Newscenter.az.1.11.2021. Avropa İnsan Hüquqları Məhkəməsi (ing. European Court of Human Rights, fr. Cour Européenne des droits de l’homme) — "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəmə. İnzibati binası Fransanın Strasburq şəhərində yerləşir.
Məhkəmə, Konvensiyanın qəbul edilməsindən 9 il sonra, qüvvəyə minməsindən isə 6 il sonra, yəni 1959-cu ildən fəaliyyətə başlamışdır. Bu, əsasən onunla izah olunur ki, iştirakçı-dövlətin Konvensiyanı ratifikasiya etməsi avtomatik olaraq Məhkəmənin yurisdiksiyasını da tanıması demək deyildi. Bu halda dövlətin xüsusi bəyanatı tələb olunurdu.
12 iyul 1949-cu ildə Avropa Şurasının Nazirlər Komitəsinə Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa Məhkəməsinin Statutunun layihələri təqdim edildi. Lakin buna baxmayaraq, Komitənin 9 avqust 1949-cu il tarixdə keçirilən birinci sessiyasında yeddi səs lehinə, dörd əleyhinə və bir səs bitərəf olmaqla «İnsan hüquqlarının və əsas azadlıqların müəyyən edilməsi, müdafiəsi və inkişafı» adlı bəndin Şuranın Məşvərətçi Assambleyasının birinci yığıncağının gündəliyindən çıxarılması qərara alındı.
Hüquq komitəsi tərəfindən təklif edilən konvensiya layihəsində on iki əsas insan hüquq və azadlıqları sadalanırdı, həmçinin insan hüquqları üzrə Avropa Komissiyasının və Məhkəməsinin yaradılması, ayrı-ayrı şəxslərin və dövlətlərin şikayət ərizəsi ilə Komissiyaya müraciət etmək hüququ və Komissiyanın və ayrı-ayrı dövlətlərin işi Məhkəməyə verə bilməsi nəzərdə tutulurdu. Lakin Komissiyanın və Məhkəmənin yaradılması təklifi hamı tərəfindən dəstəklənmədi. 6 sentyabr 1949-cu ildə Fransa və Böyük Britaniyadan olan nümayəndələr hüquq komitəsinin Məhkəmənin yaradılması haqqında tövsiyəsini rədd etmək təklifi ilə çıxış etdilər. Onlar əsasən ayrı-ayrı şəxslərə müvafiq dövlətə qarşı şikayət ərizəsi ilə çıxış etmək hüququnun verilməsinin əleyhinə çıxırdılar və bunun dövlətlərin suverenliyinin alçaldılmasına gətirib çıxaracağını bildirirdilər. Lakin, bununla bərabər bir çox nümayəndələr, Məhkəmənin yaradılmasının vacibliyini vurğulayırdılar. İki günlük gərgin müzakirələrdən sonra, 8 sentyabr 1949-cu ildə Fransa və Böyük Britaniyadan olan nümayəndələr tərəfindən irəli sürülən, Məhkəmənin yaradılmasını istisna edən Konvensiyaya düzəliş rədd edildi. Elə həmin gün Məşvərətçi Assambleya 64 səs lehinə, 1 əleyhinə, 21 səs bitərəf olmaqla hüquq komitəsinin məruzəsini bəyəndi, ona bir sıra düzəlişlər edildi, Məhkəmənin və Komissiyanın yaradılması, həmçinin ayrı-ayrı şəxslərin şikayət ərizəsi ilə çıxış etmək hüququnun möhkəmləndirilməsi tövsiyə olundu.
1 aprel 1950-ci ildə Nazirlər Komitəsi, üzv-dövlətlərin Hökumətlərinin yüksək vəzifəli şəxslərinin konfransının çağırılmasını qərara aldı. Konfrans 8-17 iyun 1950-ci il tarixində keçirildi. Məhkəmənin yaradılması ilə bağlı konfrans iştirakçılarının məruzəsində deyilirdi ki, yeddi dövlət (Böyük Britaniya, Niderland, Türkiyə, Yunanıstan, Danimarka, Norveç və İsveç) onun əleyhinə, dörd dövlət isə (Belçika, İrlandiya, İtaliya və Fransa) - lehinə çıxış edirlər. İsveç fakültativ məhkəmənin yaradılması ideyası ilə çıxış etdi və onun bu kompromis təklifini səkkiz dövlət dəstəklədi, əleyhinə isə iki dövlət çıxdı. Doqquz dövlət Komissiyaya fərdi şikayət hüququnu dəstəklədilər, üç dövlət isə bu barədə öz xüsusi mövqeyini bildirdi. Konvensiyada əsas insan hüquq və azadlıqlarının siyahısı haqqında məsələ razılaşdırıldı, lakin Məhkəmənin yaradılması və fərdi şikayət hüququ ətrafında mübahisələr davam edirdi. Bu məqamda Konvensiyanın layihəsi Nazirlər Komitəsinə qaytarıldı. 1950-ci ilin avqustunda Nazirlər Komitəsi həm Məhkəmənin yurisdiksiyasının, həm də fərdi şikayət prosedurunun fakültativ olmasını qərara aldı.
Beləliklə, 1950-ci il noyabrın 4-də Romada Avropa Şurası üzvləri tərəfindən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiya qəbul olundu və 1953-cü il sentyabrın 3-də Avropa Şurası üzvü olan 8 dövlət (Danimarka, İrlandiya, İslandiya, Lüksemburq, Norveç, Böyük Britaniya, Almaniya və İsveç) tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə mindi.
Əli İbrahimov-hüquqşünas