Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müzəffər ordunun Ali Baş Komandanı



Newscenter.az.20.10.2021. Torpaqlarımızın azadlığı uğrunda savaşın ilk günlərindən xalqımız öz liderinin – Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər oldu. Bu, dövlətimizin başçısının 17 il ərzində insanların dərin rəğbətini qazanmasının parlaq sübutu idi.
Vətən müharibəsindəki möhtəşəm qələbə də Azərbaycan Prezidenti İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanın­da müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mü­barizlik, müdriklik rəmzinə çevrildi.

Bütün bunların nəticəsi idi ki, 44 günlük hərbi əməliyyatlar ərzində heç bir beynəlxalq təşkilat Ermənistanın müdafiəsinə qalxmadı. Azərbaycan isə dünyaya BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz hüquqlarını müdafiə etdiyini, ölkəmizin təcavüzə məruz qalan dövlət kimi özünümüdafiə haqqını gerçəkləşdirdiyini və buna görə kiminsə onun haqq mübarizəsini əngəlləmək gücündə olmadığını vurğuladı.

Lakin bu məqamda xatırladaq ki, bu günlər ərzində Fransa istisna olmaqla, dünyanın heç bir dövləti açıq şəkildə Ermənistanın müdafiəsinə qalxmadı. Beləliklə, Ermənistan siyasi baxımdan beynəlxalq ictimaiyyətdən dəstək almadı və bütün bunların fonunda dünya işğalçının məhz Ermənistan olduğunu gördü.

Prezident İlham Əliyev müharibə dövründə xarici jurnalistlərə 30-a yaxın müsahibə verdi. Dövlətimizin başçısı həmin müsahibələri ilə dünya ictimaiyyətində Dağlıq Qarabağ prob­lemi, habelə bu münaqişənin hüquqi məsələləri ilə bağlı aydın təsəvvür ya­ratdı. Başqa sözlə, Ali Baş Komandan İlham Əliyev beynəlxalq müstəvidə Dağlıq Qarabağın məhz tarixi Azərbaycan torpağı olmasının hüquqi tərəflərinə faktlarla, dəlil-sübutlarla mükəmməl şəkildə aydınlıq gətirdi.

Möhtəşəm qələbənin formulu: xalq-Prezident-ordu vəhdəti

Vətən müharibəsi ilə işğal altındakı torpaqlarımız düşməndən təmizləndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi, 30 il yağı tapdağında qalmış yurd yerlərimiz – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər yaşayış məntəqələri, habelə strateji yüksəklikləri geri qaytardı. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə, təntənə ilə qarşılandı, müzəffər Ali Baş Ko­mandanımıza, qalib ordumuza dərin minnətdarlıq ifadə olundu.

Hazırda erməni faşistlərindən xi­las edilən ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Erməni barbarlığı­nın qurbanı olan, talan edilən, dağıdı­lan qədim Azərbaycan məskənlərinə yenidən nəfəs vermək, canlandır­maq üçün tədbirlər görülür, cənab Prezidentin vurğuladığı kimi, sanki bir vəhşi qəbilə keçən şəhərlərimizi birləşdirən, qovuşduran yollar çəkilir. Xarabalığa çevirilən mədəni, tarixi, dini irsimizi bərpa etmək üçün proq­ramlar hazırlanır, inzibati binaların, məktəblərin, tibb ocaqlarının tikilməsi və infrastrukturun yaradılması, küçələr, parklar və xiyabanların salın­ması ilə bağlı planlar tərtib olunur.

30 illik “məğlubedilməzlik” mifi 44 günə dağıdıldı

Azərbaycan əsgəri müharibə günlərində əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevril­di. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait xərclədiyi nəhəng istehkamlar qısa müddətdə darma­dağın edildi, ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusu haqqında ermənilərin yaratdığı “məğlubedilməzlik” mifi dağıdıldı, düşmən silahlı qüvvələrinin yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi sıra­dan çıxarıldı.

Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, bunun ardınca, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya etməsi tariximizə zəfər həftəsi kimi yazıldı.

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. Pre­zident İlham Əliyev hələ əks-həmlə əməliyyatlarının ilk günlərindəki müraciətlərində Ermənistan qarşısın­da şərtlərini açıq-aydın bildirmişdi: düşmən işğal altındakı Azərbaycan torpaqlarından qoşunlarının çıxa­rılması ilə bağlı qrafik versə, döyü­şü dayandıracaq. Paşinyan rejimi bu təklifdən boyun qaçırdı. Nəticə düşmən üçün son dərəcədə acına­caqlı oldu: döyüş meydanlarında minlərlə erməni əsgəri həlak oldu. Hazırda Ermənistanda keçirilən etiraz aksiyalarında məhz bu ağır məğlubiyyətə görə baş nazir Pa­şinyanı vaxtında düzgün qərarlar verməməkdə, Ermənistan silahlı qüvvələrinin gücsüzlüyünü bildiyi halda, əsgər və zabitləri irəli atılma­ğa məcbur etdiyinə görə istefaya səsləyirlər.

Beləliklə, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqla­rının işğalına son qoyuldu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafı­na yönələn fəaliyyətin yeni formatı şərtləndirildi. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırıl­ması elan edildi.

Bu il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Respublikasına qaytarılması qərara alındı. Dağlıq Qara­bağda təmas xətti və Laçın dəhlizi boyu 5 il müddətinə Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirildi.

Daxili məcburi köçkünlər və qaç­qınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nəzarəti altında qayıtmaları, hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi, bölgədə bütün iqtisa­di və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutuldu. Ermənistan tərəfindən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları ilə Nax­çıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verildi. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respubli­kası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni
nəqliyyat kommunika­siyalarının inşasının reallaşdırılması qərara alındı.

Düşmən barbarlığına görə təzminat ödəməkdən boyun qaçıra bilməyəcək


İşğal altında olduğu illərdə torpaq­larımız – şəhər, qəsəbə və kəndlərimiz erməni barbarlığının qurbanı olub. Prezident İlham Əliyev yağılardan xilas edilən Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırandan sonra qəsbkarın daşı daş üstdə qoy­madığı digər şəhərlərimizdə olduğu kimi, burada da dəhşətli dağıntılar, talanlar törətdiyini diqqətə çatdırıb: “Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıb­lar, evləri dağıdıblar, bütün infrastruk­turu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucalt­mışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu biz yaşamışıq, bizim xalqımız yaşayıb”.

Şübhəsiz ki, işğal dövründə Ermənistanın Azərbaycana vurduğu zərər hesablanacaq və beynəlxalq hüququn tələblərinə uyğun ölçü götürüləcək. Dövlətimizin başçısı Cəbrayıl və Füzuli rayonlarına səfəri zamanı bu məsələni xüsusi vurğulayıb. Cəbrayıl şəhərinin mərkəzini göstərən Ali Baş Komandan ermənilərin bir sa­lamat bina belə qoymadıqlarını diqqətə çatdırıb: “Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir dəfə də demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək. Bütün ziyan hesablanacaq. 30 il ərzində bizə vurulmuş ziyan hesablanacaq və onlara qarşı təzminat davası açıla­caq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək”.

Beləliklə, Qarabağ və ətraf rayonla­rımızda sülh, əmin-amanlıq bərpa olun­duğu kimi, düşmənin vandal əməlləri də qiymətini alacaq, işğalçı beynəlxalq hüquq müstəvisində ciddi şəkildə cəzalandırılacaq, vurduğu mülki zərərə görə kompensasiya ödəməyə məcbur ediləcək.

İşğalçının bütün xain planları pozuldu

Prezident İlham Əliyev Füzuli şəhərindən bir daha bəyan etdi ki, ərazi bütövlüyümüzü bərpa etmişik, təcavüzkarları işğal altındakı torpaq­lardan qovmuşuq: “Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. De­mişdim ki, Azərbaycan öz ərazi bütövlü­yünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılması­na imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var”.

Artıq Dağlıq Qarabağla bağlı tamamilə yeni reallıq yaranıb. Prezi­dent, Ali Baş Komandan İlham Əliyevin yaratdığı bu reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunub, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə gömülüb, tarixi Azərbaycan torpaqların­da yeni erməni dövlətinin yaradılması planlarının üstündən həmişəlik xətt çəkilib. Beləliklə, Azərbaycan Prezidenti Ermənistana və onun havadarlarına Qarabağın Azərbaycanın əzəli ərazisi olduğunu sübut edib.

Aytən QULİYEVA
Şəki rayonu Babaratma kənd ümumi orta məktəbin direktoru
Xəbəri paylaş