Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Britaniyada seçki qovğası

Britaniyada seçki qovğası


Böyük Britaniyada keçmiş Baş nazir Boris Consonun istefasının ardınca artıq seçki kampaniyası başlayıb. Bəzi siyasətçilər, o cümlədən hazırkı nazirlər artıq Mühafizəkarlar partiyasına rəhbərlik üçün namizədliklərini irəli sürüblər. Onların arasında keçmiş səhiyyə naziri Sajid Javid, keçmiş maliyyə naziri Rişi Sunak, keçmi xarici işlər naziri Ceremi Hunt, ticarət naziri Penni Mordaunt və başqaları var. Ən real namizədlərdən biri isə, şübhəsiz ki, hazırkı xarici işlər naziri Liz Trassdır. Məlum olduğu kimi, Mühafizəkarlar partiyasına rəhbərlikdə kim qalib gəlsə, o da avtomatik olaraq baş nazir olacaq.

12 namizəd arasında ən çox şansı olan məhz Liz Trasdır. Bunun əsas səbəblərindən biri onun hazırda hakimiyyətdə təmsil olunmasıdır. Beləliklə, Britaniyanın baş diplomatı daxili auditoriyanın etimadını daha asan qazana bilər. İkinci bir tərəfdən, o, 2021-ci ildə XİN başçısı təyin olunmasına baxmayaraq, kifayət qədər parlaq keçmişə malikdir. Xarici işlər naziri kimi fəaliyyət göstərdiyi müddət ərzində isə peşəkar diplomat kimi fərqlənməyi bacarıb. Xüsusilə Rusiya ilə Ukrayna arasında davam etməkdə olan müharibənin ilk günlərindən etibarən Britaniyanın proseslərə konkret və cəsarətli mövqeyinin formalaşmasında Boris Conson qədər Liz Trasın da xüsusi rolu olub.

Qadın diplomatın hökumətdə təmsil olunmasına baxmayaraq, Consonun istefasından dərhal sonra sanki elə bunu gözləyirmiş kimi namizədliyini irəli sürməsi diqqət çəkir. Hətta bəzi analitik və jurnalistlər bunu keçmiş baş nazirə xəyanət kimi qiymətləndirirlər. Marqlıdır, proseslər əvvəlcədən hazırlanmış ssenari ola bilərmi? Bəlkə də...Hər halda Liz Trass Conconun ən etibarlı kadrlarından biridir.

Trass bildirib ki, əgər seçkilərdə qalib gəlsə, Rusiyanın məğlubiyyətini təmin edəcək. Doğrudur, savaşın seçkilərədək bitməsi istisna deyil. Buna baxmayaraq, XİN rəhbərinin belə açıqlama verməsi hesablanmış addımdır. Beləliklə, baş diplomat həm də xaricdən dəstək qazana bilər. Çünki Qərbin, yəqin ki, yarıdan çoxu(hadisələr göstərir ki, bütövlükdə kollektiv Qərbi nəzərdə tutmaq doğru olmaz) Kremlə qarşıdır və onun məğlubiyyətini istəyir.

Nazirin sözügedən bəyanatı həm də seçkilərdən sonra Britaniyanın xarici siyasətində ciddi dəyişiklik olmayacağına işarədir. Ən azından Trass qalib gəlsə, böyük ehtimalla, anti -rusiya siyasəti davam edəcək.

Bununla yanaşı, o, ölkə daxilində bir sıra güzəştlər tətbiq edəcəyinə söz verib.

Bu arada Boris Conson seçki kampaniyasının gedişi ilə maraqlanmadığını, tərəf tutmaq istəmədiyini diqqətə çatdırıb. Doğrudanmı onun üçün kimin qalib gələcəyinin əhəmiyyəti yoxdur? Fikrimcə, keçmiş baş nazir bu açıqlamasında səmimi deyil. Onun kimi təcrübəli və prinsipal siyasətçilər üçün təyin etdikləri siyasi kursun davam etdirilməsi vacibdir. Görünür, Conson özü də Trassın şanslarının daha çox olduğunu anlayır.

Beləliklə, vaxtı ilə Consonun "silahdaşı" olmuş Trassın gələcək seçkilərdə qalib gəlmə ehtimalı kifayət qədərdir. Amma onadək nələrin dəyişəcəyini və seçkilərdən sonra nələrin olacağını dəqiq proqnozlaşdırmaq çətindir. Bütün hallarda qəribə davranışları ilə insanları təəccübləndirməyi sevən Conson bu dəfə də "sağ göstərib sol vura bilər". Onun yenidən baş nazir postuna keçməsi istisna deyil.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş