Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna münaqişəsində Çin



Newscenter.az.12.03.2022. Rusiya-Ukrayna müharibəsi şiddətləndikcə dünyanın digər güc mərkəzi olan Çinin hansı mövqeyi nümayiş etdirəcəyinə dair fikirlər gündəm təşkil edir. Rəsmi Pekinin bu perioddakı bəyanatlarında ikili mövqenin şahidi olduq əslində. Belə ki, müharibə başlamadan öncə NATO-nun şərqə doğru genişlənməsi Rusiyanın təhlükəsizlik maraqları baxımından tənqid edilsə də, Almaniyanın Münhen şəhərində 58-ci Beynəlxalq Təhlükəsizlik Konfransında Çinin xarici işlər naziri Van Yi ölkəsinin dövlətlərin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq tanınmış sərhədlərini dəstəklədiyini və burada Ukraynanın da istisna olmadığını qeyd etmişdi.

Vladimir Putin fevralın 8-i Olimpiya oyunlarının açılış mərasimində iştirak üçün Çinə səfəri zamanı müəyyən məqamlar deməyə əsas verir ki, Kreml rəsmisi müharibənin acı nəticələrinə öncədən hazırlıq görüb. Diqqət çəkən məqam ondan ibarətdir ki, prezident Jinpinglə görüşdə Rusiya Tayvanı Çin ərazisi kimi tanıdığını bəyan etdi. Bu səfərdə 30 illik enerji anlaşması, neft ixracının 80 milyon tona qədər artırılması, qaz ixracının 32 milyard kubmetrdən 50 milyard kubmetrə çatdırılması, Rusiyadan taxıl idxalına icazə verilməsinin qərara alınması sanki bugünkü vəziyyətə hesablanmış nəfəslik əldə etmə cəhdləri idi.

Lakin rəsmi Pekin Moskvaya qarşı adekvat addım atmadı və Krımın Ukrayna ərazisi olduğunu bəyan etdi. Bir çox dövlətlər kimi Çinin də aşkar mövqe nümayiş etdirməməsi, tərəfləri sülhə çağırmaqla kifayətlənməsi əslində gözlənilən idi. Çünki, dünyada baş verən siyasi qarşıdurmalar, iqtisadi böhran, böyük dövlətlərin bir-birinə qarşı tətbiq etdikləri embarqolar Çin üçün də ciddi problemlər yarada bilər. Nəzərə alsaq ki, dünyanın ən böyük istehsalçı ölkəsinin hazırda Rusiya ilə ticarət dövriyyəsi 147 milyard dollar, Qərblə isə 1 trilyon dollara yaxındır, deməli pandemiyadan və demoqrafik problemlərdən əziyyət çəkən Çin "suyu üfləyərək içmək" məcburiyyətindədir.

Çinin bu məsələdə ehtiyatlı davranmasına səbəb olan digər nüans Kiyevlə də olduqca güclü ticari-iqtisadi əlaqələrinin mövcud olmasıdır. Ukrayna Çinin Şərqi Avropada əsas ticari tərəfdaşlarından biridir, “Bir kəmər və bir yol” təşəbbüsündə iştirak edən, mühim körpü rolunu oynayan nəqliyyat-logistik marşrutlardan biridir. Çin Ukrayna ilə smartfonların istehsalı, 5g texnologiyası sahələrində aktiv əməkdaşlıq həyata keçirib.

Fəqət Çinin geosiyasi çıxarlarını təmin etməsi üçün də optimal şərait yaranıb. Maraqlıdır ki, Çin bu vəziyyətdən necə istifadə edəcək?

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və kollektiv Qərbin cavab reaksiyası Çini də Tayvana potensial müdaxiləsi üçün hazırlaşdırır, Pekini nələrin gözləyəcəyinə dair məlumatlandırır. Moskvaya qarşı sanksiyalar bir növ həm də Pekinin gözünü qorxutmaq məqsədi daşıyır. Təbii ki, Çini qlobal dünyadan təcrid etmək asan məsələ olmasa da, mövcud şərtlər də müvafiq vəziyyətdə Çin iqtisadiyyatı üçün yaxşı heçnə vəd etməz. O baxımdan həm gələcək istiqamətləri müəyyənləşdirməsi, həm də Moskvanın beynəlxalq bazarlarda itirdiyi mövqeləri ələ keçirmə baxımından Çin üçün unikal fürsət yarandığını deyə bilərik. Əgər Ukrayna müharibədə Rusiyanı məğlub etsə, Çin Tayvanı tamamilə öz qabığına çəkmək planını bir qədər təxirə salacaq.
Rusiya-Ukrayna qarşıdurması, ABŞ-ın bütün diqqətini Şərqi Avropaya yönəltməsi Çinin Amerikanın qlobal hegemonluğuna zərbə vurması baxımından da önəm daşıyır. Bu vaxtadək Vaşinqton Hind-Çin hövzəsində ekspansiya siyasətinə, Tayvana müdaxiləsinə ciddi əngəl törədirdi. Görünən odur ki, Çin çalışacaq ki, gücünü daha da artırsın və ABŞ-la birbaşa üz-üzə gələnə qədər daha çox güc toplasın, ABŞ isə Çini daha da çevrələməyə, ona qarşı siyasi-iqtisadi ittifaqlar qurmağa çalışacaq.

Kəsəsi, yeni beynəlxalq münasibətlər sisteminin formalaşdığı tarixi dövrə şahidlik edirik. Rusiyanın kimin yanında olacağını isə müharibənin nəticələri və dünya nizamının nə cür formalaşacağı göstərəcək. Rusiya ya öz yolunu seçəcək, ya da ABŞ-Çin qütbləşməsində Çinin yanında yer alacaq. Moskvanın “balaca qardaş” rolunu sevmədiyini nəzərə alsaq, Ukrayna ilə savaşda sona qədər dirənəcəyini ehtimal edə bilərik.

Züriyə Qarayeva-politoloq
Xəbəri paylaş