Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaxda qadın fermerlərin iştirakı ilə Beynəlxalq Kənd Qadınları Günü qeyd edilib



Newscenter.az.13.10.2021. Bu həftə dünyada Beynəlxalq Kənd Qadınları Günü (15 Oktyabr) və Ümumünya Qida Günü (16 Oktyabr) qeyd olunur.

Newscenter.az xəbər verir ki, Azərbaycanda qlobal maarifləndirmə kampaniyası çərçivəsində qadın fermerlərə, sahibkarlara və qadın liderlərə onların dayanıqlı kənd təsərrüfatı və qida təhlükəsizliyi sistemlərinin yaradılması üçün bərabər şərtlərlə töhfə verə bilmələri və bu fəaliyyətlərinə diqqəti cəlb etmək üçün bir sıra tədbirlər həyata keçirilir.

Oktyabrın 13-də Azərbaycanın şimalında yerləşən Qax şəhərində “Kənd qadınlarının COVID-19-un təsirlərinə qarşı dayanıqlılığını gücləndirilməsi” mövzusunda ilk tədbir keçirilib. Tədbir, COVİD-19 pandemiyasına qarşı mübarizədə xüsusən də kənd təsərrüfatı sistemlərinin gücləndirilməsində qadınların rolunu vurğulamaq, habelə hökumətin kənd yerlərində qadınların səlahiyyətləndirilməsi üçün verdiyi dəstək və beynəlxalq təşəbbüsləri öyrənmək üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirib.

Tədbirlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), və Azərbaycan Kənd Qadınları Assosasiyası ilə sıx əməkdaşlıq şəraitində təşkil olunur.

Əsasən iki böyük layihələrdən - FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının (FATP) "Qadınların iqtisadi güclərinin artırılması" layihəsi və USAID Özəl Sektorun İnkişafı Layihəsinin "Assosiasiyalarda Qadınlar" komponenti - çərçivəsində faydalanan 60-a yaxın iştirakçı və Kənd Qadınları Assosasiyası üzvləri tədbirdə iştirak etdilər.

“Bu gün biz gender bərabərliyinə rəhbərlik edən, qadınların dayanıqlılığını gücləndirməkdə və daha inklüziv bir cəmiyyət qurmaq üçün səy göstərən bütün kənd qadınlara öz təşəkkürümüzü bildiririk. Qadınların aparıcı səlahiyyətlərə yiyələnməsi xüsusilə onların ev təsərrüfatında və kənd təsərrüfatında çalışdıqları, torpaq, maliyyə, təlim və avadanlıqlar da daxil olmaqla kişilərdən daha az resurs və xidmətə çıxış əldə etdikləri kənd yerlərində olduqca vacib məsələdir. Biz inanırıq ki, kənd yerlərində qadınların iqtisadi cəhətdən gücləndirilməsi daha ədalətli bir gələcəyi formalaşdıracaq, COVID-19 pandemiyasından uğurlu çıxışa və davamlı inkişafına möhkəm əsaslar yaradacaq",- FATP-ın İdarəetmə mütəxəssisi Namiq Məmmədov açılış nitqində vurğulayıb.

USAID Özəl Sektorun İnkişafı (PSA) Layihəsinin rəhbəri Devid Blad qeyd etdi: “Bizim birgə fəaliyyətimizdə əsas diqqət iqtisadiyyatda qadın prioritetlərinin dəstəklənməsinə və Azərbaycanın kənd təsərrüfatı sektorunda qadın sahibkarlar və rəhbərlər üçün daha əlverişli biznes mühitinin təbliğ olunmasına yönəldilir. Məqsədimiz ölkənin aqrar sahibkarlığında qadınların rolunu gücləndirməklə onlar üçün iqtisadi imkanları artırmaqdan ibarətdir.”

Tədbirin davamında kənd qadınlarının sahibkarlıq fəaliyyətində iştirakını təmin etmək və bacarıqlarını gücləndirmək üçün inkişaf proqramları və layihələrin təsirlərini həmçinin imkanları araşdırmaq üçün "Qadınların inkişaf prosesində iştirakı" mövzusunda dəyirmi masa müzakirələri təşkil edildi.

AKİA-nın sədr müavini,Leyla Məmmədova, öz çıxışında fermer qadınlara hökümət tərəfindən göstərilən qayğı və dəstəyi vurğulayaraq bildirib: ”Kiçik və orta biznes sahiblərinə hökümət tərəfindən verilən subsidiya və güzəştlərlə yanaşı müxtəlif dəstək alətləri və proqramları da mövcüddur. Eyni zamanda beynəlxalq təşkilatlarla sıx əməkdaşlığımız, xüsusilə qadin sahibkarlarların öz biznes ideyalarını həyata keçirərək iqtisadi cəhətdən güclü olmalarında və öz sözlərini cəmiyyətdə çatdırmaları üçün xüsusi əhəmiyyət daşıyır. Ümid edirik ki, hər bir işgüzar xanım öz təsərrüfatlarını genişləndirmək üçün bu layihələrdən bəhrələnəcək həmçinin gələcəkdə öz ətrafınızdakı hətta digər rayonlardakı kənd qadınlarına nümünə olaraq onların da sahibkarlıq fəaliyyətinə qoşulmasında mühim rol oynayacaq.”

Tədbir çərçivəsində kiçik məhsul yarmarkası təşkil olundu. Kənd təsərrüfatı məhsulları ilə məşğul olan qadın sahibkarlar yarmarkada məhsullarını iştirakçılar və qonaqlara təqdim etdilər.

Tədbirin sonunda, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı "Qadınların iqtisadi güclərinin artırılması" layihəsi çərçivəsində yaradılan Balakən, Zaqatala, Qax, Şamaxı, İsmayıllı və Şəkidən olan 9 qadın qrupuna məlumat əldə etmək və bazara çıxışa dəstək olacaq avadanlıqlar (noutbuklar, printerlər və modemlər) təqdim olundu. Bu addımla onların təsərrüfatlarında məhsuldarlılığın artırılması, gəlirlərinin artırılması və azad bazara çıxışlarının təmin olunması hədəflənir. FAO olaraq “Qadınların iqtisadi gücünün artırılması” layihəsi çərçivəsində 12 rayonda 270-dən çox aqrar fəaliyyətlə məşğul olan qadınların kənd təsərrüfatına dair məlumatlara, biliyə, maliyyə resurslarına, emal vasitələrinə və bazarlara çıxış imkanlarına dəstək veririk.

Sevinc
Xəbəri paylaş