Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan Rusiya və Çindən asılı olmaq istəmir

Özbəkistan Rusiya və Çindən asılı olmaq istəmir


Newscenter.az.30.03.2022. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Özbəkistana rəsmi səfəri iki ölkə arasında münasibətlərdə canlanma yaratmaq məqsədi daşıyır. Ərdoğan özbək həmkarı Şavkat Mirziyoyevlə iki ölkə arasında iqtisadi layihələri, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni və Türk Dövlətləri Təşkilatının payızda Daşkənddə keçiriləcək sammitini müzakirə ediblər.

Türkiyənin Özbəkistana yatırmın həcmi artıb. Pandemiyaya baxmayaraq, ötən il ticarət mübadiləsinin həcmi 3.38 milyard dollara çatıb. Ərdoğan yeni hədəf qoyub: 2023-cü ildə ticarət mübadiləsininin illik həcmini 5 milyard dolara çatdırmaq lazımdır. Özbəkistana yatırım qoyan ölkələr içərəsində Rusiya və Çin ilk sıralardadır, Türkiyə üçüncü sırada qərar tutub. Bu Daşkənd üçün vacibdir. Türkiyənin Özbəkistanda 1.500 müəssisəsi fəaliyyət göstərir. Bu kifayət qədər böyük rəqəmdir.

Özbəkistan Rusiya və Çinlə iqtisadi münasibətlərini genişləndirsə də, bu iki ölkənin bazarından asılı olmaq istəmir. Birincisi, Rusiya və Çinin Qərblə münasibətləri gərgindir. İkincisi, Rusiya və Çin qonşularına qarşı ara-sıra iqtisadi vəsiyasi təzyiq alətlərindən istifadə edirlər. Misal üçün Rusiya Qazaxıstan neftini öz ərazisiylə daşınmasını azaldıb. Çin isə ötən ilin ortalarında Qazaxıstanla sərhəddi məhsulların idxalı üçün qapatmışdı. Bu Qazaxıstan iqtisadiyyatına mənfi təsir etmişdi.

Daşkənd neytral siyasət yürüdür, hərbi bloklara qoşulmur, Rusiya və Çinlə ancaq iqtisadi əməkdaşlıq platformalarında iştirak edir. Misal üçün Daşkənd Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləmir. Özbəkistan rəsmiləri bir neçə dəfə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər. Eləcə də Çinin bölgədə hərbi gücünü artırması və uyğurlara qarşı zorakı siyasətini davam etdirməsi Daşkənddə narahatlıqla qarşılanır.
Türk Dövlətləri Təşkilatının növbəti sammitinin Daşkənddə keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi üçün vacibdir. Özbəkistanın keçmiş prezidenti İslam Kərimov türkdilli dövlətlərlə əməkdaşlığa maraq göstərmirdi, onun Türkiyə ilə münasibətləri gərginr idi. Şavkat Mirziyoyev prezident seçildikdən sonra ilk rəsmi səfərlərindən birini Türkiyəyə reallaşdırdı. Bundan başqa Şavkat Mirziyoyev ölkəsini türkdilli dövlətlər ailəsinə qaytardı. Bu baxımdan artıq Özbəkistan türkdilli dövlətlər arasında inteqrasiyanı xarici və təhlükəsizlik siyasətini əsas vektoru hesab edir. Bu inteqrasiya Özbəkistanı Rusiya və Çindən qoruyacaq əsas amillərdən biridir.

Özbəkistanın Türkiyə və türk dünyası ilə əlaqələrini genişləndirməsi Azərbaycanın da siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına uyğundur. Bakı və Ankara Özbəkistanın Bakı-Tiflis-Qars dəmiryoluna qoşulmasını istəyir. Bunun üçün Özbəkistan öz məhsullarını əvvəlcə Türkmənistana, oradan da dəniz yolu ilə Ələt limanına çatdırmalıdır. Bu Özbəkistanın Türkiyə üzərindən Aralıq dənizinə çıxışını təmin edəcək.

Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə türk dünyasında da narahatlıq doğurub. Bu mənada türk dövlətləri arasında siyasi və iqtisadi təmaslarla yanaşı təhlükəsizlik sahəsində də əməkdaşlığı genişləndirməyə zərurət yaranıb. Türkiyə və Özbəkistan dövlət başçılarının bu mövzuda da Daşkənddə müzakirə apardığı ehtimal edilir.

Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş