert