
Noyabrın ilk günlərində Bakıda keçirilməsi planlaşdırılan 33-cü Avropa Ravvinlər Konfransının (Conference of European Rabbis – CER) ləğv edilməsini öz xidməti, öz qələbəsi kimi təqdim etməyə çalışan bəzi şəxslərə həqiqətən də zavallı, miskin deməkdən başqa bir yol qalmır. O zavallıların, miskinlərin arasında hamıdan çox canfəşanlıq edənlərdən biri isə Doğu Perincək adlı bir siyasi hoqqabazdır. Özünü Vətən Partiyasının başqanı kimi təqdim edən bu avantüristin Türkiyənin siyasi mühitində heç bir nüfuzu, çəkisi yoxdur. Qardaş ölkədə adam yerinə qoyulmayan Doğu Perincək Azərbaycan–Türkiyə münasibətlərini zədələmək üçün ən kiçik fürsətdən belə maksimum dərəcədə yararlanmağa çalışır.
Avropa Ravvinlər Konfransının bəlli səbəblərdən təxirə salınmasını da növbəti fürsət kimi görən D.Perincək özünü yuyulmamış qaşıq kimi ortaya atıb iddia edir ki, guya, sözügedən konfrans məhz onun Prezident İlham Əliyevə ünvanladığı məktubdan sonra ləğv olunub. Pafoslu çıxışlar etməyi çox sevən Perincək sülhə, tolerantlığa, dinlərarası dialoqa həsr olunmuş ravvinlər toplantısının ləğv edilməsini “Türk və İslam dünyasının qələbəsi” kimi təqdim etməklə isə əsl cahillik nümayiş etdirib. Onun iddiaları əsla həqiqətə uyğun deyil. Doğu Perincək başından böyük qələt eləyib. Yəhudi din xadimlərinin Bakı toplantısının təxirə salınmasının Perincəyin məktubu ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.
Azərbaycan bütün dünyada dini tolerantlıq məkanı kimi tanınır. Ravvinlərin də bizim paytaxtımızda toplaşmaları, fikir mübadiləsi aparmaları üçün heç bir problem yoxdur. Avropa Ravvinlər Konfransının təxirə salınması texniki-təşkilati məsələlərlə bağlıdır və İsrail tərəfi bu tədbiri özü ləğv edib. Yəni ki, Doğu Perincəyin özünü ortaya atıb sözükeçən vacib şəxs rolunda çıxış etməsi siyasi əllaməçilikdən və təxribatçılıqdan başqa bir şey deyil. Bu zavallı son günlər xüsusi canfəşanlıq nümayiş etdirməklə, əslində özünü "yandırdı". Və bir daha məlum oldu ki, o, sadəcə bəlli dairələrin nökəridir.
"Bəlli dairələr" deyərkən ilk növbədə Rusiyaya diqqət yetirməliyik. Perincək Rusiyanın əlaltısı, "beşinci kolon"çusu kimi tanınır. Eyni zamanda, onun İranla da sıx əlaqələri var. Həmçinin bir ara PKK terror təşkilatının simpatizanı kimi də çıxış edib. Yəni ki, bu adam həm siyasi keçmişi, həm də bugünkü mövqeyi və əlaqələri baxımından olduqca kirli, toksik adamdır. Başqa sözlə desək, Doğu Perincək Türkiyədən başqa hamının maraqlarına xidmət etməyə hazırdır. Söbət təbii ki, təmənnalı xidmətdən, muzdlu qulluqdan gedir. Və belə bir satqın adamın, siyasi buqələmunun gəlib bu gün ravvinlər toplantısı ilə bağlı "tozanaq" qoparması ikrah doğurur. Doğu Perincək öz "ağa"larının razı qalması üçün hər cür obraza girməyə hazırdır. Belə siyasi "meyit"lər Azərbaycan-Türkiyə münasibətlərinə heç bir xələl gətirə bilməzlər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri











































