Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Virusla mübarizədə maarifləndirmə işi həm çox zəifdir, həm də yanlış



Newscenter.az.24.08.2021. Koronavirus pandemiyasına olduğu kimi, onunla mübarizə prosesinə, konkret olaraq vaksinasiyaya da cəmiyyətimizdə inananlar və inanmayanlar var. Cəmiyyət olaraq demək olar ki, iki qütbə ayrılmışıq, vaksinə etibar edib peyvəndlənənlər və inanmayıb vaksin etdirməkdən imtina edənlər. Bu çox təhlükəli tendensiyadır və nəticələri ağır olacaq. Çünki, hər bir halda tərəflərdən biri haqlıdır və məntiqlə haqlı olmayan tərəfin yanlışının mənfi nəticələrinə elə cəmiyyət olaraq qatlaşmalıyıq. Bəs necə oldu ki, artıq iki ilə yaxın bir dövrdə biz cəmiyyətimizi tam olmasa da, mütləq çoxluq olaraq pandemiyaya və onunla mübarizəyə inandıra bilmədik? Niyə insanlar yaxınlarını və ətrafındakıları itirmələrinə rəğmən hələ də tam olaraq Covid-19 pandemiyasının ciddiliyinə inanmır və ya inanmaq istəmirlər?

Bu sual təkcə bizim ölkədə deyil, dünya ölkələrinin çoxunda aktualdır və hələ ki, tam olaraq cavabını tapmayıb. Ancaq hər bir cəmiyyətin buna inanmamasının həm ümumi, həm də spesifik əsasları var. Subyektiv fikrim ondan ibarətdir ki, bizdə insanlarımızda inamın formalaşmamasının əsas səbəblərindən biri ümumi olaraq ölkə üzrə maarifləndirmənin zəif olması ilə bağldır. Pandemiyanın yayılmasının ilk aylarında “Biz birlikdə güclüyük” şüarı ilə dövlət rəhbərliyinin operativ müdaxiləsi nəticəsində ciddi nailiyyətlər əldə olunsa da, ötən ilin yay aylarından məlum erməni təxribatları və 44 günlük müharibə səbəbindən bu iş sanki yarımçıq qaldı. Dövlətimizin iki cəbhədə müharibə aparması məlum olsa da, konkret olaraq koronavirusla bağlı mübarizə çərçivəsində insanlarımızın maarifləndirilməsnə məsul şəxslərin fəaliyyəti qeyri-qənaətbəxşlik istiqamətində irəlilədi. Məhz onun nəticəsidir ki, biz nəinki sadə vətəndaşlarımızı, hətta vaksinasiya prosesinə cəlb olunmuş həkimlərimizi və tibb işçilərimizi belə bu məsələdə tam inandıra bilməmişik. Buna görə də, vaksin bəzi hallarda virusla mübarizə prosesinə deyil, cinayət əməlinin predmetinə çevrilir.

Aparılan təbliğat isə, daha çox qadağaların artırılması və qaydaların sərtləşdirilməsi istiqamətində, atılan addımlar da müxtəlif məsuliyyət tədbirlərinin tətbiq edilməsi ilə bağlı oldu! Nəticəsi də bəllidir. İnsanlar bütün qadağalara və cəzalandırılmalara baxmayaraq yenə də tədbirləri keçirməkdə, qoyulan qadağaları pozmaqda və hətta hələ ki, pandemiyadan qurtulmağın yeganə yolu olan vaksindən müxtəlif yollarla yayınmağda davam edir. Deməli qadağalar və məsuliyyət tədbirlərinin artırılması və sərtləşdirilməsi doğru yol deyil. Bunu təkcə hazırki proses və onun nəticələri deyil, hüquq elmi və dünya təcrübəsi diktə edir. Dünyada ən ağır cəza institutlarının işlədiyi dövlətlərdə kriminogen durum ən pis vəziyyətdədir. Məhz elə buna görə idi ki, Prezidemt İlham Əliyevin şəxsi təşəbbüsü ilə son illərdə ölkə qanunlarında cinayətlərin dekriminallaşdırılması ilə bağlı ciddi dəyişikliklər edilməkdədir.
Pandemiya ilə mübarizə çərçivəsində təşkil edilmiş tədbirlərdə, xüsusilə də brifinqlərdə qadağalardan deyil, daha çox stimullaşdırıcı və təşviqedici fikirlərdən istifadə etmək daha doğru olardı zənnimcə. Eyni mənanı versə belə, təsiri və nəticəsi fərqli olacaq. Sözün və söylənilən fikrin fərqli təsirə və nəticəyə səbəb olması ilə bağlı bir ibrətamiz hekayəni də yada salmaq istərdim. Deyilənə görə qədim zamanlarda bir şah gecə çox qarışıq bir yuxu görür və qorxu içində oyanır. Dərhal yuxu yozanları çağırır və həmin yuxunu yozmalarını əmr edir. Birinci yuxu yozan deyir ki, şah sağ olsun siz bütün qohumlarınızı və yaxınlarınızı itirəcəksiniz və tək qalacaqsınız. Şah buna hirslənir və həmin şəxsin ağır cəzalandırılmasına göstəriş verir. Digər yuxu yozanı çağırırlar, o da görür ki, həmin yuxunun mənası əvvəlki şəxsin dediyi kimidir, ancaq elə cavab versə cəzalanacaq. Düşünür və şaha deyir ki, şah sağ olsun, bu yuxunun mənasına görə Allah sizə qohumlarınızın, sevdiklərinizin və yaxınlarınızın arasında ən çox ömür bəxş etdiyinə işarə vurur. Siz ətrafınızdakıların hamısından çox yaşayacaqsınız. Bu izah şaha xoş gəlir və onu mükafatlandırır. Məzmun olaraq eyni fikri, sadəcə fərqli şəkildə ifadə edənlərdən biri ağır cəza, digəri isə yüksək mükafat alır. Çünki, hər bir sözün deyilişi və fikrin səsləndirilməsi üsulu onun nəticələrinə çox fərqli təsir göstərə bilər. Ona görə də, insanlara vaksin olunmayanların buraxılmayacağı müəssisələrin adlarının və qanunsuz girəcəkləri halda cəlb olunacaqları məsuliyyət tədbirlərinin sayılması yerinə, vaksin olunan insanların üstünlüklərinin saylması daha yaxşı olar və digərlərini də bu istiqamətdə stimullaşdıracaq.

O ki, qaldı insanlarımızın və cəmiyyətimizin vaksinə inanmamamalrı məsələsinə, burda da çox ciddi bir yanlış var. Cəmiyyətimiz bilməli və qəbul etməlidir ki, hazırda bu virusla mübarizə üçün tibb elminə vaksindən başqa daha optimal üsul və yol yoxdur! İnsanlarımız düşünüb anlamalıdırlar ki, insanları zombiləşdirmək və sayını azaltmaq üçün dünyadakı bəzi quvvələrə bu qədər məsrəflər etmək və idarə etdikləri iqtisadiyyatı bu həcmdə məhrumiyyətlərə məruz qoymağa zərurət yoxdur. Bunun daha asan və ucuz yolları var. Vaksin olunmuş şəxslərin belə yoluxması və hətta ölməsi də normal qəbul olunmalı və uşaqkən olduğumuz peyvəndlərin qoruduğu xəstəliklərə də yoluxanların və onlardan ölənlərin olması halı nəzərə alınmalıdır. Maraqlısı odur ki, dövlətin pulsuz təmin etdiyi vaksindən imtina edən insanlarımızın böyük əksəriyyəti sabah Qazaxın və ya Astaranın ucqar bir kəndində üfürdüyü suyu içirtməklə virusdan qoruyacağını iddia edəcək bir Şeyx Nəsrullaha bütün varlığı ilə inananacaq. Hələ buna maddi vəsaitlərini də sərf edəcək. Bax bunun adı cahillik və savadsızlıqdır ki, yaşadığımız əsrdə bunu səhv deyil, cinayət adlandırmaq lazımdır. Vaksinin bir neçə ildən sonra insan orqanizmində ciddi fəsadlar törədəcəyi ilə bağlı nağıllara görə narahat olmaqdan daha çox, hazırda itirə biləcəyimiz yaxınlarımıza görə narahat olmalıyıq. Daha əvvəl yaxınlarını və sevdiklərini bu virusdan itirən şəxslərin onların geri qayıtması üçün hər şeyə, hətta min dəfə vaksin olunmağa hazır olduqlarını gözlərinin önünə gətirsinlər.

Bəzi hallarda isə, vaksin olunmağı hər bir şəxsin hüququ hesab edib bunda məcburiyyətin yolverilməzliyini iddia edənlər də var. Bəli, bu könüllüdür və bir hüquqdur ki, hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycanda da insanlarımzın hüquqları var. Ancaq mənim vaksin olunmaq hüququmla yanaşı, hüquqlarımın sərhəddi və vəzifəm də var. On milyonluq ölkəmizdə mənim hüquqlarımın sərhəddi qalan insanlarımızın hüquqlarının başlandığı yerdə bitir. Nəzərə alsaq ki, bu virus ümumölkə deyil, ümumbəşəri bəladır, vəziyyətin ciddiliyi daha da artır. Vaksin olunmağım təkcə məni deyil, həm də ətrafımdakıları və bütün insanlarımızı qoruduğu kimi, olunmamağım da, özümlə yanaşı bütün təmasda ola biləcəyim insanları təhlükə ilə üz-üzə qoyur. Ona görə də, gəlin hələ ki, bu virusla mübarizə üsulu kimi ən optimal üsul olan vaksinasiya prosesində könüllü olaraq iştirak etməklə Covid-19 virusuna yox deyək! Biz birlikdə güclüyük!

Xəyal Bəşirov,
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri
Xəbəri paylaş