Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zaman Azərbaycanın xeyrinə işləyir

Zaman Azərbaycanın xeyrinə işləyir


Newscenter.az.14.10.2021. Zaman Azərbaycanın xeyrinə işləyir. Ötən il 44 günlük müharibə nəticəsində Ermənistanın işğalçı siyasətinə son qoyan və öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan döyüş meydanındakı qələbəsini siyasi-diplomatik müstəvilərdə də davam etdirməkdədir. Azərbaycan nüfuzlu beynəlxalq platformaların imkanlarından düzgün istifadə etməklə öz qələbəsini möhkəmləndirir, regional və beynəlxalq miqyaslı aktorlardan birinə çevrilir. BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təşkilat olan, 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatındakı (QH) lider mövqeyimiz də elə bu fikrimizin təsdiqidir.

Belə ki, bu günlərdə bu mötəbər təşkilatın yaradılmasının 60 illiyi bütün dünyada qeyd olunur. Sülh və ədalət prinsiplərinin təbliği, suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi çağırışların ehtiva olunduğu Bandunq prinsipləri əsasında fəaliyyət göstərən Qoşulmama Hərəkatı (QH) 1961-ci ildə Belqradda təsis edilib və elə o vaxtdan da bu Hərəkat qlobal sülhün və ədalətin təmin edilməsi sahəsində mühüm rol oynamaqdadır. Sülh, ədalət və həmrəylik kimi prinsiplər bu gün də müasir beynəlxalq münasibətlər üçün aktual və vacib olaraq qalır. Qoşulmama Hərəkatının bu yüksək ideallar naminə həyata keçirdiyi səylər indi əvvəlki dövrlərlə müqayisədə daha mühüm əhəmiyyət kəsb edir.

QH-nin yarandığı dövr bəşəriyyət tarixinin ən mürəkkəb, ziddiyyətli və təlatümlü dövrlərindən biri idi. Həmin vaxt bir yandan dünyada hərbi-siyasi blokların güclənməsi prosesi gedirdi və iki qütbün arasında cərəyan edən amansız “Soyuq müharibə” bütün bəşəriyyəti təhdid edirdi, digər yandan isə müstəmləkə altında yaşayan ölkələrdə milli-azadlıq hərəkatları baş qaldırır və nəticədə dünyada yenicə müstəqilliyinə qovuşmuş ölkələrin sayı artırdı. QH məhz belə bir mürəkkəb tarixi məqamda dünya siyasətinə qədəm basıb. Bu Hərəkat suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özü üçün prioritet seçdiyinə görə gənc müstəqil dövlətlər və keçmiş SSRİ ilə ABŞ arasındakı çəkişmələrdən kənarda qalmaq istəyən bütün ölkələr bu Hərəkatın sıralarında birləşdi. Ötən əsrin 60/70-ci illərində bu Hərəkat çox populyar idi. Beynəlxalq münasibətlərdə ədalət axtaran bütün ölkələr məhz Qoşulmama Hərəkatına üz tuturdular.

Lakin 90-cı illərdə SSRİ-nin çöküşü və blokların əhəmiyyətinin azalması QH-nın da fəaliyyətinə ciddi surətdə mənfi təsirini göstərdi. Hərəkat get-gedə öz aktuallığını və nüfuzunu itirir, eyni zamanda beynəlxalq münasibətlərdə oynadığı rolu gündən-günə azalırdı. Bir sözlə, Qoşulmama Hərəkatı ötən əsrin 90-cı illərində və 2000-ci illərin ilk on illiyində mövcud beynəlxalq proseslərdə tamamilə arxa plana çəkildi. Təşkilat demək olar ki, formal bir quruma çevrilmişdi. Ancaq 2008-ci ildə baş verən dünya iqtisadi böhranından və dünyanın yenidən qütbləşməyə başlamasından sonra QH-nin fəaliyyətində canlanma hiss olunmağa başladı. Belə demək mümkünsə, Qoşulmama Hərəkatı beynəlxalq proseslərdə yenidən fəal rol almağa başladı. Bu dövr məhz Azərbaycanın da Hərəkatın sıralarına qoşulduğu dövrdür. Qoşulmama Hərəkatının təməlində dayanan yuxarıda qeyd etdiyimiz Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğun gəldiyinə görə rəsmi Bakı QH-nın sıralarına qoşulmaq qərarını verdi. Azərbaycan sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün 2011-ci ildə Qoşulmama Hərəkatına üzv oldu.

Azərbaycanın QH-ya qoşulması bu Hərəkatın ikinci yüksəliş dövrünə, “ikinci bahar”ına təsadüf etdi. Son 10 ildə Hərəkat demək olar ki, öz əvvəlki böyük nüfuzunu tamamilə bərpa edib və hazırda dünyada gedən proseslərə ciddi surətdə yön verməkdədir. Qoşulmama Hərəkatının nüfuzunun artmasında, onun fəaliyyətinin genişlənməsində Azərbaycanın da mühüm rolu olub. Azərbaycan qısa müddət ərzində Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı. Son illərdə isə Azərbaycanın bu təşkilatda nüfuzu o dərəcəyə çatdı ki, nəticədə ölkəmizin Hərəkata rəhbərlik etməsi təşəbbüsü gündəmə gəldi. 2016-cı ildə Qoşulmama Hərəkatının üzvlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sözügedən Hərəkatın sədri seçildi. Və zaman bu seçimin yanlış olmadığını göstərdi. Azərbaycan ona göstərilən yüksək etimadı QH sədri kimi doğrultmağı bacardı. Məhz bunun nəticəsidir ki, bu il Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar veriblər.

Əlbəttə, bu Azərbaycanın, onun liderinin Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən yüksək qiymətin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə Qoşulmama Hərəkatının dünyadakı geosiyasi proseslərdə önəmli rola sahiblənməsində müstəsna xidmətləri olub. Məhz Azərbaycanın sədrliyi dövrünə təsadüf edən “COVİD-19” pandemiyası şəraitində, şəxsən Prezident İlham Əliyevin təşəbbüs və səyləri nəticəsində BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı bu ümumbəşəri bəlaya qarşı mübarizədə çox çevik fəallıq göstərməyə başladı. Hərəkat təsis edildiyi tarixdən bu günədək indi özünün ən güclü və təsirli dövrünü yaşayır. Bunu bütün Hərəkat üzvləri də təsdiqləyir. Azərbaycan QH çərçivəsində əməkdaşlığın və həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi istiqamətində əlindən gələni edəcək. Eləcə də Hərəkatın beynəlxalq proseslərdəki rolunun, siyasi çəkisinin və nüfuzunun artırılması baxımından da Azərbaycan öz töhfələrini davam etdirəcək.

Prezident İlham Əliyevin bugünlərdə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin videoformat şəklində təşkil edilən toplantısında mühüm məsələlərə toxunması da bu fikrimizi təsdiq edir. Dövlət başçımız çıxışında Azərbaycanın Hərəkata sədrliyi dövründəki prioritetləri, gələcək fəaliyyətlə bağlı bir sıra təşəbbüslərlə çıxış etdiyini diqqətə çatdırdı. Həmçinin pandemiyadan sonrakı dövrdə Hərəkatın mövqeyinin, siyasətinin formalaşdırılması məqsədilə yüksək səviyyəli görüşün təşkil edilməsinə ehtiyac duyulduğunu vurğuladı.

Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev çıxışı zamanı onu da qeyd etdi ki, 44 günlük Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir.

Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı böyük dövlətlərin nümayiş etdirdiyi “ikili standart”lar və selektiv yanaşmaların dünyadakı münaqişələrin ədalətli həllinə mənfi təsir göstərdiyini xüsusilə vurğulayan Azərbaycan Prezidenti yüksək tribunadan bir daha dünya birliyinin diqqətinə çatdırdı ki, Azərbaycan da son 30 il ərzində məhz belə bir selektiv yanaşmaya məruz qalıb, Ermənistan isə beynəlxalq münasibətlərdə tüğyan edən “ikili standart”lardan istifadə edərək beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozub və təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bilib. Üstəlik də həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini həyata keçirib.

Əlbəttə, əgər bütün ölkələr, o cümlədən Ermənistan da Bandunq prinsiplərinə riayət etsəydi, o zaman nə müharibə, nədəki kütləvi qırğınlar, qətliamlar olardı. İlham Əliyev bildirdi ki, 30 il ərzində beynəlxalq təşkilatların və iri dövlətlərin “ikili standart”larından əziyyət çəkən Azərbaycan sonda tarixi ədaləti hərbi güc yoluyla bərpa etmək qərarına gəldi. Beləliklə, 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını – 10 noyabr üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Bununla da ölkəmiz bölgədə və dünyada yeni reallıqlar yaratdı.

Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə münaqişələrdən əziyyət çəkən, işğala təcavüzə məruz qalan digər ölkələr, o cümlədən QH üzvlərində ümid yaratdı və müsbət nümunəyə çevrildi. Azərbaycanın həm müstəqil ölkə kimi, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq münasibətlərdə tüğyan edən “ikili standart”ları 44 günlük müharibə ilə darmadağın etməsi ölkəmizə və liderimizə qarşı beynəlxalq miqyasda dərin etimadın və hörmətin formalaşmasına şərait yaradıb. Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin videoformat şəklində təşkil edilən son toplantısında səslənən fikirlər də bunun təsdiqidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş