Newscenter.az.28.11.2021. Dünya durmadan inkişaf edir, müasirləşir, yeniləşir. Dünənə qədər əlçatmaz, xəyal hesab etdiklərimiz bu gün adiliyə çevrilib. Əgər yaxın, eləcə də uzaq keçmişdəki bu və ya digər prosesdə insan amili əsas rol oynayır, yönləndirici funksiya daşıyırdısa, günümüzdə insan amilini daha çox texnika. texnologiya üstələyib. İndi belə demək mümküns, insan amilini daha çox texnologiya yönləndirir. Bu tendensiya, inkişaf və tərəqqi hər bir sahədə, o cümlədən informasiya kommunikasiya texnologiyaları sahəsində də özünü göstərir.
İKT-nin inkişafı prioritet istiqamət kimi
Yaxın tariximizə nəzər salsaq görərik ki, XX əsrin sonlarından başlayaraq qloballaşan, müasirləşən dünyada informasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi hər bir ölkədə prioritet istiqamətlərdən birinə çevrildi. XXI əsr isə bu baxımdan keyfiyyətcə yeni bir eranın başlanğıcı oldu desək yanılmarıq. Qısa zamanda qeyd etdiyimiz istiqamətdə baş verən inqilabi dəyişikliklər dünyamızın tezliklə İKT baxımından inkişaf etməsinə gətirib çıxardı və bu gün hər hansı bir ölkəni informasiya kommunikasiya texnologiyaları, internet, yüksək texnologiyalar olmadan təsəvvür etmək mümkün deyil. Qlobal məkanın bir üzvü sayılan Azərbaycanda da bu gün informasiya kommunikasiya texnologiyalarından geniş istifadə edilir, həyatımızın bütün sahələrində onun imkanlarından yararlanılır.
Rabitənin İKT sektorunda yeri
Daim yeniləşən, inkişaf edən İKT sektorunda telefon rabitəsinin də özünəməxsus inkişaf mərhələsi olub. Günümüzdə tərəqqi dövrünü yaşayan telefon rabitəsinin müasir tələblərə uyğun inkişaf dinamikası, uğur tarixi əsasən müstəqillik illərindən sonraya təsadüf etsə də, lakin ümumilikdə götürdükdə Azərbaycanda rabitənin tarixi çox-çox uzaqlara gedib çıxır. Günümüzdəki kimi rabitə əlaqəsi, telefon və digər xəbərləşmə imkanları məhdud olduğu zamanlarda belə insanlar bir-birilərinə öz istək və arzularını, planlarını çatdıra bilirdilər. Uzaq keçmişimizdə bunun üçün bir qayda olaraq insan amilindən, bəzi hallarda isə heyvanlardan istifadə edilirdi. Bu günün mobil və kabel rabitəsini uzaq keçmişimizdə çaparlar, göyəçinlər, həmçinin elçilər əvəz edirdi. Ona görə də bəzən bir xəbərin, yaxud döyüşə hazırlıq mesajının hansısa bir əyalətə, ölkəyə çatdırılmasına günlərlə zaman gərək olurdu. Ona görə də artıq xəbərləşmənin poçt vasitəsilə həyata keçirilməsi zərurəti yaranırdı.
Elə Səfəvilər dövlətinin zamanında dövlət səviyyəsində ilk poçtun əsasının qoyulması da məhz bu zərurətdən irəli gəlirdi. Beləliklə, dövlət səviyyəsində ilk poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulur və xəbərləşmə, əlaqə yaratmaq proseduru əvvəlki dövrlərə nisbətən bir qədər asanlaşır. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci yarısına təsadüf edir. Bütün dövrlərdə avanqard rolunu oynayan Gəncə şəhərinin Azərbaycanın poçt tarixində xüsusi yeri var desək yanılmarıq. Belə ki, 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılır. Bu tarixi hadisədən yarım əsrə yaxın müddətdən sonra, 1860-cı ildə Bakı Quberniyasının nəzdində Bakı poçtamtı təşkil edilir.
Azərbaycan rabitəsinin qızıl tarixi
Getdikcə yeniləşən, müasirləşən dünyada, o cümlədən Azərbaycanda poçt xidmətləri ilə yanaşı, digər rabitə xidmətləri, telefon rabitə sisteminin yaradılması istiqamətində də işlər görülürdü. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 1880-cı ilin dekabr ayında Azərbaycanda ilk telefon xətti istifadəyə verilir. Sözügedən telefon xətti “Qafqaz və Merkuri” Paroxod Cəmiyyəti tərəfindən inşa edilir. Təsadüfi deyil ki, bu hadisə Azərbaycan rabitəsinin qızıl tarixi kimi yaddaşlara yazılır.
1881-ci ilin yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edir və fevralın 18-də telefon çəkilişi üçün icazə verilr. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və “Nobel qardaşları cəmiyyəti”nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilir. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması bu tarixə təsadüf edir.
1886-cı ilin may ayının 26-da Bakıda ilk mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin yaradılması və 20 illik müddətə istismara verilməsi barədə Baş Poçt və Teleqraf İdarəsi ilə Moskvanın I dərəcəli taciri Qustav İvanoviç List arasında müqavilə bağlanır. Bakıda mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin 40 telefon istifadəçisi olur.
Azərbaycan rabitəsinin inkişaf dövrü
Tarixdən günümüzə qədər bütün dünyada olduğu kimi, Azərbaycan da rabitə sistemi mərhələli şəkildə inkişaf yolu keçib. 140 yaşlı Azərbaycan rabitəsinin keçmişi ilə bu günü arasındakı fərq, keçdiyi inkişaf, tərəqqi yolundan günlərlə danışmaq olar. Ümumilikdə götürdükdə isə, Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərə təsadüf edir. Keçmiş ittifaq daxilində Azərbaycanı bütün istiqamətlər üzrə qabaqcıl ölkəyə çevirməyi qarşısına məqsəd qoyan Heydər Əliyev Azərbaycanın rabitə sistemini də bu inkişafla paralel aparır, onun tərəqqisi yönündə məqsədyönlü addımlar atırdı. Təsadüfi deyil ki, 1970-ci il iyun ayının 24-də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə "Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında" məsələ Mərkəzi Komitənin bürosuna çıxarılır və tarixi qərar qəbul olunur. Belə ki, Mərkəzi Komitədə qəbul edilən həmin qərara əsasən, Bakı, Sumqayıt, Gəncə şəhərlərində telefon rabitəsinin qeyri-qənaətbəxş olduğu, bir çox rayon mərkəzlərində hələ də əllə qoşulan köhnə telefon stansiyalarının fəaliyyət göstərdiyi, sovxozların yalnız yarısının, kolxozların isə 25 faizinin telefonlaşdırıldığı və digər geriliklər qeyd olunur. Məhz həmin qərardan sonra ölkənin rabitə sistemində sürətli yeniləşmə və nəticəyə hesablanmış işlər görülür və qısa müddətdə görülən işlərin sonucu özünü statistik göstəricilərdə büruzə verir. Nəticə etibarilə, 1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artır, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilir.
Telefon rabitəsinin inkişafının ikinci mərhələsi
Azərbaycanda telefon rabitəsinin inişafının ikinci mərhələsi müstəqillik illərinə təsadüf edir. Daha doğrusu bu mərhələ də məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı və müstəqil Azərbaycana rəhbərlik etməsindən sonra Azərbaycan rabitəsinin inkişafında II mərhələ başlayır. Bu dövrdə Azərbaycan rabitəsinin müasirləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi qarşıda duran mühüm vəzifələrdən biri idi. Çünki sovetlərdən qalan rabitə sistemi günün, müasir dövrün tələblərinə cavab vermirdi. Ona görə də 1993-cü ildən başlayaraq xarici rabitə şirkətləri, ilk növbədə Türkiyənin "Teletaş" və "Netaş" şirkətləri tərəfindən Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə müasir elektron tipli ATS-lər qurulmağa başladı. Sistemli şəkilə görülən işlərin nəticəsi olaraq "Aztelekom" İstehsalat Birliyində 2000 kanallı Beynəlxalq Telefon Stansiyası, 6150 kanallı respublika daxili Şəhərlərarası Telefon Stansiyası, ABŞ-ın "Motorola" şirkətinin investisiyası ilə sellülar rabitə xidməti göstərən "Bakcell”, Türkiyə rabitəçiləri ilə "Azərcell" və digər birgə müəssisələr yaradıldı. Təsadüfi deyil ki, artıq 1998-ci ildə respublikada 108 min nömrəyə yaxın tutuma malik elektron tipli müasir ATS-lər qurulub istifadəyə verilmişdi.
Beləliklə, 1993-2003-cü illərdə görülən işlər nəticəsində ölkənin telefon şəbəkəsinin 48,4 faizi, o cümlədən Naxçıvan Muxtar Respublikasının telefon şəbəkəsi 100 faiz elektronlaşdırıldı, əsas telefon aparatlarının sayı 1991-ci ildəki 611,5 min ədəddən bir milyon ədədə çatdırıldı, Azərbaycan Trans-Asiya-Avropa kabel magistralına qoşuldu. Bundan başqa Bakıətrafı kənd və qəsəbələrin hamısı telefonlaşdırıldı, bütün bölgələrin yaşayış məntəqələri telefon rabitəsi ilə təmin edildi, ölkənin bütün ərazisində internet xidmətlərindən istifadə etmək imkanı yaradıldı, telefon rabitəsi şəbəkəsində stansiyalararası rabitənin 80 faizi rəqəmli formada təşkil edildi.
2003-cü il, fevral ayının 17-də Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" ölkəmizdə bu sahənin sürətli inkişafına güclü təkan verməklə yanaşı, eyni zamanda Azərbaycanın İKT sahəsinə xüsusi diqqət yetirdiyini cəmiyyətimizə və bütün dünyaya bəyan etdi. Onu da qeyd etmək yerinə düşər ki, belə bir strategiya Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda qəbul edilirdi.
Günümüzdə rabitənin durumu
Günümüzdə Azərbaycanda İKT sektoru öz inkişaf mərhələsini yaşayır. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin də bu sahəyə göstərdiyi diqqət və qayğı, bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan İKT-nin inkişafı baxımından dünyanın qabaqcıl ölkələri ilə eyni sırada qərarlaşıb. Təsadüfi deyil ki, İlham Əliyevin prezidentlik dövrünün ilk 5 ilində İKT ölkənin ən dinamik və stabil inkişaf edən sektoru kimi yadda qaldı və bu sektor 4,5 dəfə genişləndi. Bu illərdə İKT sahəsində görülən ən ciddi işlərdən biri də regionlarda və ucqar yaşayış məntəqələrində rabitə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi oldu. Ən ucqar yaşayış məntəqələrinin peyk texnologiyası vasitəsilə telefonlaşdırılması istiqamətində görülmüş məqsədyönlü işlər nəticəsində dünyanın əksər ölkələrində hələ də həllini tapmamış bir məsələ - ölkə ərazisinin tam telefonlaşdırılması başa çatdı. Bu gün ölkəmizin istənilən yaşayış məntəqəsində, hətta 2-3 evi olan kəndlərdə də vətəndaşların stasionar telefon xidmətinə çıxış imkanı vardır.
Cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi bu illər ərzində ölkədə internet istifadəçilərinin sayında da əsaslı dərəcədə artım qeydə alınıb. Hazırda Azərbaycanda əhalinin mütləq əksəriyyəti internetdən istifadə edir. Ölkəmiz nəinki öz vətəndaşlarını internetlə təmin edir, eyni zamanda region dövlətlərinə internet ixrac etməyə başlayıb ki, bu da nəticə etibarilə internetdən istifadə qiymətlərinin ucuzlaşmasına imkan yaradıb.
Ruhiyyə Mehdiyeva
Yazı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar keçirdiyi müsabiqəyə təqdim edilir