Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün diabetə qarşı Ümumdünya Mübarizə Günüdür



Newscenter.az.14.11.2021. Noyabrın 14-də bütün dünya Diabetə Qarşı Mübarizə Gününü qeyd edir. Bu tarix təsadüfən seçilməyib. Belə ki, bununla 1891-ci ilin bu günündə anadan olan kanadalı həkim və fizioloq Frederik Bantinqin xidmətləri əbədiləşdirilib. Axı məhz o, həkim Çarlz Best ilə birlikdə 1922-ci ildə şəkərli diabet xəstələrinin həyatını xilas edən dərmanın – insulinin kəşfində həlledici rol oynayıb.

Diabetə qarşı Ümumdünya Mübarizə Günü insanların bu xəstəliyə diqqət ayırmasını təmin etmək üçün daha bir yoldur. Azərbaycanda da bu gündə əhalinin şəkərli diabetlə bağlı maarifləndirilməsi məqsədilə müxtəlif tədbirlər keçirilir, axı xəstəlik, təəssüf ki, bütün dünyada artmaqda davam edir və buna görə də bir çox hallarda xəstəliyin inkişafının qarşısını necə ala biləcəyinizi bilmək son dərəcə vacibdir.

2021-2023-cü illərdə Diabetə qarşı Ümumdünya Mübarizə Gününün mövzusu şəkərli diabetin müalicəsinə çıxış əldə etmək barədədir. İnsulinin kəşfindən 100 il sonra dünyada milyonlarla insan ehtiyac duyduğu insulini əldə edə bilmir. Diabetli bir çox insan müalicəsi üçün peroral (ağızla qəbul edilən) dərmanlara ehtiyac duyur. Bir çox aşağı və orta gəlirli ölkələrdə onlar qiymətlərinə görə hələ də əlçatan deyil. Diabetli insanlar vəziyyətini idarə etmək və ağırlaşmalardan qaçmaq üçün davamlı qayğı və dəstəyə ehtiyac duyur. Buna görə də özünənəzarət (qanda qlükoza səviyyəsinin monitorinqi) də böyük əhəmiyyət kəsb edir. Biz son dərəcə çətin dövrlərdə yaşayırıq. Belə ki, diabetlə yaşayan insanlar COVID-19-un ağırlaşmalarına daha çox həssas ola bilərlər. Əldə olunan məlumatlar göstərir ki, diabet kimi başqa xəstəlikləri olan insanlar arasında ölüm halları nəzərəçarpacaq dərəcədə yüksəkdir.

ÜST-ün məlumatına görə, şəkərli diabet əhalinin ölüm faizini 2-3 dəfə artırır və ömür müddətini qısaldır. Bundan əlavə, problemin aktuallığı həm də bu xəstəliyin yayılma miqyası ilə bağlıdır. Beynəlxalq Diabet Federasiyasının (IDF) Diabet Atlasında dərc edilən son rəqəmlərə görə, dünyada təxminən yarım milyard insan diabetlə yaşayır. Ekspertlərin qiymətləndirməsinə görə, yaxın 25 il ərzində onların sayı 700 milyondan çox olacaq. Bununla belə, şəkərli diabetlə yaşayan insanların faktiki sayı əhəmiyyətli dərəcədə çoxdur. Azərbaycanda bu diaqnozla 300 minə yaxın insana qeydiyyatdadır. Amma ölkəmizdə şəkər xəstələrinin real sayı azı iki dəfə çoxdur, çünki onların bəziləri qeydiyyata düşməyib, çoxlarının isə bu xəstəliyə tutulmasından xəbəri belə yoxdur.

Diabet - mədəaltı vəzi kifayət qədər insulin ifraz etmədikdə və ya orqanizm ifraz etdiyi insulindən səmərəli istifadə edə bilmədiyi zaman meydana gələn xroniki xəstəlikdir. Bu, qanda qlükoza səviyyəsinin artmasına (hiperqlikemiya) gətirib çıxarır.

1-ci tip diabet (əvvəllər insulindən asılı olaraq bilinirdi) üçün qlükozanın enerjiyə çevrilməsindən məsul olan insulinin ifrazının olmaması xarakterikdir. Bu səbəbdən orqanizmin toxumaları onlara ötürülən şəkər üzərində işləmək qabiliyyətini itirir, qanda şəkərin səviyyəsi çox yüksək olduqda belə “aclıqdan ölməyə” və öz ehtiyatlarından istifadə etməyə başlayır. Yağ ehtiyatlarından istifadə olunur və onlar parçalandıqda toksik məhsul – aseton meydana çıxır, o da orqanizmdə yığılır və onu zəhərləyir. Orqanizmdə bütün maddələr mübadiləsi pozulur. İnsan enerji çatışmazlığı səbəbindən çox arıqlayır və zəifləyir. İnsulinin çatışmazlığını daim xüsusi preparatların inyeksiyası ilə kompensasiya etmək lazım gəlir, hansı ki, onlar olmadan insan ölə bilər. Çox vaxt xəstəlik gənc yaşda başlayır.

1-ci tip şəkərli diabet bütün şəkərli diabet hallarının 10-15 faizində rast gəlinir. Qalan 85-90 faiz isə 2-ci tip şəkərli diabetin (əvvəllər insulindən asılı olmayan və ya “yetkin” diabet adlanırdı) payına düşür. Adından da göründüyü kimi, burada insulin çatışmazlığının demək olar heç bir əlaqəsi yoxdur. Həqiqətən də 2-ci tip diabetdə mədəaltı vəzi əvvəlcə lazımi qaydada işləyir. Bu xəstəlikdə qlükozanın əsas enerji tədarükçüsü olduğu əzələ toxuması orqanizmin ifraz etdiyi insulindən istifadə edə bilmir. Onun hüceyrələri praktiki olaraq həyati vacib olan qlükozanı qəbul edə bilmir. Bu vəziyyətə insulin rezistenti (müqaviməti) deyilir.

İnsulin müqaviməti irsi, anadangəlmə qüsur ola bilər, lakin daha çox çəkisi çox olan insanlarda rast gəlinir. Statistikaya görə, şəkərli diabet xəstələrinin 80 faizindən çoxu artıq çəkidən əziyyət çəkir. 2-ci tip diabetdə ən vacib şey çəkini normallaşdırmaq və bədəndə yağ və karbohidrat mübadiləsini bərpa etməkdir. Ancaq pəhriz və fiziki məşğələlər kömək etmirsə, xəstə bütün həyatı boyu həkim nəzarətində qalmalı və qanda şəkərin miqdarını azaldan dərmanlar qəbul etməli olacaq.

Şəkərli diabet - ağırlaşmaların və vaxtından əvvəl əlilliyin qarşısını almaq üçün daimi monitorinq tələb edən xəstəlikdir. Xəstələrə özünü idarə etmə üsullarını, həkimlə sıx təmasda olmaqla xəstəliklərini idarə etməyi öyrətmək böyük əhəmiyyət kəsb edir, çünki bu, diabetli insanların həyat keyfiyyətini yaxşılaşdırır. Xəstələrin xəstəlikləri haqqında daha çox məlumatlandırılmasına kömək etmək üçün diabet məktəblərində olmaq vacibdir. Orada xəstələrə insulinin dozasını dəyişmək, qida seçmək, yüklənməni düzgün tənzimləmək, dərmanları bilmək öyrədilir. İnsan nə qədər yaxşı məlumatlı olarsa, onda fəsadlar da bir o qədər az olar.

Məsələn, Bakı Sağlamlıq Mərkəzində yeni yaradılmış Endokrinologiya şöbəsində tezliklə şəkərli diabet məktəbi açılacaq. Diabetli insanların maarifləndirilməsi müalicənin ayrılmaz hissəsidir. Çox vaxt poliklinika həkimləri xəstəliyin bütün nüanslarını izah etməyə kifayət qədər vaxt tapmır və xəstə qorxuları və həyəcanı ilə baş-başa qalır. Bu məktəblər də məhz bu xəstəliklə bağlı çətinlikləri uğurla aradan qaldırmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün yaradılır. Yalnız belə birgə, komanda yanaşması diabet kimi məkrli xəstəliyə qarşı mübarizədə nəticə verə bilər.

Beynəlxalq Diabet Federasiyasının (IDF) üzvü, Bakı Sağlamlıq Mərkəzinin Endokrinologiya kafedrasının müdiri, tibb elmləri namizədi Oqtay Hüseynov
Xəbəri paylaş