Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın diqqət mərkəzindədir

Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın diqqət mərkəzindədir


Bu gün Azərbaycan özünün müstəqil enerji siyasətini həyata keçirir. Azərbaycan dünyada öz enerji ehtiyacını tam şəkildə təmin edən azsaylı ölkələrdəndir. Bu gün dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında olduqca mühüm rol oynayır. Ölkəmiz zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca faktorlardan birinə çevrilib. Azərbaycan nefti respublikamızın ən zəngin təbii sərvətidir. Neft ölkəmizin iqtisadiyyatının inkişafında əvəzsiz rola malikdir. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanmış və həyata keçirilməyə başlanmışdır. Bu gün Prezident İlham Əliyev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyasını uğurla davam etdirir.

Azərbaycanın strateji tərəfdaşlıq və dostluq münasibətləri müvəffəqiyyətlə inkişaf edir, ənənəvi tərəfdaşlarla münasibətləri möhkəmlənir, ölkəmiz mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. 1 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak etmişdir. Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış platforması olan bu ilki sərgidə 31 ölkədən 250 şirkət iştirak etdi. Beynəlxalq sərgi Xəzər regionunun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçilərini bir araya gətirdi.

Açılış mərasimində Prezident cənab İlham Əliyev bildirdi ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Bu gün Azərbaycan dünyada yalnız neft-qaz deyil, həmçinin elektrik enerjisi ixrac edən ölkədir. Dünyada baş verən geosiyasi proseslər fonunda Azərbaycanın enerji bazarında rolu davamlı olaraq artmaqdadır. Bu gün ölkəmizdə enerji təhlükəsizliyi Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasının təməl prinsiplərindən biridir. Ölkəmiz öz enerji resurslarını dünya bazarına çıxarmaqla yanaşı bölgədə əsas tranzit ölkəsi kimi də çıxış edir.

Cənab Prezident İlham Əliyev öz çıxışında bərpa olunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələlərinə də toxunaraq respublikamızda yenilənən enerjinin reallaşdırılmasının mühüm önəm daşıdığını da diqqətə çatdırdı və artıq bu sahədə ciddi işlər görüldüyünü qeyd etdi. Çıxışı zamanı ölkə başçısı bildirdi ki, “Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə - bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib. Bu il biz artıq dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirmişik. Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır. Çünki biz artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindəyik.”

27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edərkən Prezident cənab İlham Əliyev ölkəmizin tranzit imkanlarının da yüksək olmasına diqqət çəkdi. Bununla bağlı danışarkən ölkə başçısı qeyd etdi ki, Azərbaycanın zəruri infrastrukturu mövcuddur və ölkəmiz digər ölkələr üçün vacib tranzit imkanlar təqdim edir. İşğaldan azad edilmiş ərazilərdə yaradılan müasir yol-nəqliyyat infrastrukturu isə mövcud imkanları daha da artıracaqdır.

Bütün bunlara əsasən deyə bilərik ki, Azərbaycan dövləti beynəlxalq miqyasda yüksək nüfuza malik olduğunu göstərir. Prezident İlham Əliyevin çıxışı zamanı verdiyi bəyanatlar və onların praktik təzahürləri, görülən işlər və onların ilkin nəticələri Azərbaycanın enerji sektorunun inkişafında yeni mərhələyə qədəm qoyduğu qənaətinə gəlməyə əsas verir.

Samir Ağayev
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş