Newscenter.az.12.10.2021. Bu günlərdə 60 illik yubileyini qeyd edən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük təsisat kimi qlobal təşəbbüslərin reallaşdırılması və problemlərin həllinə töhfə verilən platforma kimi diqqət mərkəzindədir. Xüsusilə də, Azərbaycanın sədrlik etdiyi müddətdə Hərəkat daha da fəallaşıb, xüsusilə də pandemiya dönəmində qlobal çağırışlara cavab verən addımlar atıb. Azərbaycanın sədrliyi dövründə ölkəmiz Hərəkatın beynəlxalq müstəvidə daha da güclənməsinə töhfələr verib, onun digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm addımlar atıb. Heç şübhəsiz ki, Qoşulmama Hərəkatına sədrlik Azərbaycana da bir sıra siyasi və diplomatik üstünlüklər gətirib.
Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı tamhüquqlu üzv olub. Azərbaycan Qoşulmama Hərəkatına 2019-2022-ci illər üzrə sədrliyi uğurla həyata keçirir. 2021-ci ildə Qoşulmama Hərəkatı üzvləri Azərbaycana müraciət edib və sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş ediblər. Azərbaycan isə öz növbəsində bu təklifi qəbul edib. Beləliklə də, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi 2023-cü ilə qədər uzadılıb. Əlbəttə ki, Hərəkat üzvləri tərəfindən Azərbaycanın sədrliyinin bir il uzadılmasına dair qərarın verilməsi təsadüfi deyildi və bu Qoşulmama Hərəkatı üzvlərinin ölkəmizə olan etimadının, inamının növbəti təzahürü idi. Eyni zamanda, bu qərar Qoşulmama Hərəkatı üzvləri tərəfindən Prezident İlham Əliyevin qlobal liderlik səylərinə Azərbaycanın ədalətə, beynəlxalq hüquqa və multilateralizmə əsaslanan sədrliyinə verilən obyektiv və yüksək qiymət idi. Eləcə də Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il uzadılması barədə qərarı həm də Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi və onun şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsi oldu. Azərbaycan da öz növbəsində QH ölkələrinin bu etimadını yüksək qiymətləndir və QH-yə sədrliyi uğurla davam edir.
Pandemiyanın törətdiyi fəsadlara baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatı üzvlərinin legitim maraqlarını, eyni zamanda beynəlxalq hüquq və ədaləti müdafiə edir, vəziyyətə çevik və adekvat reaksiya verərək sədrliyini müvəffəqiyyətlə həyata keçirir. Azərbaycanın Hərəkata sədrliyi dövründə Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşü, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirildi. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində COVİD-19 ilə bağlı xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət etməsi beynəlxalq aləmdə olduqca yüksək qiymətləndirilən bir təşəbbüsə çevirildi. BMT-nin 150-dən çox üzv dövləti Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəklədi. Bu, hər şeydən əvvəl Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rol və Prezident İlham Əliyevin lider kimi şəxsi nüfuzu ilə əlaqəli məsələ idi. Eləcə də II Dünya müharibəsindən sonra müasir dövrümüzün ən böyük qlobal təhdidi hesab olunan Covid-19 pandemiyasına qarşı dünya miqyasında mübarizənin təmin edilməsi məhz Prezident İlham Əliyevin təşəbbüsü sayəsində mümkün oldu. Bununla, Azərbaycan belə önəmli mövzuda qlobal liderliyi öz üzərinə götürdü. Bu isə Azərbaycanın “orta güc” olduğunu sübut etdi. Bu bir daha nümayiş etdirdi ki, ərazisi və əhalisi çox böyük olmayan ölkə qlobal səviyyədə necə nəhəng işlər görə bilər.
2020-ci il ildə Azərbaycan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi zəfər qazandı. BMT Baş Assambleyasının Xüsusi Sessiyanın keçirilməsi Azərbaycan Prezidentinin 2020-ci ildə imza atdığı növbəti möhtəşəm qələbə oldu. Təsadüfi deyil ki, Xüsusi Sessiyanın keçirilməsinə qarşı çıxmış yeganə ölkə Ermənistan oldu. Bütün dünyanın marağına xidmət edən bir təşəbbüsə qarşı çıxmaqla Ermənistan nəinki bir daha məğlub oldu, həmçinin beynəlxalq səviyyədə özünü rəzil etdi.
Prezident İlham Əliyev Hərəkatın gələcək fəaliyyəti ilə də bağlı bir sıra təşəbbüslərlə çıxış edib. Elə Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı Prezident İlham Əliyev çıxışında pandemiyadan sonrakı dövr üçün Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatının yüksək səviyyəli görüşünün təşkil edilməsi, Qoşulmama Hərəkatının COVID-19-dan sonra daha yaxşı bərpa üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlayacaq COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli BMT Panelinin yaradılması, təsisatlanma ideyası ilə bağlı məsləhətləşmələrin keçirilməsi, üzvlərin parlamentariləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, gənclər şəbəkəsinin formalaşdırılması və s. haqqında təkliflərlə çıxış edib. Bütün bu təşəbbüslər isə heç şübhəsiz ki, Qoşulmama Hərəkatının nüfuzunun daha da artırılmasına, üzv ölkələr arasındakı münasibətlərin daha da dərinləşməsinə xidmət edir.
Sədaqət Vəliyva-Milli Məclisin deputatı