
Qazaxıstan Sənaye və Tikinti Nazirliyi ölkədə istismarına icazə verilən nəqliyyat vasitələrinin parametrlərində dəyişiklikləri təsdiqləyib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, dəyişikliklərə əsasən, 30 dekabrdan etibarən sakinlər beş ildən çox əvvəl istehsal olunmuş və ya mühərrikləri Avro-5-dən aşağı emissiya standartına malik olan nəqliyyat vasitələrini şəxsi istifadə üçün idxal edə bilməyəcəklər.
Respublikanın normativ aktlarının onlayn məlumat bazasında yerləşdirilən əmrin mətninə əsasən, "şəxsi istifadə üçün Qazaxıstan Respublikası ərazisinə fiziki şəxslər tərəfindən idxal edilən motorlu nəqliyyat vasitələrinin Qazaxıstan Respublikası ərazisində dövriyyəyə buraxılmasına" nəqliyyat vasitəsi 5-ci ekoloji sinifə və ya daha yüksək ekoloji sinifə uyğun olduğu, yaxud nəqliyyat vasitəsinin istehsal tarixindən hesablanan müddət 5 ildən çox olmadıqda icazə veriləcək.
Sərəncam 30 dekabrda qüvvəyə minəcək. Dəyişikliklər yerli avtomobil istehsalının artması fonunda qəbul edilib. Milli Statistika Bürosunun məlumatına görə, bu ilin yanvar-sentyabr ayları arasında respublikada 136.548 avtomobil yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38% artım deməkdir. Ölkədə avtomobil istehsalı ilə on iki şirkət məşğul olur.
Süleyman












































