Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvü kimi bu qurumların işində fəal iştirak edir. Bununla bərabər ölkəmizin beynəlxalq əlaqələri də günbəgün artmaqdadır.
Bu gün Avropa dövlətləri ilə yanaşı dünyanın bir sıra ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları əlavə enerji bazarları axtarır, Yaxın Şərqin neft-qaz ixrac edən ölkələri ilə yeni müqavilələr imzalmağa çalışırlar. Bu işlər fonunda Avropa dövlətlərinin Azərbaycana olan diqqəti artmaqdadır.
Bu il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen arasında Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Həmin gün ölkə Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində aparılan fəal əməkdaşlığın on beş ildən artıq tarixi var. Belə ki, 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalanması bu əlaqələrin böyük nailiyyətlər qazandığını deməyə əsas verir.
Avropa İttifaqı ilə bağlanmış müqavilədə Azərbaycandan Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə idxal edilən qazın həcminin iki dəfə artırılması nəzərdə tutulur.
Mətbuata birgə bəyanatında Prezident İlham Əliyev qeyd edib ki, imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Ölkə başçısı bildirib ki, “Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq".
Azərbaycan müəllifi olduğu enerji layihələrini reallaşdırmaqla, tamamilə yeni, müasir avadanlıqlardan istifadə etməklə enerji ehtiyatlarının hasilatına və ixracın artırılmasına müvəffəq olmuşdur. Perspektivli yataqların kəşfi, hasilatın artırılması əsas bazarımız olan Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə verməkdədir. Bizim bərpaolunan enerjinin istehsalı sahəsində olan böyük potensialımlz Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb. Bu da Azərbaycanın uğuru və gələcək inkişafina zəmin kimi qiymətləndirilməlidir.
Çıxışında bununla bağlı cənab İlham Əliyev də vurğulamışdır ki, “Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracağıq. Biz bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik. Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir.”
Ursula von der Leyenin sözlərinə görə, Memorandumdakı ikinci mühüm məqam bərpaolunan enerji ilə bağlıdır: "Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. Xüsusilə də dənizin külək enerjisini və “yaşıl” hidrogeni qeyd etmək istəyirəm. Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək".
Əlbəttdə bütün bunların fonunda deyə bilərik ki, bu gün Prezident cənab İlham Əliyev tərəfindən yürüdülən müstəqil xarici siyasət Avropa İttifaqı ölkələri ilə bərabərhüquqlu münasibətlərin qurulmasına əsaslanır. Azərbaycanın geostrateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin də ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə marağını artırır. Aİ rəhbərliyi Azərbaycan Prezidentinin irəli sürdüyü qlobal miqyaslı təşəbbüsləri təqdir edir və ölkəmizlə münasibətlərin davamlı yüksəlişi üçün əlaqələri daha da şaxələndirir.
Qeyd edə bilərik ki, imzalanan sənəd Aİ ilə Azərbaycan arasında əlaqələrin və əməkdaşlığın inkişafında yeni səhifə açıb. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İttifaqa üzv dövlətlərlə ölkəmizin əlaqələri daim inkişaf edir. Hətta Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Həmin ölkələrin Avropa İttifaqına üzv dövlətlərin üçdə birini təşkil etməsi də bu əlaqələrin yüksək səviyyədə olmasını göstərir.
Sadalanan bütün məqamlar Prezident cənab İlham Əliyevin uğurlu xarici siyasət strategiyasının Aİ tərəfindən yüksək qiymətləndirildiyini və hər zaman Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu, dünyanın enerji xəritəsini yenidən tərtib edən layihələrini dəstəkləyini bir daha göstərir.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri