Newscenter.az.4.01.2022. Dünyada taxıl, dənli bitkilərin qiyməti bahalaşıbmı? Bəli, ciddi bahalaşma var, son 1 ayda dünya bazarında buğdanın tonu 340 dollar civarında dəyişir,
Buğda, taxil istehsal etmək çətindirmi? Xeyir, çətin deyil, insan övladı 10 min ildir ki, buğda, dənli bitkiləri əkib-becərir,
Azərbaycanın taxıla olan təlabatı nə qədərdir, bunu nə qədərini ərzaq buğdası təşkil edir? Ölkəmizi bir illik təmin etmək üçün 4 mln. tona yaxın dənli bitkilər, o cümlədən 1,8 mln. ton ərzaq buğdası lazımdır,
Ölkə nə qədər taxıl istehsal edir və özümüzə bəs edirmi? Ölkədə son illər, təqribən, ilə 1 mln. 850 min ton taxıl istehsal olunur, amma bu həcm ərzaq buğdası deyil, keyfiyyətsizdir, əsasən, mal-qara üçün yem kimi istifadə olunur. Özümüz istehsal etdiyimiz taxılın, ən yaxşı halda, 25-30%-ni ərzaq buğdası kimi istifadə edə bilirik, qalanını xaricdən, əsasən də, Rusiyadan alırıq,
Yaxşı, insan övladı Mesopotamiyadan üzü bəri 10 min ildir buğdanı əhliləşdirib ərzaq halına salıb, bəs bizimkilər 21-ci əsrdə niyə ərzaqlıq buğda istehsal edə bilmirlər? Çünki, elm yox, seleksiya yox, suvarma üçün su qıt, toxumçuluq və kübrə siyasəti zaydır, dotasiya mexanizmləri işlək deyil və ən əsası, investorlara ögey münasibət, onların da hökumətə güvənsizliyi var.
Gəlik istehlakımıza: İnsanlarımız kasıb olduğundan (lazım olan kalorini ucuz olan çörəkdən alırıq), həm də ənənələrimizdə çörəyin önəmli yer tutduğundan böyük həcmdə çörək istehlak edirik. Dünyada adambaşına ən az çörək istehlakı Skandinaviya ölkələrindədir - ildə 32-45 kq. Rusiyada bu göstərici 97 kq, Bolqarıstanda 96 kq, Fransa və Almaniyada 54 kq, İtaliyada 52 kq təşkil edir. Türkiyədə əhali adambaşına ildə 124 kq çörək yeyir. Azərbaycanda 2020-ci ildə 1 milyon 294 min 604 ton təzə çörək istehsal olunub. Bunun 1 milyon 280 min 556 tonu ərzaq məhsulu kimi istehlak olunub bu adambaşına 128,4 kiloqram çörək istehlakı deməkdir. Bu məsələyə də yenidən baxmalıyıq, imkan daxilində çörək istehlakını azaltmalıyıq, amma çörək istehlakının azalması insanların rifah halının yüksəlməsi ilə düz mütanasibdir.
Beləliklə, sadə sual-cavabla aydın oldu ki, bu hökumətin insanlığın 10 min il əvvəl həll etməyə başladı və böyük nailiyyətlər əldə etdiyi problemi hələ də çözə bilməyib. Çörəyin süfrəmizdə, mədəniyyətimizdə yerinin önəmini nəzərə alaraq, istər-istəməz qiymət artımının vətəndaşa ciddi təsir edəcəyini görəcəyik. Amma problem tək dünyada qiymət artımı deyil (bəli, bunun təsiri var, olacaq da), əsas problem özümüzü ərzaq buğdası ilə təmin edə bilməməyimizdədir.
Natiq Cəfərli-iqtisadçı ekspert