Newscenter.az.15.08.2021. Qlobal siyasət yeni dönüşüm prosesi yaşayır. Bunun müxtəlif aspektləri var. Ancaq bizi birbaşa maraqlandıran 3 mühüm məqama xüsusilə diqqət cəlb etmək istəyirəm:
1. ABŞ ənənəvi regional problemlərdə arxa planda qalır və regional güclər fəallaşır. Hazırda bunun 3 nümunəsi var: Suriyə, Qarabağ və Əfqanıstan.
Bunun həm ABŞ-ın gücünün eroziyası və Vaşinqtonun dəyişən öncəlikləri, həm regional aktyorları fəallaşması, həm də ümumilikdə qlobal sisteminin dəyişimi prosesi ilə əlaqəsi var. Azərbaycan baxımından bu məqam xarici siyasətdə xüsusilə diqqətə alınmalı məqamdır. Bu deməkdir ki, Azərbaycanın balans siyasəti baxımından ABŞ-ın/ Qərbin hədəf və imkanlarını daha diqqətli qiymətləndirməliyik. Bu da Qafqazda əsasən ABŞ/Qərb-Rusiya rəqabətinə güvənərək yeni oyun qurmanın bizim üçün ciddi problemlər yaradacağını nəzərə almamızı zəruri edir.
2. ABŞ-ın bu vəya digər səbəblə passivləşdiyi Süriyə və Qarabağda Rusiya ənənəvi yanaşmasını yeni ittifaqlarla sintez edərək çox fəallaşıb. Görünən odur ki, Əfqanıstan nümunəsində də Rusiya ənənəvi yanaşması ilə yəni ittifaqları sintez edərək fəallaşacaq. Bu prosesin, yəni ənənəvi maraqlarla yeni ittifaqların sintezinin post sovet coğrafiyada özünü müxtəlif formalarda göstərməsi yüksək ehtimaldır. Bu da Azərbaycan-Rusiya münasibətlərində risq və fürsətləri diqqətli dəyərləndirməyin vacibliyini ortaya qoyur. Qarabağ müharibəsi dövründə görüldü ki, Rusiyada "İqor Kortoçenko anlayışı" da var, "Konstantin Zatulin anlayışı" da. Strateji ağıl deyir ki, doğru dəyərləndirmə ilə "Kortoçenko anlayışından" daha çox faydalanma və bu anlayış gücləndirmək milli maraqlarımıza daha uyğundur. Jirinovski kimi Avrusyaçıların və tərbiyəsizliyi siyasət haline gətirənlərin küyünə getsek, Rusiyada "Zatulin anlayışı" son dövrdə itirdiyi gücünü geri alacaq və tarixin göstərdiyi kimi bu bizim çox əleyhimizə bir prosesdir. Xarici siyasətdəki strateji məsələlərdə irrasional bir reaksiya ilə Qərbin tərkinə minmənin ciddi risqlər yaradacağını Gürcüstan və Ukrayna nümunələrində gördük. Ona görə də Jirinovski, Zatulin və s. kimilərin qazına gələrək bütün Rusiya cəmiyyəti və dövlətinə yönəlik irrasional reaksiyalar vermək çox yanlışdır. Rusiyada lehimizə yaxşı fürsətlər var, bunu istifadə etmək və gücləndirmək lazımdır! Xalq irrasional reaksiya verə bilər, amma aydın və siyasətçi olanların öz millətinin və dövlətinin maraqları üçün məsuliyyətli davranmaq, ağıllı və yaradıcı həmlələr etmək məcburiyyəti və borcu var!!! Əsasən Rus impeyal zihniyətinin vasitəçilərinin qazına gələrək Anadoluda deyildiyi kimi "kavgada bile söylenmeyecek sözlerle" xalqı və dövləti uçuruma aparacaq yanaşma göstərmək vəya ona dəstək vermək, sonra fəlakət sırasında oturub ağlaşma qurmağın heç birimizə xeyri yoxdur.
Çox daha mühüm bir məqam daha var. Həm Suriyə, həm də Ukrayna məsələləri, elə hazırda aktual olan Əfqanıstan məsələsi də göstərdi ki, cəmiyyət öz inkişaf yolunu uzlaşaraq və demokratik formada seçməsə xarici amillərin müdaxiləsi ilə ölkənin bütünü vəya bir hissəsini itirir!!! Heç o güvəndiyi Qərb də həlledici anda yeterli köməyi verə bilmir. (Bu barədə Saakaşvilinin Gordona verdiyi müsahibəni izləməkdə fayda var.) Eyni şeyi İran və Rusiyaya güvənən Suriyə rejimi, vəya xarici güclərin mübarizə meydanı olan İraq və Liviya üçün də demək olar!!!
3. Yeni geosiyasi proseslərin yaratdığı mənzərə Türkiyə ilə Rusiyanın qarşı cəbhələrdə durub sərt rəqabət etmək yerinə, Suriyə və Qarabağda olduğu kimi yeni əməkdaşlıq nümunələri ortaya qoyduğunu və sərt rəqabəti də yumuşaq rəqabətə çevirdiyini göstərir.Çox böyük rəqabət və müharibə ənənəsinə baxmayaraq həm Ankara, həm də Moskvadaki strateji yanaşma əməkdaşlığı gücləndirməyə və ziddiyyətləri həll etməyə və bunun üçün yeni formatlar tapmağa köklənib. Qlobal, regional, iki tərəfli və daxili dinamiklərin güclü formada təşviq etdiyi bu proses ənənəvi rəqabət sahələrində belə mümkün qədər yumuşaq yanaşmanı zəruri edir. Önümüzdəki dövrdə Əfqanıstan məsələsi də Türkiyə-Rusiya--Mərkəzi Asya-Pakistan əməkdaşlığını gündəmə gətirəcək. Əfqanıstanla əlaqə baxımından son 20 ildə oynadığı lojistik önemi, keçmiş tarixi mirası, Pakistan amilini, Çin amilinin gücü və İran üzərindən gələn yeni məcburi köçkün dalğasının ən kritik adreslərindən biri ola biləcəyini nəzərə alsaq bu əməkdaşlıq prosesinə Azərbaycanın da qoşulması çox yüksək ehtimaldır. Bu qeyd edilənlər nəzərə alındığında Azərbaycan baxımından ənənəvi və geniş miqyaslı sərt Türkiyə-Rusiya rəqabətindən faydalanmaq fürsəti keçmişdə qalıb. Müstəqilliyimizi qorumaq, ərazi bütövlüyümüzü tam təmin etmək və xalqımıza rifah təmini üçün yeni duruma uyğun reaksiyalar inkişaf etdirmək lazımdır. Bu çərçivədə bir yandan tarixi təcrübəni unutmamaq, amma bunun yenidən baş verməməsi üçün mövcud reallıqlara uyğun yaradıcı modellər ortaya qoymaq lazımdır.
Nazim Cəfərsoy
Siyasi elmlər fəlsəfə doktoru, QAFSAM-ın sədr müavini