Newscenter.az.24.12.2021. Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyası tərəfindən türk xalq ədəbiyyatının klassikləri - Nizami Gəncəvinin 880 və Əlişir Nəvainin 580 illik yubileyi, Yunus Əmrənin vəfatının 700-cü ildönümü münasibətilə “Şərqin Ulduzları” adlı konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, Qazaxıstanın Milli Akademik Kitabxanasında keçirilən konfransda Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Qazaxıstan parlamentinin deputatları, Azərbaycan və Qırğızıstanın bu ölkədəki səfirləri, diplomatik missiyaların nümayəndələri, tanınmış şairlər, ictimai-siyasi xadimlər, alim və ziyalılar iştirak ediblər.
Konfransı açan Senatın spikeri Maulen Aşımbayev Qazaxıstanın müstəqillik əldə etdikdən sonra türk inteqrasiyasının gücləndirilməsinə böyük önəm verdiyini qeyd edib. Senatın sədri Beynəlxalq Türk Akademiyasının bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib, təşəkkürünü bildirib. Nizami Gəncəvi, Əlişir Nəvai, Yunus Əmrə kimi böyük türk mütəfəkkirlərinin yubileyinin keçirilməsi, əsərlərinin qazax dilində və digər türk dillərində təqdim edilməsini alqışlayıb.
Tədbir çərçivəsində Nizami Gəncəvi, Əlişir Nəvai və Yunus Əmrənin Akademiya tərəfindən nəşr olunan kitablarının təqdimatı keçirilib. Nizami Gəncəvinin məşhur “Yeddi gözəl” və “Leyli-Məcnun” dastanları Tair Jarokov, Qasım Amanjolov, Jakan Sızdıkov, Dixan Əbilov, Taken Alimkulov kimi qazax xalqının görkəmli şairlərinin tərcümələri ilə tam şəkildə nəşr edilib. Unikal nəşrdə Azərbaycanın tanınmış rəssamı Fəxrəddin Əli Vəlioğlunun Nizaminin əzərlərinə çəkdiyi illüstrasiyalar da yer alıb.
Bundan əlavə, Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə görkəmli türk şairi Yunus Əmrənin əsərləri ilk dəfə ayrıca şəklində qazax şairi Svetkali Nurjanın bədii tərcümə variantında nəşr olunub. Həmçinin, Türk Akademiyası Əlişir Nəvainin Azərbaycan dilinə tərcümə edilmiş şerlər toplusunu çap edib. Əsərlərin Azərbaycan dilinə tərcüməsini azərbaycanlı alim, professor Ramiz Əsgərov həyata keçirib. Bundan başqa, Akademiyanın dəstəyi ilə ilk dəfə olaraq Əlişir Nəvainin “Mühəkəmətu-l-lüğətəyn” əsəri qazax dilinə tərcümə olunub və nəşr edilib.
Tədbir çərçivəsində türk dünyasında mədəni-ədəbi əlaqələrin möhkəmlənməsində xidmətlərinə görə humanitar sahənin nümayəndələri mükafatlandırılıb. Məhəmməd-Əli Əhmədov, Nesipbek Aytulı, Ramiz Əsgərov, Svetkali Nurcan Türk Akademiyasının “Əlişir Nəvai” qızıl medalına layiq görülüblər. Törəli Kıdıra isə Akademiyanın gümüş medalı təqdim edilib.
Sevinc