Newscenter.az.11.10.2021. Vətən müharibəsindəki möhtəşəm Qələbəmiz bizi bir xalq, bir ölkə olaraq yenilədi, dəyişdi. İndi bizdən bütün məsələlərə yeni yanaşma, yeni baxış tərzi tələb olunur. Cəmiyyətimizdə yeni münasibətlər sistemi formalaşır. Eləcə də dövlətçilik tariximizdə xüsusi yer tutan tarixi günlərin məzmununa və qeyd edilməsinə münasibətimiz də dəyişməlidir. O cümlədən müstəqilliyimizlə bağlı bayramlara yanaşmamız və münasibətimiz tarixi həqiqətlərlə və varislik fəlsəfəsi ilə tam uyğunluq təşkil etməlidir. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq ərazi bütövlüyümüzün bərpa olunması, müharibədən sonra Azərbaycanın dünyada nüfuzunun daha da artması, bölgədəki proseslərə həlledici təsir gücünə malik olmağımız ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı tarixi məsələlərə və rəmzi hadisələrə yenidən baxmağı, sistemli və kompleks yanaşmanı zəruri edir.
Tarixi Zəfərimizin birinci ildönümü ərəfəsində 18 oktyabr Dövlət Müstəqilliyimizin bərpasının 30 illiyini də təntənə ilə keçirmək imkanımız yaranıb. 1991-ci ildən üzü bəri, yəni ki, son 30 ildə ilk dəfədir ki, bu tarixi günü xalqımız qürur hissi ilə, inamla qeyd edəcək. Müstəqilliyimizin bərpası kimi önəmli bir hadisəni qalib xalq kimi qeyd etmək həqiqətən də bir ayrıcalıqdır. Məhz bu baxımdan yaxın günlərdə Milli Məclisin plenar iclasında Azərbaycanın iki dövlət bayramının – Respublika Günü və Müstəqillik Günü bayramlarının adının dəyişdirilməsi ilə bağlı layihənin müzakirəyə çıxarılacağı barədə xəbəri təqdirəlayiq təşəbbüs kimi qarşıladım.
Belə ki, layihəyə əsasən, bugünədək qeyd etdiyimiz 28 May Republika gününün 28 may Müstəqillik günü, eləcə də 18 oktyabr tarixinin Müstəqilliyin Bərpası Günü adlanmdırılması təklif edilir. Bu təklif ilk növbədə yeni dövrün, yeni reallıqların ortaya çıxardığı yeni vəzifələrdən və daha böyük hədəflərdən qaynaqlanır. Sözügedən təkliflə əlaqədar bəzi qanunlarda ediləcək düzəlişlər ilk baxışdan kiçik və texniki xarakterli görünsə də, lakin əsl həqiqətdə isə bunlar çox böyük tarixi əhəmiyyəti olan düzəlişlərdir və son 103 illik dönəmdə tariximizə qızıl hərflərlə yazılmış taleyüklü hadisələrə daha düzgün münasibətimizin formalaşdırılmasına, həmin hadisələrin, həmin tarixi günlərin hər birinə qoyulan rəsmi adların həm tarixi həqiqətləri düzgün əks etdirməsinə, həm də hüquqi məntiqə uyğun gəlməsinə xidmət edir.
Bəli, Respublika Günü bayramının adının dəyişdirilməsinə, eləcə də 18 Oktyabr Müstəqillik Gününün də adında dəyişiklik edilməsinə əslində çox ciddi surətdə ehtiyac var. 28 May Gününü Respublika Günü kimi yox, Müstəqillik Günü kimi qeyd etmək, 18 Oktyabrı isə Müstəqilliyin Bərpası Günü kimi təsbit etmək həqiqətən də daha məntiqli və daha düzgündür. Çünki 1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu ilə biz müstəqil olmamışıq, müstəqilliyimizi yenidən bərpa etmişik. Söhbət 1918-1920-ci illərdə mövcud olmuş və bolşeviklər tərəfindən devrilmiş müstəqilliyimizin bərpasından gedir.
Hər kəsə məlumdur ki, 1991-ci ilin 18 oktyabrında qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə fəaliyyət göstərmiş müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib. Deməli, müstəqilliyimiz də 18 oktyabr 1991-ci ildən yox, 1918-ci ilin mayın 28-dən başlayır və ona görə də bu iki hadisənin biri Müstəqillik Günü, digəri isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməlidir. Bu baxımdan, mən sözügedən təklifi tamamilə doğru hesab edirəm və təklif müəlliflərinə də öz təşəkkürümü bildirirəm.
Milli Məclisdə qəbul olunacaq sözügedən qanun layihəsi bu iki mühüm tarixi hadisəyə və milli bayramlarımıza münasibətdə boşluq və ziddiyyətlərin aradan qaldırılmasına xidmət edir. Dövlət hüququndan, konstitusiya hüququndan az-çox başı çıxanlar bilir ki, əslində bu düzəlişlər Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir Azərbaycan Respublikası arasında hüquqi-siyasi varisliyin daha dəqiq və aydın şəkildə ifadə olunmasına imkan verir. Biz hazırkı tarixi məqamda daha qlobal düşünməyə və gələcək ümummilli hədəflərimiz üçün əlverişli zəmin yaratmağa çalışmalıyıq.
Hətta tarixçi olmayan şəxslər də anlayır ki, 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktını önə çıxarır. Bu isə öz növbəsində, İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan Respublikasının 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə isə bu, azərbaycanlıların öz tarixi torpaqlarına, o cümlədən Zəngəzura da dinc yolla qayıdışı üçün əsasları daha da gücləndirə bilər.
Mən əminəm ki, bu dəyişikliklər yaxın perspektivdə Qərbi Azərbaycandan olan həmvətənlərimizin tarixi torpaqlarımıza - İrəvana, Zəngəzura, Göyçəyə, Amasiyaya və digər ərazilərə dinc yolla qayıdışı prosesini şərtləndirəcək. Odur ki, bu dəyişikliklərə siyasi konyukturanın tələbi kimi yox, zamanın ehtiyacı və tarixi zərurət kimi yanaşmaq lazımdır. Qlobal yanaşma da bax budur.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri