Newscenter.az.16.10.2021. Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında qurumun təbii qazın və elektrik enerjisi tariflərinə baxılmış(xalqın büdcəsinə baxmaq yaddan çıxıb) müvafiq qərarlar qəbul edilib. Elektrik enerjisinin 1 kVt/saat-nın aşağı qiyməti 1 qəpik, yuxarı isə 2 qəpik bahalaşıb. Yəni əhali üzrə güzəşt limiti 300 kVt idi, 300-ə qədər 7 qəpik, 300-dən yuxarı 11 qəpikdən verirdik. İndi həm güzəşt limiti azaldılıb, həm də azaldılan limit daxilində işıq bahalaşıb. Qazla bağlı əhalinin illik istehlakının 1200 m3-dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.
Yəni istəyirsiniz bütün medyada bu xəbərin sonunda “qərarlar qəbul edilib” deyin, istəyirsiniz “tənzimlənib” deyin, nə bilim lap “baxılıb” deyin, nə deyirsiz deyin. Bunların hamısı bir mənanı ehtiva edir: “Tarif Şurası qazın və işığın qiymətini yenə qaldırıb”.
Qiymətlərin qaldırılması bir yana buna əsas kimi təqdim edilən arqumentlər büsbütün tragikomikdir. Misal üçün “Tarif Şurasının iclasında dünya bazarında təbii qazın bahalaşması, ölkəmizin enerji dayanıqlığı məqsədilə bu sahəyə investisiya qoyuluşunun təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin ödənilməsi kimi məsələlər müzakirə edilib”. Belə çıxır ki, Tarif Şurası dünya bazarında təbii qazın bahalaşması ilə əlaqədar ölkədə qazın qiymətini qaldırır. Ancaq bu da anlaşılmazdır. Dünya bazarında təbii qazın bahalaşmasının bizə nə aidiyyəti var? Biz təbii qaz aslılığı Avropa ölkəsi deyilik. İşin ən pis tərəfi də biz heç qaz idxalçısı ölkə də deyilik.
Azərbaycan “Cənub Qaz Dəhlizi” ilə Avropa bazarına 30 milyar kubmetr qaz ixrac etməyi planlayır. Tək bu layihə ilə Türkiyəyə 8 milyard kubmetr qaz ixrac ediləcək. Qaz ixrac edən bir ölkədə qazın qiymətinin qaldırılması və bunu dünya bazarında yaşanan qaz böhranı ilə əlaqələndirmək savadsızlıq yox, xalqı ələ salmaqdır.
Ümumiyyətlə Tarif Şurası ölkədə istehsalçının marağını istehlakının marağından daha üstün görür. İstehsalçı xərcləri çoxdur deyə istehlakçıya əlavə qiymət artırılır. Yəni qiyət artırılırsa burada hansı istehlakçının marağı nəzərə alınır?
Digər bir arqument də belədir: ”Təhlillər göstərir ki, təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir” Hansı təhlillər? Ümumiyyətcə bu təhlili aparanlar təbii qazın hasilat və istehlakçıya çatdırılma xərcini hesblayarkən aşikarə yol verilən yeyinti hallarını qanunsuzluqları da nəzərə alır?
Azərbaycan TANAP, TAP kimi beynəlxalq layihələri icra edən bir ölkədir. Bu layihələrin əsas maliyyə təminatçısı yenə Azərbaycandır. Yəni Azərbaycan kimi paytaxt Bakıdan Albaniyanın Tiron şəhərinə qədər meqa bir layihəni icra edən bir ölkədə necə olur ki, təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir?
“İclasda tarif artımı variantları nəzərdən keçirilərkən, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsinin onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi vurğulanıb”. Qazın və elektrik qiymətinin artırılması ilə az təminatlı ailələrin gəlirləri necə arta bilər anlamıram mən. Mən ilk dəfədir eşidirəm ki, bir ölkədə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə diferensiallaşdırılmış tariflərin sayı 2-dən 3-ə artırılıb.
Baxın mən demirəm qiymət artımı yanlış və büsbütün səhvdir. Ancaq bu artımlar ediləndə mütləq şəkildə xaqın mövcud gəlir vəziyyəti, sosial təminatı, aylıq və illik xərcləri nəzərə almalıdır. "Ac hamını ac sanar, tox hamını tox sanar" fəlsəfəsi ilə qiymət artırıb daha sonra da əhalinin sosial təminatı belə, dinamik inkişaf belə, iqtisadi artım belə demək hünər deyil. İnsanların vəziyyətini həqiqətən bilmək istəyən bir məmmur, ya da nazir yaxşı olardı ki, günəmüzd çalışan, evinə bir tikə yemək aparmaq üçün 12-13 saat işləyib ayda 350-400-500 azn alan insalardan soruşmalıdır.
Bizə nə pensiyanın artması, nə maaşların artması, nə də gic-gic sosial təminat nə bilim iqtisadiyatın dinamik inkişafı kimi bəzəkli sözlər lazım deyil. Təki Tarif Şuarsı kimi xalq qanına susuamış bir vamir daha bu qiymətləri şəxsi maraqlarına görə artırmasın. Azərbaycanda bir dəfə qalxan qiymət bir daha yerə enmir!
Hələ bir sonda da deyirlər ki, Tarif tənzimlənməsindən sui-istifadəyə yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək. Əminəm ki, yaxın günlər də ərzaq və s. mallarında qiymətində artım müşahidə olunacaq.
Turan Rzayev-siyasi ekspert