Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclik cəmiyyətin elə bir qüvvəsidir ki, onun sağlam və dəyərlərə bağlı olması mütləqdir



Newscenter.az. 8.11.2021. Gənclərin mənəvi tərbiyəsi, mənəvi şüuru, vətənpərvərlik ruhu onların sağlam bir vətəndaş olmasını şərtləndirir. Azərbaycan gəncliyi tarixi keçmişə, ailə dəyərlərinə, valideynə hörmət ruhunda böyüyür. Bilirik ki, Azərbaycan gəncliyi mənəvi dəyərlərə bağlı, ailəyə, böyüyə tərbiyə ruhunda formalaşan bir nəsildir. Gənclik cəmiyyətin elə bir qüvvəsidir ki, onun sağlam və dəyərlərə bağlı olması mütləqdir.
Azərbaycan ailəsində valideynlərə ehtiram zaman-zaman olub və 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın Konstitusiya Aktında da təsbit olunub. Uşaqların valideynlərə hörməti, qayğısı burada öz əksini tapıb. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin 5-ci bəndinə əsasən, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə Vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailədir, ailəyə hörmət və ehtiramın qanunu təsdiqidir. Sözsüz ki, Azərbaycanın dövlət qanunlarının gənclərə ailəyə hörmət və ehtiram göstərməyi təlqin etməsi müsbət bir haldır və bu onların mənəvi tərbiyəsinə müsbət təsir edir.

Valideynlərin uşaqlarını saxlamaq üçün aliment ödəmək vəzifəsi olduğu kimi, yetkinlik yaşına çatmış övladların da valideynlərini saxlamaq vəzifəsi var. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olduqları təsbit olunub. Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında bu hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Uşaqların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla müəyyən edilir. Əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin bağladığı sazişlə də müəyyən oluna bilər. Valideyni saxlamaq övladın birbaşa vəzifəsi və borcudur.

Qanunda ata-anaya, valideynə uşaqlarının məcburi qayğı göstərməsi məqamı təqdirəlayiqdir. Azərbaycan qanunları insanların xeyrinə yazılan, xeyrinə olan qanunlardır. Konstitusiyamızın müvafiq bəndində göstərilir ki, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. Bilirsiz ki, qanunvericilikdə olan bu maddə çox müsbət bir göstəricidir və gənclərin mənəvi tərbiyəsində böyük rol oynayır. Gənclər bilir ki, valideynlərə ehtiram onların yalnız mənəvi borcu deyil, bu həm də onların borclu olduğu bir vəzifədir. Azərbaycan ailəsində hər zaman valideynə hörmət edilib. Bu da özünün müsbət bəhrəsini verib. Ancaq bu işin məcburi bir borc kimi qarşıya qoyulması yaxşı haldır. Həyat qəribədir. Bu gün övladlıq borcunu anlamayan, valideynə borcunu ödəməkdən imtina edən gənclər, nankor insanlar var. O insanlar öz valideynlərini saxlamaqdan, onlara qayğı göstərməkdən boyun qaçıraraq, onları əsasən qocalar, ahıllar evlərinə göndərirlər. Təəssüflər olsun ki, belə uşaqlar, övladlar az deyil və onlar birmənalı olaraq qınanmalıdır. Qanunvericiliyin müvafiq bəndi valideynlərin haqqını tanıyır və onlar övladın çiyninə əbədi bir borc qoyur.

Hesab edirəm ki, hər bir övlad Konstitusiyanın 34-cü maddəsinin 5-ci bəndinə hörmətlə yanaşmalı və öz valideynlərinə qanun çərçivəsində ehtiram bəsləməlidir. Qanunvericilik ona əsas verir ki, yaşlı, əlsiz-ayaqsız valideyninə baxmayan övlad qanunun məlum bəndinin tələbini pozduğuna görə məsuliyyətə cəlb edilsin. Yəni valideyn övladından şikayət edib, onu məcburi qaydada öz vəzifəsini yerinə yetirməyə məcbur etmək səlahiyyətindədir. Valideynlərini qocalar evinə atan övladlar qanunu pozur və onlar qanun qarşısında təqsirkardır. Valideyn haqqının tanınması qanunla həyata keçirilirsə, gənc nəslin də ona ehtiram bəsləməsi vacibdir. Deyim ki, qanunla övladın valideynə qayğı göstərməsi məsələsinin olması gəncləri mənəvi cəhətdən çox yüksəklərə qaldırır. Bu günün gəncləri sabahın ahıl, yaşlı insanlarıdır, qanunun maddəsi onların da gələcəyini təmin edir. Dövlətin, aidiyyəti qurumların belə həssas məsələyə önəm verməsi müsbət haldır. Bu, insanların dövlət tərəfindən qanun əsasında müdafiəsi deməkdir.

Ümumiyyətlə, belə nəcib məsələlər gənclərin düşüncəsində, onların dəyərlərə, Vətənə bağlanmasında, vətənpərvər olmasında az rol oynamır. Gənclik öz ailəsinə, yaxınlarına, yaşlı nənə-babasına dəyər verməyi bacarırsa, bu onun yüksək tərbiyəyə malik olmasından xəbər verir. Qanunvericilik aktında övladların valideynlərə qayğı göstərməyə borclu olması məsələsi geniş təbliğ olunmalıdır. Cəmiyyətimizdə istər gənc nəslin, istərsə də orta nəslin böyük hissəsinin Konstitusiyanın aidiyyəti bəndindən xəbəri yoxdur, onlar valideynlərə baxmalı olduqlarının qanunda əks olunduğunu bilmirlər. Yerli televiziyalarda ailə-məişət məsələləri, qocalar evinə atılan yaşlı insanlar haqqında çox danışılır, proqramlar hazırlanır. Nədənsə burada çox vaxt Konstitusiyanın tələbindən danışılmır. Elə hamı deyir ki, övladın yaşlı valideynə baxması onun mənəvi borcudur, demirlər ki, qanuna görə mənəvi yox, məcburi borcudur. Bu sahədə maarifçilik işi yarıtmazdır. Bu kimi məsələ geniş təbliğ olunmalıdır ki, yaşlı insanlar öz hüquqlarını, övladlar da vəzifələrini bilsin. Şou yaratmaq lazım deyil, problemin mahiyyətindən danışmaq lazımdır. Belə söhbətlər gənc nəslin mənəvi tərbiyəsinə təsirsiz ötüşmür.

Ailədə valideynlərə ehtiramın Konstitusiya əsasları və bunun gənclərin mənəvi inkişafında rolu böyükdür. Qanunun uyğun bəndində əks olunan məsələnin həm mənəviyyatımıza, həm də xalqımızın ənənələrinə bağlıdır. Ailədə həm də vətəndaşlıq tərbiyəsi yalnız özbaşına axınla, kor-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Qanunda valideynə hörmət təsbit olunub. Bu çox yaxşı bir haldır. Çoxumuz valideynik, görəndə ki, bizim valideynlik haqqımız qanunla tanınır, bundan ürəyimiz rahatlıq tapır. Uşaqların yetişməsində, gənclərin formalaşmasında Konstitusiyanın 34 maddəsinin 5-ci bəndinin əhəmiyyəti az deyil. Bilmək lazımdır ki, uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarına, nizam-intizama riayət etməli, savadlı olmalı, Vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, Vətəni sevməlidirlər. Uşaqlar ideyaca savadlı olmalı, işə uğurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, pis niyyətlə, əliəyriliklərlə barışmamalıdır.

Mənəviyyat tərbiyəsini qiymətləndirmək üçün uşaqlarda yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, insanlara-böyüklərə, ailə üzvlərinə hörmət etmək kimi insani keyfiyyətlər aşılanmalıdır. Onların davranış xüsusiyyətlərini uyğun qiymətləndirməli, yaxşı davranış və qarşılıqlı əlaqə təmin olunmalıdır. Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə, vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Bütün bu amillər valideynə hörmətdən qaynaqlanan məsələdir. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin dorulub boya-başa çatan elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Hər beyin başda valideynə ehtiram və hörmət dayanır. Ailəsinə, böyüyünə, dövlətinə, torpağına sayğılı olmayan gəncdə vətənpərvərlik, mənəvi tərbiyə, inkişaf ola bilməz. Qanuna hörmət etməyən insan heç vaxt mənəvi cəhətdən yüksəliş əldə edə bilməz. Hər zaman qanunun müsbət tərəfləri insanları yaxşı amal üzərində kökləyir. Biz mənəvi inkişafdan, vətənpərvərlikdən danışarkən onların gənclərə təsirini də qeyd etməliyik. Vətənpərvərlik həm də Vətən naminə savaşmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir.

Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan, onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Gənclərin mənəvi inkişafı hər kəsi düşündürməlidir. Mənəvi inkişafı olmayan gəncdən müsbət heç nə gözləmək olmaz. Amma bir sıra ali məsələlərin təbliği, o cümlədən də ailədə valideynlərə ehtiramin Konstitusiya əsasları gənclərin mənəvi inkişafında önəmli rol oynayır.


Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş