Hər kəs oxuyub alim olmalıdır deyə bir qanun yoxdur. Övladlarınızı qonşu Fatmanisə xalanın balalarıyla müqayisə etməkdən əl çəkin.
Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O, haqlı olaraq sual edib:
" "Xalxxxın uşağı" baryerini nə vaxt aşacağıq, axı? Daha neçə uşaq özünə qəsd etməlidir ki, övladlarımıza möhkəm bağlanaq? İmtahandan az bal toplasa da, kəsilsə də övladlarım mənim üçün ən savadlı və ən ağıllıdırlar deməyi nə vaxt öyrənəcəyik? Səhvlərini də düzləri kimi nə vaxt qəbullanacağıq? Qara torpağa əmanət edəndə? Yoxsa onları depressiyaya çatana kimi qovanda?"
Hüquqşünas hesab edir ki, hər kəs alim olarsa dərzi, bərbər, aşpaz, maşın təmirçisi, usta və s. kim olacaq, bəs?
"Riyaziyyat dahisi olmaya bilər, bəlkə çox gözəl rəssam olacaq?! Ya da valideynin təkidiylə sevmədiyi sənəti icra etməyə məcbur müəllim olmaqdansa dünyaca məşhur aşpaz olacaq bəlkə?! Niyə öz arzularımızı inadla onlara yeridirik? Niyə onlara layihə kimi baxırıq? Axı, onlar da öz seçimi, arzusu və öz şüuru olan bizim kimi insanlardır. Sevin övladınızı. Hər halıyla sevin. Doğrusuyla yalnışıyla sevin. Möhkəmcə qucaqlayın, hər an sevginizi göstərin. Sabah çox gec ola bilər. Arxasında valideyn sevgisi olan hər uşaq güclü, məğlubedilməz və sevgidoludur".
NEWSCENTER.AZ