Newscenter.az.29.11.2021. Şahin nə edəcəyini bilmirdi. Şəhlanın onu bu vəziyyətdə görəcəyini heç ağlına da gətirməzdi.
-Yaxşı, Şəhla, indi isə məni tək burax. Sən gənc və gözəlsən. Həm də yaxşı qızsan. Xoşbəxt olmağa layiqsən. Xoşbəxtliyinin dalınca get,
-Sən nə danışdığını bilirsənmi? Bizim sevgimizi bir əlil arabası ayıra bilərmi? Sən beləmi düşünürsən? Əgər sənin yerində mən o arabada otursaydın, sən məni tərk edərdinmi?
Qız bu sözləri elə ürəklə dedi ki, oğlan etiraz edə bilmədi.
Onlar evə qalxdılar. Şəhla onun üçün yer düzəltdi. Mətbəxə keçib çay dəmlədi. Sonra gəlib onun yanında oturdu:
-Sabahdan səni fizoterapiyaya aparacam, hazırlaş, həyat hələ indi başlayır, əzizim, – gülümsədi. Sonra da kəndə gedərik.
-Bilmirəm, məncə düzələn deyiləm. Məsləhət deyil.
-Ümidsiz danışma. Hər şeyin yaxşı olacağına inanmalısan. İndi isə çayını iç, get dincəl. Sonra əgər istəsən başına gələnləri danışarsan. Məni nə üçün unutduğunu da söyləyərsən, zəhmət olmasa - qız zarafat etdi.
-Qarabağda baş verənlərə dözə bilmirdim. Evin tək övladı olmağım da mənim qarşımı kəsirdi. Atam mənim nə düşündüyümü bilsəydi, dözə bilməzdi, ölərdi. Anam da həmçinin. Çünki onlar artıq yaşlanıblar. Yeganə ümidləri mənəm. Amma Vətən sevgisi məni rahat buraxmırdı. Çox düşündüm, valideynlərimə dedim ki, məni xaricə uzun müddətli ezamiyyətə göndərirlər. Atam etiraz etdi:
-Axı sənin nəyin çatmir – dedi. Mənsə:
-Ata, mən sənətimi çox sevirəm. Peşəkar jurnalist olmaq asan iş deyil. Mən təcrübə toplayıb, sənətimin mütəxəssisi olmalıyam. Nəhayət, onları razı sala bildim. Sabahısı valideynlərimlə sağollaşıb Azərbaycana gəldim. Səndən xəbərsiz uzaqdan səni izlədim, gördüm, Sənə hiss etdirmədən xeyli sənə baxdım. Sən həssassan, məni görsəydin, cəbhə zonasına getmək istədiyimi başa düşəcəkdin. Ona görə də sənə yaxın gəlmədim. Hərbi Komissarlığa gedib, jurnalist kimi cəbhə zonasına -Xüsusi Təyinatlılarla çiyin – çiyinə düşmənə qarşı mübarizə aparmaq istədiyimi bildirdim. Əvvəlcə tərəddüd etdilər. Biləndə ki, mən idmanın bir neçə növü ilə məşğul oluram, əsgərlikdə də snayperçi olmuşam, razılaşdılar.
Sabahısı döyüşçülərə qoşulub cəbhə zonasına gəldim. Canavar kimi döyüşən igidlər müsahibə vermək istəmirdilər. Onlarla birgə döyüşməyi qərara aldım. Və gördüm ki, Xüsusi Təyinatlı olmaq üçün elə qəlbən, beyinlə xüsusi təyinatlı olmaq lazım imiş. Onlar vəzifə borclarını deyil, məqsədlərini həyata keçirirdilər. Xüsusi Təyinatlılar ən hazırlıqlı olmaqla bərabər, yeri gələndə özü qərar verməyi, yüz nəfərə qalib gəlməyi də bacarırdılar, Vətənin necə müqəddəs olduğunu anlayaraq, döyüşə sevinclə girirdilər, əllərindən gələni yox, əllərindən gəlməyəni də edirdilər.
Sentyabrın axırları idi. Onlar öndə gedirdilər, ilk addımı atırdılar, onlar görürdülər, onlar koordinat verirdilər, ordunun görən gözləri idilər.
Murov dağın ətəyində dayanmışdıq. Təxminən 32 nəfər idik. Sıldırım qayalarla qalxırdıq. Düşmən tərəf bizi görmürdülər, biz tam səssiz, kəşfiyyat üsulunda hərəkət edirdik. Bir kiçicik səs düşməni duyuq sala bilərdi. Düşmən Azərbaycan əsgərinin burada olacağını heç ağıllarına da gətirmir, rahatca yatmışdılar. Əvvəlcə düşmən tərəfə hərə bir qumbara atdı. Sonra hücuma keçib erməniləri məhv etdik, ölən öldü, qaçan qaçdı, bura necə girməyimizdən ermənilər şoka düşmüşdü. Qondarma erməni bayrağını çıxardıb ayaqlar altına atıb, Azərbaycan bayrağını dağın başına sancdıq.
Burada ilk şəhidimizi verdik. Soyuq havada bu qələbəni qazanmaq üçün dörd gün ac və susuz qalmışdıq. İki nəfər dağdan aşağı düşüb çaydan su gətirdi. Nəhayət su içə bildik. Ac qalmağa birtəhər dözmək olurdu, amma susuz qalmaq çox çətin idi. Uşaqlardan biri susuzluğa tab gətirə bilməyib, ürəyi getdi, dili qatlandı. Gecələr əmələ gələn buzları yığıb yalayırdıq ki, bədənimizə güc gəlsin. Daşın, qayanın üzərində bir birimizi qucaqlayaraq, ayaqlarımızı bir – birinə dolayaraq yatırdıq. Bütün çətinliklərə baxmayaraq, bu cəngavərlərin ruh yüksəkliyi çox yuxarıda idi.
Şahini qəhər boğdu:
-Bilirsən, əzizim, bunları danışmaq çox çətindir...
Ardı var.
Şecahan Gün