Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarğıdalı bitkisinə ziyan vuran əsas xəstəliklər HANSILARDIR?



Newscenter.az.18.08.2021. Qarğıdalı (Zea mays L.) taxıllar (Graminea) fəsiləsinə aid olan birillik dənli bitkidir. Qarğıdalı bitkisi əsasən Meksikada məşhur olsa da, onun vətəni Mərkəzi və Cənubi Amerika hesab edilir. Əvvəllər ondan bəzək bitkisi kimi istifadə edilsə də, çox keçmədən qiymətli ərzaq və yem bitkisi olaraq geniş becərilməyə başlanılıb.

Qarğıdalı istiliksevən bitki kimi dünyanın əksər ölkələrində becərilir. Dünyada dənli bitkilər arasında buğdadan sonra ən çox yetişdirilən ikinci bitki hesab olunur. Bu bitki çoxşaxəli istifadəyə və yüksək məhsuldarlığa malik olmaqla, mühüm dən və yem bitkisidir. Dünya ölkələrində qarğıdalının 20 %-i ərzaqlıq, 15-20 %-i texniki məqsədlər üçün, təxminən 60-65 %-i isə yem kimi istifadə edilir. Aparılan tədqiqatlara görə, 2025-ci il üçün qarğıdalı dünya üzrə ən yüksək məhsuldarlığa malik dənli bitkilərdən olacaqdır. Həmçinin 2050-ci ilədək inkişaf etməkdə olan ölkələrdə qarğıdalıya tələbat ikiqat artacaqdır. Lakin yüksək məhsul əldə etmək üçün qarğıdalı bitkisinin əkini və becərilməsi zamanı bir sıra diqqət edilməli məqamlar var. Xüsusilə də düzgün aqrotexniki qulluq tədbirlərinin və zərərli orqanizmlərə qarşı mütərəqqi mübarizə metodlarının tətbiq olunması ilə hektardan 80-90 sentnerə yaxın məhsul əldə etmək mümkündür.

Ölkəmiz qarğıdalı bitkisinin becərilməsi üçün əlverişli torpaq-iqlim şəraitinə malikdir. Xüsusilə də günəş-enerji balansı bir ildə eyni sahədən iki dəfə məhsul alınmasına imkan verir. Bu baxımdan qarğıdalı təkrar əkin üçün mühüm bitki sayılır. Yüksək məhsuldarlığı və keyfiyyəti təmin etmək üçün sağlam əkin materialının seçilməsi, bitkiyə lazımi aqrotexniki qulluq göstərilməsi zəruri amillərdəndir. Qarğıdalı sahələrində aqrotexniki tədbirlərin düzgün və vaxtında aparılması xəstəlik, zərərverici və alaqlara qarşı bitkini effektiv mühafizə etməyə də imkan yaradır. Bir sıra bakterial və göbələk mənşəli xəstəliklər vardır ki, qarğıdalı bitkisinin inkişafını zəiflədir, ciddi məhsul itkisinə səbəb olur:

• Qarğıdalı yarpağının ləkəliliyi (Cochliobolus carbonum R.R. Nelson, 1959)

Cochliobolus carbonum göbələyinin morfoloji cəhətdən müxtəlif olan üç rası məlumdur. Göbələk tünd, qalın mitseliyə malik olub, konidiləri düz və ya əyri, şişkin, 16-80 x 14-16 mkm ölçülüdür. Göbələyin əmələ gətirdiyi simptomlar raslara görə fərqlidir. Yarpaqlarda bitkinin genotipindən asılı olaraq açıq-yaşıldan bozumtul-qəhvəyi və ya tünd-qəhvəyi rəngə qədər dairəvi, oval, bəzən xətli, 2-25 sm-ə qədər diametrli ləkələr formalaşır.
I rasın əlamətləri: Yarpaqlarda ilkin olaraq açıq-yaşıl, sonradan samanı-sarı rəngli, dairəvi və ya oval, 1.2 x 2.5 sm diametrli ləkələr əmələ gəlir.
II rasın əlamətləri: Yarpaqlarda 0.5 x 2.5 sm diametrli, tünd-qəhvəyi dairəvi ləkələr əmələ gətirir. Ləkələrin ölçüsü 3 x 20 sm-ə qədər böyüyə bilir.
III rasın əlamətləri: Yarpaqlarda 0.5-2 sm enində, 15-20 sm uzunluğunda nazik xətli simptomlar əmələ gətirir. Bitkinin genotipindən asılı olaraq xətlərin rəngi bozumtul-qəhvəyidən, tünd-qəhvəyi rəngə qədər dəyişir.

Göbələk xəstəliklə sirayətlənmiş bitki qalıqlarında, toxumlarda mitseli və xlamidospor formasında qışlayır. Konidilər külək və yağış vasitəsilə ilkin sirayətlənməni törədir. İkinci və sonrakı sirayətlənmənin əmələ gəlməsi üçün mülayim və rütubətli hava şəraiti lazımdır. Göbələyin yayılması üçün 260 C temperatur optimaldır. Göbələyin konidiləri külək vasitəsilə uzaq məsafələrə yayıla bilir.

Göbələk toxumlar vasitəsilə yayıldığından qarğıdalı becərilən bütün ölkələrdə vegetasiya dövründə fitosanitar monitorinqlər aparılmalıdır. Xəstəliyin yayıldığı ölkələrdə əkin üçün istifadə olunan qarğıdalı toxumlarında göbələyin mitseli və sporunun olması dəqiqləşdirilməlidir. Göbələyə qarşı davamlı sortlar becərilməli və sertifikatlı toxumlardan istifadə edilməlidir. Göbələyə qarşı davamsız sortların əkilməsi yüksək iqtisadi zərərlə müşahidə oluna bilər.

• Qarğıdalıda cənub helmintosporiozu (Cochliobolus heterostrophus Drechsler, 1934)

Cochliobolus heterostrophus göbələyinin 3 rası (T, C, O) müəyyən olunub. T və C rası qarğıdalı bitkisi üçün daha spesifikdir. O rası ilə adətən bitkinin yarpaqları yoluxur. Damarlar boyunca nazik, uzunsov, qəhvəyi və ya pasabənzər-qəhvəyi, bozumtul-qəhvəyi rəngli, tünd haşiyəli kiçik ləkələr əmələ gəlir. Ləkələrin ölçüsü 2-6 x 3-22 mm uzunluqda olur. T rası karantin obyekti kimi qeydə alınıb. T rası ilə qarğıdalı bitkisinin yarpaqları, yarpaq qını, qıça və dənləri yoluxur. Yoluxmuş dənlərin üzərini göbələyin boz-qəhvəyi rəngli mitselisi örtür. Belə dənlər qaralır, büzüşür və çürüyür. T rası ilə yoluxmuş cücərtilər 3-4 həftə sonra məhv olur.

Göbələyin yayılması və simptomların əmələ gəlməsi üçün 22-300 C temperatur və yüksək rütubətin olması lazımdır. Cochliobolus heterostrophus göbələyi ilə yoluxmuş bitki qalıqları və toxumlar xəstəliyin başlanmasına səbəb olur. Göbələk bitki qalıqlarında 2 il həyatilik qabiliyyətini saxlaya bilir. Vegetasiya müddətində göbələyin konidiləri külək və su damcıları vasitəsilə uzaq məsafələrə yayılır ki, bu da qarğıdalı əkinlərində əhəmiyyətli dərəcədə itkiyə səbəb olur.
Qarğıdalı toxumları idxal olunan zaman toxum nümunələri karantin yoxlamalara uyğun olaraq test edilməlidir. Alaq otları və bitki qalıqları məhv edilməli, növbəli əkin sistemi tətbiq olunmalı, xəstəliyə qarşı davamlı qarğıdalı sortları əkilməlidir. Toxumlar dezinfeksiya edilməli, uyğun fungisidlər tətbiq olunmalıdır.

• Qarğıdalıda diplodioz (Stenocarpella maydis (Berkeley) Sutton)

Stenocarpella maydis göbələyinin piknidiləri şarabənzər və ya dairəvi formalı, rəngi tünd-qəhvəyidən qaraya qədər dəyişkən olub, ölçüləri 150-300 mkm-dir. Konidiləri isə açıq-qəhvəyi rəngli, düz və ya əyilmiş formalı, ucları oval və ya kəsik, ölçüləri isə 5-8 x 15-34 mkm-dir.

Xəstəlik nəticəsində gövdənin özək hissəsi dağılır, lifli borular isə dəstə halında qalır. Yoluxmuş gövdələr güclü yağışlar və külək zamanı zəifləyir. Qıça oxunda dənlərarası məsafədə göbələyin ağ rəngli mitselisi inkişaf edir və bəzən qıçanın üzərini örtür. Mitseli üzərində göbələyin piknidləri formalaşır.
Göbələk əsasən soyuq və rütubətli şəraitdə inkişaf edir. Göbələyin konidiləri yüksək temperatur və günəş işığında həyat qabiliyyətini itirir. Xəstəlik bitkini istənilən inkişaf fazasında yoluxdura bilir. Bitkilər əsasən süd yetişmə fazasında xəstəliyə qarşı daha həssas olur. Dənlərin yoluxması saxlanma zamanı da davam edir. ABŞ-da göbələyin 24 ştammı müəyyən edilib ki, bu da göbələyin daha aqressivliyi, temperatura tələbatı və coğrafi mənşəyi ilə izah olunur.

Xəstəliyə yoluxmuş toxumlar səpin üçün yararsız hesab olunur. Zəif yoluxmuş qarğıdalı qıçaları saxlanma zamanı kiflənir. Göbələyin ifraz etdiyi toksin yemləmə zamanı heyvanlarda mikotoksikoza səbəb olur.

• Qarğıdalının bakterial solması (Pantoea stewartii subsp. Stewartii (Smith, 1898) Mergaert et al. (1993)

P.stewartii subsp hərəkətsiz, spor əmələ gətirməyən, qrammənfi çöplərdir. Patogenin inkişafı üçün optimal temperatur 27-300 C-dir. Xəstəlik əsasən yazda toxum və vektor həşəratlar vasitəsilə yayılır. Bu xəstəliyin simptomları qarğıdalı bitkisində özünü iki formada göstərir. Birinci halda cavan bitkilərdə yoluxma daha sürətlə baş verir. Bu zaman simptomların əlamətləri susuzluq, quraqlıq, qida maddələrinin çatışmazlığı kimi müşahidə olunur. Bakteriya bitkinin damar sistemində koloniyalar əmələ gətirir və oradan bitkiyə yayılır. Belə bitkilərdə qıçalar vaxtından əvvəl yetişir, bitki boyu isə qısa qalır. Gövdə eninə kəsildiyində sarımtıl bakterial axıntı müşahidə olunur. İkinci halda isə yarpaqlarda yanıqlıq şəklində simptomlar izlənilir. Bu simptomlar adətən qıçalar əmələ gəldikdən sonra yarpaqların səthində uzununa paralel zolaqlar şəklində görünür. Zolaqlar qeyri-müntəzəm olub, solğun yaşılımtıl-sarı rəng alır və qısa müddətdə qəhvəyiləşir. Əgər yoluxma halı artarsa, bütün yarpaqlarda quruma müşahidə olunur.

Xəstəlik toxumun ixrac edilməsinə mane olur. Həmçinin fitosanitar yoxlamalar üçün əlavə xərclər yaratmaqla toxum ticarətinə əsaslı təsir göstərdiyindən 50-dən çox ölkə xəstəliklə bağlı sertifikat tələb edir. Bu xəstəliyin yayılması ölkədə vektor böcəklərin olmasından asılıdır. Qeyd edək ki, vektor həşəratların sayında azalma dekabr, yanvar və fevral ayları soyuq keçdiyi halda müşahidə olunur. Bu həşəratlara qarşı uyğun insektisidlərin tətbiq edilməsi şərtdir. Toxumlar isə səpin öncəsi dərmanlanmalıdır.

Məqalə AQTİ-nin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin mütəxəssisləri Camal Quliyev, Səidə Zeynalova, Tərlan Qorçiyeva tərəfindən hazırlanıb.
Xəbəri paylaş