Newscenter.az.18.10.2021. 5 nəfərin həlak olması, 25 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnən Suraxanı dairəsində bu günlərdə baş vermiş qəza nəticəsində yol-nəqliyyat hadisələri, bu hadisələri törədən səbəblər, mövcud problemlərin həlli yolları barədə növbəti dəfə müzakirələr açılmasını şərtləndirdi. Təəssüf ki, hər brimizi düşündürməli olan məsələlər, məhz belə ağır qəzadan sonra başlamış müzakirələr nəticəsində aktuallaşdı. Halbuki, Bakı kimi böyüyən meqapolisdə yol-nəqliyyat infrastrukturu, yol hərəkətinin təşkili, təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Bu məsələlərdə səhlənkarlıq, planlaşdırmanının olmaması, korporativ maraqların ön plana çıxması sonra insan həyatları bahasına baş gəlir. Hamımızın sarsılıdğı bu qəzadan sonra mütəxəsislərlə səbəblər, mümkün həlli yolları barədə müzakirələr apardım və qənaətlərimi Sizlərlə bölüşürəm.
Əvvəlcə sözügedən qəza ilə bağlı faktları bir daha xatırladaq, 13 oktyabr 2021-ci il tarixində Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusuna çırpılıb. Yük maşını dayanacağa yaxınlaşmaqda olan avtobusun arxa sol hissəsinə çırpılıb, nəticədə avtobus dayanacağın yaxınlığında gözləyən sərnişinlərin və ticarət köşkünün üstünə aşıb. Qəzanın yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu bildirilib. Hadisə baş vermiş cibli avtobus dayanacağı yerüstü piyada keçidinin yaxınlığında, eyni zamanda şosenin üfüqi əyrisində və yerli əhəmiyyətli yolun şose ilə birləşməsinin sürətləndirmə zolağından bir qədər aralı yerləşir.
İndi isə səbəblər barədə danışaq, hər bir yol-nəqliyyat hadisəsinin çoxlu səbəbləri olur, bunları aşağıdakı kimi qruplaşdırmaq olar:
Insan faktoru
- Yük maşınının sürücüsünün gecə vaxtı uzun məsafəni qət edərək istirahət etməməsi.
- Sürücünün az sürücülük təcrübəsinə malik olması və çox gənc olması.
- Yük maşınının sürücüsünün yuxulaması nəticəsində idarəetməni itirməsi.
- Avtobus gözləyən sərnişinlərin dayanacaq pavilionunda deyil, yerüstü piyada keçidinin altında yerləşəm ticarət köşkünün yanında toplaşması.
Nəqliyyat vasitəsi faktoru
- Daewoo BS90 markalı avtobusunun ağırlıq mərkəzinin yuxarı olması onun aşma ehtimalını artırır.Bu nəqliyyat vasitəsinin sərnişinlər üçün yetərli təhlükəsizliyi təmin edə bilmir (avtobusların yenilənməsi bu kimi problemlərin aradan qalxmasına hədəflənir)
- Yük avtomobilinin nasaz olma ehtimalının olması.
Sosial-iqtisadi faktorlar
- Yük maşınının sürücüsünün müvafiq icazə olmadan yükdaşıma fəaliyyəti ilə məşğul olması.
- Dayanacaq cibinin çox zaman qeyri-formal nəqliyyat tərəfindən (1 manatlıq taksilər) zəbt edilməsi ilə avtobusların dayanacaq pavilionunda saxlamasına mane olmaqla yükdaşıma fəaliyyətinin zəif tənzimlənməsi.
Ümumi problemlər
- Sürücülük vəsiqələrinin verilməsinin təkmilləşməsi
- Sürücülük hüququ verilərsə belə müvafiq hallarda zəruri təcrübə tələbi
- Qeyri-formal sərnişindaşıma ümumilikdə sərnişin təhlükəsziliy riskləri yaradır
- yükdaşımada texniki və tibbi müayinənin keçirilməsi tələbi
Hesab edirəm ki, bu qəza və onun ağır nəticələri əlaqədar dövlət qurumları üçün bu sahədə problemlərin həlli istiqamətində real olaraq hərəkətə keçilməsi üçün ciddi siqnal olmalıdır. İctimaiyyət nümayəndələri də bu məsələləri diqqət mərkəzində saxlamalı və davamlı islahatların həyata keçirilməsinə nail olmalıdır.
Əliməmməd Nuriyev-Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri