Newscenter.az.6.01.2022. İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib. Belə ki, 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik.
Fikrimcə, tavan qiymətlərini müəyyənləşdirməklə bazara müdaxilə arzuolunmaz nəticələrə gətirib çıxaracaq. Hesab edirəm ki, indiki şərtlər və məsrəflər çərçivəsində satıcılar bir çox hallarda buna əməl etməyəcək.
Birincisi, bazar iqtisadiyyatının təməl prinsiplərindən olan sərbəst qiymətqoymaya ziddir.
İkincisi, qiymətlər dinamikdir, belə olan halda mən inanmıram ki, bu qərar un və çörək istehsalçıları ilə razılaşdırılmaqla verilsin. Çünki, bu onların maraqlarına ziddir.
Üçüncüsü, istehlakçılar qiymətdə olmasa da çəkidə yenə də aldanacaqlar.
Çıxış yolu nədədir?
Hesab edirəm ki, dövlət bütün səviyyələrdə (idxal, istehsal və satış) rəqabəti dəstəkləməlidir, un, un məmulatları və çörək bazarları liberallaşdırılmalıdır. İdxalın 1 ölkədən-Rusiyadan asılılığı azaldılmalıdır. Belə ki, 2019-cu ildə ölkəyə gətirilən buğdanın 82,7 faizi Rusiya, 17.2 faizi Qazaxıstanın payına düşüb.
Proqnozlar nələr göstərir?
Qiymətlərin bahalaşması tendensiyaya çevrilib və davamlı xarakter alır. Odur ki, tavan qiymətləri ilə onu nəzarətdə saxlamaq üzərində deyil, işsizlərin iş yerlərinə və işləyənlərin layiqli əmək haqlarına çıxışı artırılmalı, biznes və ictimai təşəbbüslər üçün əlverişli fəaliyyət mühiti yaradılmalıdır.
Qubad İbadoğlu-iqtisadçı ekspert