Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səhvin, cinayətin bədəli mütləq omalıdır



Newscenter.az.5.03.2022. Hər bir müharibədə olduğu kimi, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində də daxili siyasi faktorun rolu var. Başqa cür də ola bilməz, çünki artıq 3-cü onilllikdir davam edən Putin hakimiyyətinin ən güclü və ən təsirli rəqibləri onun elə öz daxilindədir.

Hakimiyyətin ötürülməsi seçkilər yolu və qanunlar vasitəsilə tənzimlənməyən avtoritar, totalitar sistemlərdə həmin səbəblərdən siyasi hakimiyyət uğrunda mübarizənin hakimiyyətdaxili müstəviyə keçməsi adi və gözlənin haldır. Rusiya da bu mənada istisna deyil.

Təəssüf ki, Rusyadakı hakimiyyətdaxili mübarizə ölkənin istər öz medasında, istərsə də xarici informasiya resursarında ən az müzakirə olunun mövzudur. Halbuki, məhz həmin mübarizə Rusiyanın xarici siyasətdəki davranışına da təsir edən amillərdəndir.

Buna Putinin Ukraynaya qarşı açdığı ilk baxışdan mənasız qanlı savaşın nümunəsində baxmağa çalışaq. Doğrudanmı Putinin müharibədən başqa çıxış yolu yox idi? Ukraynanın getdiyi yol həqiqətənmi Rusiya üçün bu qədər təhlükəli idi?

Bu başdan haşiyə çıxmalıyam ki, Putinin müharibənin səbəblərindən biri kimi göstərdiyi Ukraynanı "nasist" rejimindən xilas etmək iddiası təkcə absurd deyil, həm də heç bir siyasi, ideoloji və hüquqi əsası olmayan təxəyyül məhsuludur. Xəstə təxəyyülün məhsulu, əlbəttə.

Bəs Ukraynanın NATO-ya üzv olması və bunun Rusiyanın milli təhlükəsizliyinə təhdid yarada bilməsi "arqumenti"? Deyək ki, Ukraynada həqiqətən də millətçi və ya Rusiya liderinin paranoyal iddiasında deyildiyi kimi, hətta nasist rejim var.

O halda sual olunur ki, bunun Rusiyaya nə dəxli? Məgər (mövcud olmayan) nasiszmlə mübarizə missiyası Putinə tapşırılıb? Şübhəsiz ki, bunların hamısı bəhanədir. O zaman Ukraynanın NATO-ya üzv qəbul olunması təhlükəsi? Doğrudanmı belə bir təhlükə real idi?

Şübhəsiz ki, yox. Belə primitiv və həyasız təbliğatı yalnız Rusiya auditoriyasının alternativ informasiya mənbələrindən və NATO-ya üzvlük qaydaları haqda bilgilərdən xəbərsiz olan kəsiminə "həzm etdirmək" olar. Bu mənada Putin-Solovyov-Simonyan təbliğatı uğurla işləyir əlbəttə.

Amma Putinin özü və onun komanda üzvlərinin hamısı çox yaxşı bilirlər ki, NATO haqqında müqaviləyə əsasən ərazisində hərbi münaqişələr olan ölkələrin Şimali Atlantika Alyansına qəbulu faktiki olaraq mümkünsüzdür. Üstəlik də alyans üzvləri arasında fikir ayrılığı olduqda.

Deməli, həmin iddia da absurd və primitiv həyasızlıqdan başqa bir şey deyildi. Amma son ana qədər baş verəcəyinə əksəriyyətin inanmadığı müharibə başlandı. O zaman belə riskli və qanlı savaşı açmaq Putinin nəyinə lazım idi? Bu, zərurət nədən qaynaqlanırdı?

Çox güman ki, müharibənin əsas səbəbi Rusiya hakimiyyətinin daxilində gedən pərdəarxası mübarizənin öz kulminasiya nöqtəsinə çatması idi ki, bu da müharibə ərəfəsində özünü göstərməyə başladı. Başqa sözlərlə desək, həmin səbəb pərdənin önünə çıxdı.

Məsələn, "Ümumrusiya Zabitlər Məclisinin" (ÜZM) müharibə ərəfəsində yaydığı müraciət birmənalı olaraq siyasixarakterli aksiya idi və Rusiya hakim zümrəsindəki hərbi qanadın hakimiyyət uğrunda açıq mübarizəyə başlamasının anonsu kimi qəbul olundu.

Xatırladım ki, həmin müraciət təkcə hakimiyyətə deyil, həm də Rusiya xalqına ünvanlanmışdı və müraciətdə Putinin istefasına açıq çağırış vardı. Ardınca müraciəti şərh edən ÜZM sədri general İvaşov isə bildirdi ki, sənəd hazırlanarkən ona hətta Putinin mühakimə olunması tələbini daxil etmək təklifləri də olmuşdu.

Beləliklə, həmin müraciət uzun müddət gedən daxili mübarizənin açıq müstəviyə keçməsinin və kritik nöqtəyə çatmasının təzahürü idi. Amma məsələ bununla da bitmir. Müharibə ərəfəsində Putinin törədiləcək hərbi cinayətin məsuliyyətini bölüşmək üçün topladığı Təhlükəsizlik Şurasında (TŞ) başqa incə məqamlar da üzə çıxdı.

Həmin iclasda çıxışı zamanı TŞ sədri Nikolay Patruşev Putinə faktiki açıq şəkildə bildirdi ki, o, yəni Putin mənasız və avantüris planlara əl atmaqdansa ABŞ ilə danışmalıdır. Bu, başqa sözlərlə o anlama gəirdi ki, danışa bilmirsənsə çəkil kənara bunu biz edək.

Rusiya hakimiyyət ierarxiyasında açar fiqurlardan olan Patruşevə açıq etiraz edə bilməyən və yalnız onu kinayəli baxışlarla süzən Putin qəzəbini onun (Patruşevin) mövqeyini dəstəkləyən digər komanda üzvünün - Sergey Narışkinin üzərinə yönəltdi.

Xatırladım ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru olan Narışkin həmin iclasda Patruşevlə eyni mövqedən çıxış edirdi və hətta onun təklifini açıq dəstəklədi də. Bu isə Putin üçün daxili siyasi böhranın ikinci və daha ciddi əlaməti idi.

Çünki artıq söhbət hələ Stalin dönəmindən Kremlə qarşı "gizli" opponent mövqe sərgiləyən hərbi qanaddan deyil, onun (Putinin) öz komandasından gedirdi. Bu isə birləşdirici amil kimi müharibənin qaçılmaz olduğunu bir qədər də aktuallaşdırırdı.

Amma bunun üçün Ukraynanı və onun daxili hərbi-siyasi durumunu əsas gətirmək kifayət etmirdi. Xarici düşməni bir qədər də böyütmək lazım idi. Məsələn, ABŞ, NATO və ya bütövlükdə Qərb. Məhz ona görə də son aylar Putin təbliğatı Ukraynanın NATO-ya üzvlük məsələsini xüsusilə qabardırdı.
Əslində ABŞ-a və NATO-ya da Rusiya təcavüzü faktoru lazım idi, çünki bu, ən azı Avroatlantik düşərgədəki fikir ayrılıqlarını aradan qaldırmaq və Rusiya təhlükəsindən istifadə edərək öz sıralarını möhkəmləndirmək üçün unikal imkan idi.

Putin bu imkanı bəlkə də istəmədən və ya elə başqa çıxış yolu olmadığından yaratdı. Amma Moskvada müharibə planına imza atanda bir variantı ya hesablaya bilməmişdilər, ya da bu haqda ümumiyyətlə düşünməyə vaxt, ehtiyac, imkan olmamışdı.

Məğlubiyyət variantı istənilən müharibəni başlayanda mütləq nəzərə alınmalı və hesablanmalı nəticələrdən biridir, çünki onun (müharibənin) nətcələrindən təkcə dövlətin qısa deyil, həm də uzun vadəli planları, strategiyası asılı olur. Həm də müharibəni başladan hakimiyyətin aqibəti.
ABŞ və NATO beyin mərkəzləri isə bunu yəqin ki, nəzərə almışdılar və onun (məğlubiyyətin) təmin olunması üçün müəyyən tədbirlər də görülmüşdü, onun döyüş taktikasına NATO ölkələri ordularının təcrübəsinin tətbiqi və s. kimi tədbirlər.

Çünki Rusiyanın Ukraynada hərbi məğlubiyyəti onun rəqibləri üçün geosiyasi mübarizənin indiki dönəmində Moskvanın iddialarının miqyasının məhdudlaşdırılması üçün vacib idi. Ukraynada məğlub olan və ya ağır itkilər verən Rusiyanın bundan sonra böyük geosiyasi iddialar ortaya qoyması şübhəsiz ki, gülünc olardı.

İstər maliyyə, istərsə də sosial-iqtisadi baxımdan Qərblə rəqabət aparmaq gücündə olmayan Moskvanı onun sonuncu "güclü ordusu olması" arqumentindən də məhrum etmək lazım idi. Putinin "könüllü" girdiyi Ukrayna tələsinin hədəfində həm də bu idi.

Amma bunlar Moskvanın Ukraynaya hərbi təcavüzünün geosiyası çıxarlarıdır. Putinin ən böyük və bağışlanılmaz səhvi, cinayəti isə onun öz inkişaf modelini və xarici siyasət kursunu seçmiş müstəqil dövlətə qarşı heç bir əsası olmayan qanlı müharibəyə start verməsi idi.
Səhvin, cinayətin isə bədəli mütləq omalıdır.

Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri
Xəbəri paylaş