Newscenter.az.4.12.2021. Türkiyə mətbuatında yayılan informasiyaya əsasən Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Yayılan məlumatlarda qeyd edilir ki, telefon danışığı zamanı tərəflər əsasən üç məsələ üzərində müzakirə aparıblar.
1. Rusiya və Ukrayna arasında son günlər artmaqda olan gərginlik,
2. Azərbaycanın Qarabağ bölgəsində son vəziyyət və Ermənistan-Azərbaycan münasibətləri,
3. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi,
29 noyabr 2021-ci ildə mətbuatda yayılan məlumata əsasən Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən Rusiya və Ukrayna arasındakı gərginliyin azaldılması üçün vasitəçilik təklifi gəlsə də, Rusiya mətbuatı Rusiya prezidenti Vladimir Putinin bu təklifi qəbul etmək istəməmişdir. Həmin sualla cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirmişdir ki, onun fikrincə, Türkiyə vasitəçiliyi ilə Rusiya və Ukraynanın bir araya gəlməsinin Ukraynanın şərqindəki problemin həllinə kömək edəcəyi o qədər də inandırıcı görünmür. Peskov bildirmişdir ki, “Məsələ budur ki, Rusiya Donbasda problemin tərəflərindən deyil. Böhranın tərəfi Kiyev və Ukraynanın şərqində təktərəfli müstəqilliyini elan edən respublikalardır”.
O zaman sual oluna bilər ki, nə baş verdi ki, qısa müddətdə Putin fikrindən döndü və Ərdoğanın təklifinə gəlməli oldu? Deməli heç də hər şey Rusiyanın və Putinin istəyinə bağlı olmur. Geosiyasi və geostrateji reallıqlar diktə edir ki, qərar verərkən daha da dərindən düşünməkdə fayda var.
Təbii ki, Ərdoğan Putinlə görüşü zamanı mümkün qədər Ukraynanın mövqeyini müdəfiə edəcək ki, burada da əsas məqsəd Krım tatarlarının haqqlarının qorunması ön planda dayanır. Hətta yayılan məlumatlar arasında Krım tatarlarının bəzi liderlərinin azad edilməsi ilə bağlı da Ərdoğanın tələbi olacağı bildirilir. Digər tərəfdən isə Türkiyənin Ukrayna üzərində artan nüfuzu Rusiyanı danışıqlara getməyə vadar edən səbəblərdən hesab edilir. Ukrayna məsələsinin həll edilməsi və yaxud da həllə yaxın mövqe əldə edilməsi üçün Rusiyaya ən uyğun variant Türkiyə hesab edilir.
Rusiyanın uzun müddətdir Türkiyə ilə davam edən siyasi, ticarət-iqtisadi və hərbi əməkdaşlığı onunla daha yaxşı dil tapacağı ümidini daha da artırır. Həm də Rusiya və Qərb dövlətləri arasında mövcud olan gərginlik, Qərb dövlətlərinin, xüsusilə də ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar tərəflər arasında dil tapmağın çətin olduğunun göstəricisi kimi də qəbul edilə bilər. Məhz buna görədir ki, Ukrayna mərkəzi hökuməti ilə Rusiyanın dəstək verdiyi DXR və LXR arasındakı vəziyyəti nizama salmaq üçün yaradılmış Minsk formatı və Normadiya formatının bugünə qədər nəticəsiz olduğu görünməkdədir.
2020-ci ilin Oktyabr ayında Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfəri və bu səfər çərçivəsində Türkiyə və Ukrayna arasında 21 istiqamət üzrə imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq Ukraynanın Türkiyədən aldığı Bayraktar TB2 SİHA-ları sepataratçılarla mövcud olan gərginlik bölgəsində daha aktiv şəkildə istifadəsi məsələsi Rusiyanı ciddi şəkildə narahat edən mövzulardandır. Fikrimcə, tərəflər arasında müzakirəyə səbəb olacaq mövzulardan biri də məhz bu məsələ ola bilər. Bu telefon danışığında müzakirə edilən digər önəmli mövzu isə Ermənistan-Azərbaycan arasındakı Qarabağ məsələsidir.
16 noyabr 2021-ci ildə Ermənistan-Azərbaycan sərhəddində baş vermiş təxribat, eləcə də Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan prezidenti cənab İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Rusiyanın Soçi şəhərində baş tutmuş üçtərəfli görüşdən sonra Rusiya və Türkiyə dövlət başçılarının bu məsələni müzakirə edəcəkləri gözlənilən idi. Təbii ki, məsələnin detalları açıqlanmasa da, hadisələrin gedişatından belə məlum olur ki, Rusiya Qarabağ məsələsində atdığı addımları Türkiyə ilə koordinasiyalı formada atmağa məcbur olduğunu yaxşı başa düşür. Bu da o anlama gəlir ki, hər nə qədər Rusiya tərəfi iddia etsə də, Qarabağ məsələsinin həllində Rusiyanın mövqeyi həlledici hesab edilmir.
II Qarabağ savaşının nəticəsi olaraq imzalanmış 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin 5-ci bəndinə əsasən Azərbaycanın Ağdan rayonunda yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini də nəzər alsaq, o zaman Rusiyanın nə üçün Türkiyə ilə məsləhətləşməli olduğu məlum olur. Bu isə Rusiyanın II Qarabağ savaşından sonra Türkiyənin Cənubi Qafqazdakı varlığını tanıması anlamına gələ bilər.
İstər Suriya, istər Liviya, istər Ukrayna, istər Mərkəzi Asiyada, istərsə də Qarabağ məsələsində Türkiyə və Rusiya arasında bir rəqabət mövcud olsa da, tərəflər arasında iqtisadi sahədə əlaqələrin davamlılğına həssaslıqla yanaşılır. 2020-ci ilin statistikasına əsasən hətta Covid-19 pandemiyası şəraitində belə tərəflər arasındakı ticarət-iqtisadi əlaqələri artan xətt üzrə davam etmişdir. Nəticə etibarı ilə 2020-ci ildə tərəflər arasında qarşılıqlı ticarət dövriyyəsi 20 milyard dollar həcmində olmuşdur. Demək olar ki, bu rəqəm hər il mütəmadi şəkildə artmaqdadır. Ticarət-iqtisadi sahədə tərəflər arasındakı əsas hədəf yaxın illərdə qarşılıqlı ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqdan ibarətdir.
Qərb tərəfindən ciddi sanksiyalara məruz qalan Rusiya üçün Türkiyə olduqca vacib əhəmiyyətə malik ölkə kimi qəbul edilir. Rusiya üçün Türkiyə həmdə bir ticarət qapısı hesab edilir.
Nəhayət, bütün bu qeyd edilənləri təhlil edərkən belə qənaətə gəlmək olar ki, tərəflər arasında nə qədər fikir ayrılıqlarının olmasına baxmayaraq, geosiyasi və geostrateji vəziyyətin tələbi ilə qarşılıqlı şəkildə dil tapmağa məcburdurlar. Rusiya üçün isə bu daha önəmli məsələdir.
Samir Hümbətov-siyasi ekspert