Newscenter.az.14.09.2021. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin iradəsi ilə reallaşdırılan islahatların nəticəsi olaraq iqtidar-müxalifət ünsiyyəti, siyasi dialoq mühiti formalaşıb. 60 yaxın siyasi partiyadan 50-yə qədəri siyasi dialoq prosesində iştirak edir, siyasi və ictimai sahədə reformaların dərinləşdirilməsi ilə əlaqədar fikir və təkliflərini irəli sürürlər. Xüsusilə də, son müddət ərzində, “Siyasi partiyalar haqqında” qanunda, QHT-lərin fəaliyyətinə dair qanunvericilikdə dəyişikliklərin edilməsi, yeniliklərin tətbiq olunması müzakirə edilməkdədir. Yəni, hakimiyyət tərəfindən elə azad və demokratik ortam formalaşdırılıb ki, siyasi partiyalar sərbəst şəkildə qanun yaradıcılığı prosesində iştirak edirlər. Əlbəttə ki, bu, parlaq Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda siyasi sahədə formalaşmış ən böyük dəyərdir. Hətta, partiyalar da qəbul edirlər ki, indiki şəraitdə siyasi dialoq həm də bir milli birlikdir, siyasi bütövlükdür. Ona görə də, REAL da, Ümid də, ADP də və digər 50-dək siyasi partiya cəmiyyətimizin daha da demokratikləşməsi naminə həvəslə çalışmaqdadır.
Lakin çox təəssüflər olsun ki, hazırda siyasi dialoq prosesinə mane olmaq, xələl gətirmək istəyənlər də az deyil. Ali Karimli (Əli Kərimli)nin başçılıq etdiyi AXCP, Arif Hacılının başqanı olduğu Müsavat kimi partiyalar, qondarma professor Cəmil Həsənlinin başında durduğu “Milli Şura” adlı feyk təşkilat, xarici donor təşkilatlarının siyasi əlaqələndiricisi Xədicə İsmayıl, “siyasi məhbus” kontorunun rəhbəri Leyla Yunus Azərbaycanda siyasi dialoq prosesinə mane olmağa çalışanların maşalarıdır. Sual olunur ki, illərdir demokratiya, insan hüquqları, azad seçki, söz və mətbuat azadlığı deyən bu anti-milli qrup niyə siyasi dialoq prosesinə qoşulmur, əksinə xələl gətirməyə çalışır? Axı, bu siyasi dialoq özü həm də demokratik dəyər, insan hüquqları, ifadə azadlığı demək deyilmi? Hakimiyyətin siyasi iradəsi ondan ibarət deyilmi ki, müxtəlif ideologiyaların daşıyıcısı olan partiyalar daha mükəmməl siyasi sistem yaradıcılığı işində aktiv olsunlar? Bəs, o zaman niyə AXCP və Müsavat inkarçı mövqedə durur? Bəlkə, Əli Kərimlinin, Arif Hacılının düşüncəsinə görə müxalifətçilik ancaq inkar etmək, ləkələmək, xələl gətirməkdir? Axı, niyə bir zamanlar "İlqar Məmmədova azadlıq” deyib mitinq, aksiya təşkil edənlər indi REAL-ı da, İlqar Məmmədovu da təhqir edir? Necə olar bilər ki, müxalifət düşərgəsində “kəndli-kral” söhbəti ortaya çıxır və Əli Kərimlisi, Arif Hacılısı iddia edir ki, olar İlqar Məmmədovdan 2 dəfə çox müxalifdir?
Bir halda ki, ölkənin 50-dək partiyası siyasi dialoq prosesində iştirak edirsə, demək ki, bu, perspektiv inkişafın daha doğru yoludur. Əgər AXCP və Müsavat inkarçı mövqedə durursa, demək ki, bu, onların qrup maraqlarından irəli gəlir. Məhz, cəbhəçi trolların sosial şəbəkələrdə, Ganimat Zayidovun, Sevinc Osmanqizinın youtube kanallarında siyasi dialoq əleyhinə təbliğat aparması, bu prosesdə iştirak edənlərin təhqir olunması, “siyasi dialoq” ifadəsinin belə küçə sözləri ilə təqdim edilməsi onların dövlətin və xalqın milli maraqlarına düşmənçilik mövqeyini nümayiş etdirmirmi? Necə ola bilər ki, özünü “milli qüvvə”, “demokratik qüvvə” adlandıranlar siyasi dialoq prosesində iştirakdan imtina etsin? Bəlkə, elə ancaq inkarçılıq mövqeyi AXCP, Müsavat, Milli Şura kimi qurumların fəaliyyətinin stimuludur? Yoxsa, siyasi dialoq Əli Kərimli, Arif Hacılı kimilərin siyasi karyerasının sonunu gətirə bilər? Bəlkə ehtiyatlanırlar ki, siyasi dialoq qondarma “siyasi məhbus” məsələsinin üzərindən birdəfəlik xətt çəkə, Əli Kərimli, Arif Hacılı, Leyla Yunus kimilərin bazarını məhv edə bilər? Bəlkə qorxurlar ki, daha insan hüquqları, demokratiya, söz və mətbuat azadlığı adı ilə çırpışdırılan qrantlar əldən çıxar?
Hər bir halda siyasi dialoq prosesi milli məsələdir və partiyaların bu tendensiyada iştirakı da milli inkişafa xidmət edir. Əgər hansısa qüvvələr bu prosesə qoşulmursa, üstəlik ləkələmə, xələlgətirmə işi ilə məşğuldursa, demək ki, onlar üçün milli yox, şəxsi maraqlar daha vacibdir. Əli Kərimli, Arif Hacılı kimilərin tutduğu mövqe də sübut edir ki, onlar milli, yaxud demokratik deyil, məhz radikal, dağıdıcı, marginal qruplardır...
Ramil Vəlibəyov-Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri