Newscenter.az.20.08.2021. "Rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Hər iki tərəf bir-birilərinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası prosesi də başlamalıdır. Ermənistan postmünaqişə dövründə pozucu fəaliyyətindən əl çəkməlidir. Kommunikasiyaların paralel açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bütün tərəflərin maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi, eyni zamanda Ermənistanın dəmir yolu ilə həm İran, həm də Rusiya ilə əlaqə yaratmasına imkan verəcək. Bu, Ermənistan üçün fürsətdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycan üçün yaranan imkanlara gəlincə, Zəngəzur dəhlizi BTQ-dan sonra ölkəmizlə Türkiyəni birləşdirəcək ikinci istiqamət olacaq:
"Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşməsi isə xüsusilə strateji əhəmiyyət kəsb edir. Eyni zamanda Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzurda avtomobil yolunun çəkilməsi də Azərbaycanın haqlı tələblərindən biridir. Dövlət başçımızın da söylədiyi kimi, Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm də avtomobil yolu olmalıdır. Ermənistan da dərk etməlidir ki, yeni nəqliyyat qovşağı bölgə ölkələri üçün də yeni fürsət olacaq. Bu baxımdan Azərbaycanın təşəbbüsü ilə Avrasiyanın yeni bir nəqliyyat layihəsinin reallaşması mümkün olacaq".
Deputat qeyd edib ki. hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır: "Bir neçə gün əvvəl Prezident İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı da bu ərazilərdə strateji əhəmiyyət kəsb edən infrastruktur layihələrinin təməli qoyuldu. Su elektrik stansiyasının tikintisi, Laçın rayonunda beynəlxalq hava limanının, iki tunelin təməlinin qoyulması, eləcə də digər infrastruktur layihələrinin icrası, yeni yolların çəkilişi təbii ki, bu bölgələrdə daha da möhkəmlənməyimizə imkan verəcək. Prezident İlham Əliyevin də söylədiyi kimi, qayıdış üçün bu gün bizə zaman lazımdır. 30 il ərzində ermənilərin viran qoyduğu, xarabalığa çevirdiyi ərazilərin bərpası təbii ki, vaxt tələb edən prosesdir. Müsbət məqam isə budur ki, həm Qarabağın, həm də Şərqi Zəngəzurun bərpası üçün Azərbaycan kifayət qədər maliyyə vəsaiti toplayıb. Əsas məqsəd qısa vaxtda vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmasını təmin etməkdir".
Ruhiyyə