Newscenter.az.12.11.2021. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın istəyi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarda möhkəmləndirilməsi ilə yanaşı, insan hüquq və azadlılarının bərqərar olması məsələsini də prioritet istiqamət kimi diqqətində saxlayırdı. O öz çıxışlarında deyirdi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”. Öz hüquq və azadlıqlarını bilərək, cəmiyyətin formalaşmasında aktiv fəaliyyət göstərmək hər bir vətəndaşın vəzifəsidir. Lakin bu hüquq və azadlıqlatrın təsbit olunması və qanunun aliliyinin təmin olunması üçün mühüm bir sənədin hazırlanmasına və qəbul edilməsinə ehtiyac var idi. İlk Milli və Müstəqil Konstitusiyanın hazırlanmasının məsuliyyətini dərk edərək , Ulu Öndər vurğulayırdı ki, “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Beləliklə, 26 il bundan əvvəl Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi və artıq 25 ildir ki, “Konstitusiya Günü” qeyd olunur.
İnsan hüquqlarının aliliyini müəyyən edən Konstitusiyada ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Ali sənəddə cəmiyyətin əsas özəyi olan ailə dövlətin xüsusi himayəsindədir. (maddə 17.1.) Eyni zamanda, göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Konstitusiyaya əsasən uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi qadağandır. Bu ali sənədə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi insan ləyaqətinin qorunması və ona hörmət edilməsi üzərində qurulmuşdur. Bu isə öz növbəsində bərabərlik hüququnu təsbit edir. Milli birlik və vətəndaş həmrəyliyi prinsipini tərənnüm edən Konstitusiya müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır və bütün digər siyasi, sosial-etnik maraqlardan üstün tutulur. Beləliklə, dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
Ümumazərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün inam yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və s. kimi tələblər dayanır. Güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir siyasi-iqtisadi və sosial-mənəvi idarəçilik institutunun mövcudluğunu ehtiva edir.
Konstitusiyada qadın və kişilərin eyni hüquq və azadlıqlarının olması göstərilir (maddə 25.2.). Bu həm də gender bərabərliyinin dövlət səviyyəsində ilk dəfə ifadə olunması idi. Bu maddə sonralar “Gender (qadın və kişi) bərabərliyinin təminatları haqqında” Qanunun (2006-cı ildə) qəbul edilməsi üçün əsas hüquqi baza oldu. Azərbaycan Respublikasının Konstitusiyasında nikah hüququ ilə bağlı xüsusi əhəmiyyət daşıyan maddə və bəndlər də yer almışdır. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda (qadın və kişilər üçün nikah yaşı 18-dir) ailə qurmaq hüququ vardır. Nikah könüllü ittifaqdır və heç kəs nikaha məcbur edilə bilməz. Qeyd etməliyik ki, bu bəndlər daha sonra Cinayət Məcəlləsində nikaha məcbur etmə ilə bağlı məsuliyyətin müəyyən edilməsində (2011-ci ildə) mühüm əsaslardan biri olmuşdur.
Bərabərlik hüququ ailə qurduqdan sonra da saxlanılır. Ər ilə arvadın hüquqları bərabərdir. Azərbaycan Respublikasının Konstitusiyası ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasını, ailə üzvlərinin ailə qarşısında məsuliyyətini, onların hüquqlarının maneəsiz surətdə həyata keçirilməsini müəyyən edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Maddə 34.4 və V bəndlər).
Qəbul olunduğu dövrdən üç dəfə 2002-ci, 2009-cu və 2016 –cı illərdə əlavələr və dəyişikliklər edilib. Ötən illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasında edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanun daha da təkmilləşdi. Həmçinin, yeni dövrün tələblərinə uyğunlaşdırıldı. Ümumiyyətlə Konstitusiyada təsbit olunmuş istiqamətlər inkişaf etdirilərək güclü sosial dövlətin, yüksəkrəqabətli iqtisadiyyatın qurulmasına, insan hüquqlarının daha effektiv müdafiəsi mexanizmlərinin tətbiqinə təkan verən çoxsaylı normativ hüquqi aktların qəbul edilməsinə təkan vermişdir. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “ Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir”.
12 Noyabr Azərbaycanda Konstitusiya günü münasibəti ilə xalqımıza müstəqil və suveren dövlətimizin güclənməsi və tərəqqisi yolunda uğurlar arzulayıram.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova