Norveçin Equinor şirkəti növbəti beş il ərzində dəniz külək layihələri üçün $23 mlrd kapital qoyuluşu planlarını açıqlayıb. Nəticədə dənizdəki külək turbinlərinin gücünü 12 min MVt artıraraq 16 min MVt-a çatdırmaqdır.
Yəni bu rəqəmlərdən hesablamaq mümkündür ki, 1 MVt dəniz küləyinin enerjisi şirkətə orta hesabla yaxın 5 ildə $1,92 mln-a başa gələcək.
WindEurope assosiasiyasının məlumatına görə, 2020-ci ildə Avropada 7,1 min MVt gücündə dəniz külək turbinlərinin yaradılmasına €26 mlrd sərmayə qoyulub.
İspaniyada Iberdrola şirkəti sahilyanı bir şəhərin elektrik enerjisinin təminatı məqsədi ilə ümumi gücü 300 MVt olan üzən külək turbinləri tikməyi planlaşdırır. Layihənin dəyəri €1,1 mlrd-dır. Yəni hər meqavat üçün €3,6 mln.
Dəniz külək turbinləri niyə bahadır? Əvvəla onların pərləri daha böyükdür, ikincisi, onların dəniz dibində quraşdırılan dayaq blokıarı qurudakından dəfələrlə baha başa gəlir və üçüncüsü, hasil edilən elektrikin sahilə nəql edilməsi üçün sualtı infrastruktur böyük kapital xərcləri tələb edir.
Bəs onda dənizə niyə üz tuturlar? Birincisi, küləkli günlər və saatlar dənizdə qurudan daha çoxdur (yəni daha çox enerji almaq imkanı var), ikincisi, Avropada quruda boş sahələr azdır, uzunmüddətli icarə torpaqlar isə çox bahadır.
Onu deyim ki, qaz turbinli 1000 MVt gücündə olan elektrik stansiyasını ərsəyə gətirmək üçün bu gün $760-780 mln kapital qoyuluşu kifayət edir.
Hazırda Avropanın 12 ölkəsinə dənizdə quraşdırılmış 5 mindən çox külək turbini məxsusdur ki, bunların da ümumi gücü 25 min MVt-dır.
Avropa Rusiya qazından asılılığı aradan qaldırmaq üçün 2030-cu ilə qədər təkcə dəniz küləyi turbinlərinin layihə gücünü 60 min MVt-a çatdırmağı planlaşdırır.
İlham Şaban-iqtisadçı