Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan üçün ən strateji məsələ ölkəmizin milli maraqlarıdır -VAQİF ABDULLAYEV

 Azərbaycan üçün ən strateji məsələ ölkəmizin milli maraqlarıdır


Newscenter.az.31.03.2022. Rusiya və Ukrayna arasında baş verən hadisələrə siyasi baxışlar və münasibətlər birmənalı deyil. Hər iki ölkə ilə yaxın siyasi-iqtisadi və humanitar əlaqələrə malik Azərbaycan əlbəttə, təcavüzə və işğala qarşı prinsipial rəsmi mövqeyini ilk gündən bəyan etmişdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilsin. Bu mövqeyimiz rəsmi şəkildə ATƏT tərəfindən təşkil olunmuş xüsusi sessiyada da ifadə olunub.

Əlbəttə, heç bir halda başqa bir ölkənin ərazisinin işğalı yolverilməzdir və dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsi ən başlıca prinsipdir. Ona görə də, biz birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Ukrayna Azərbaycanın yaxın strateji tərəfdaşıdır. Siyasi əlaqələrin dinamikası çox genişdir. GUAM çərçivəsində çox yaxın münasibətlər qurulub. İki ölkə arasında strateji müttəfiqlik münasibətləri beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir. Hər iki ölkə beynəlxalq aləmdə bir-birinin mövqeyini dəstəkləyir.

Azərbaycan tolerant və humanitar ölkə mövqeyinə hər zaman sadiqdir və münaqişə başlayan ilk gündən öz humanizmini nümayiş etdirib. Ərzaq və tibbi yardım, yanacaq və digər ləvazimatlarla öz dəstəyini göstərir.

Bütün bunlara rəğmən, onu da unutmaq olmaz ki, yaxın qonşuluq münasibətlərinə malik, böyük bir coğrafiyanı əhatə edən Rusiya Federasiyası ilə də münasibətlərimizi kəskinləşdirmək arzuolunan deyil. Rusiya siyasi münasibətlər baxımından Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir, iqtisadi baxımdan region ölkələri sırasında əsas yer tutur. Rusiya Federasiyası Azərbaycanın ticarət dövriyyəsində 3-cü yerdə dayanır. Rusiyanın Cənubi Qafqaz regionundakı ticarətinin 45%-i Azərbaycanın payına düşür.

Olduqca indiki çətin və mürəkkəb geosiyasi şəraitdə Azərbaycanı Rusiya-Ukrayna savaşında tərəf olmağa çəkənlər, dünyanın güc mərkəzlərinin çirkin oyunlarına qatmaq istəyən qüvvələr onu dərk etməlidir ki, Azərbaycan üçün ən strateji məsələ ölkəmizin milli maraqlarıdır, özünün tərəfsiz, balanslaşdırılmış yürütdüyü siyasətin uğurlarıdır. Ona görə də, biz heç bir halda hansısa ölkənin tərəfində, hansınınsa qarşısında olmağımız geopolitik mənada arzuolunan deyil.

Azərbaycanın Cənab İlham Əliyev kimi çox müdrik və istedadlı uzaqgörən Lideri var, nəyi necə və nə vaxt etməyi daha yaxşı bilir. Cənab Prezident dünyanın gerçək üzünü də yaxşı tanıyır, dünya liderlərinin siyasi hərəkətlərini də hamıdan daha yaxşı təhlil edir. Onun üçün müstəqil Azərbaycanın milli təhlükəsizliyi hər şeydən üstündür. Ona görə də, Azərbaycan Prezidentinin savaşı alovalandırmağı təhrik edən bir çox ölkələrin liderlərindən fərqli olaraq ilk gündən Rusiya və Ukraynanın dövlət başçılarını təmkinlə sülhə çağırdı. Onun 2022-ci ilin əvvəllərində, müharibədən əvvəl hər iki ölkəyə səfər etməklə həm Rusiyanın, həm də Ukraynanın regionda aparıcı dövlət olmasını, birgə əməkdaşlıq, sülh proqrmaları icra etmək və bu proseslərdə Azərbaycanın hər iki tərəflə ən yaxın strateji tərəfdaş olmaq niyyətini bəyan etdi. Məhz bunun nəticəsidir ki, Volodimir Zelenski Prezident İlham Əliyevə 3-cü dəfə zəng edərək sülh təşəbbüslərinə görə, minnətdarlığını bildirir. Bu, Azərbaycanın bölgədə tərəfsiz, çoxsahəli, müstəqil xarici siyasətinin uğurudur.

Azərbaycanla yanaşı, qardaş Türkiyə də bu gün bir-birilə savaşan iki slavyan xalqını barışdırmaq üçün səmimi və əsil humanuzm ruhu ilə bütün gücünü ortaya qoyub. Bu yaxınlarda Türkiyədə keçirilən Antalya Diplomatiya Forumunda qardaş ölkənin vasitəçiliyi ilə baş tutan Ukrayna və Rusiyanın xarici işlər nazirlərinin görüşü də sülh üçün ilk qapılardan biri idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa vasitəçiliyi ilə martın 29-da İstanbulda hər iki ölkənin nümayəndə heyətləri ilə görüş keçirməsi və olduqca dərin siyasi məzmunlu bəyanat verməsi sülhə ümidləri artıran tarixi hadisə kimi yadda qaldı.

Türkiyə və Azərbaycan bu münaqişənin dinc yolla, daha tez həlli üçün əlindən gələni edir, bir çox dövlətlərin vəziyyəti daha da gərginləşdirmək cəhdlərinin əksinə olaraq biz bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsində israrlıdır.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş