Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində şəhər ərazisində tək yaşayan 65 yaşlı qadının evinə daxil olaraq quldurluq cinayəti törədən şəxslər müəyyən edilərək istintaqa cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Newscenter.az-a verilən məlumata görə, ötən günlərdə gecə saatlarında rayon ərazisində yerləşən evlərin birində quldurluq əməli törədilməsi barədə RPŞ-yə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisə yerində olublar. İlkin araşdırmalarla qadının quldurluq yolu ilə evindən nəğd pulu və digər əşyalarının talanması məlum olub. O, polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb, vəziyyəti yaxşıdır.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.
Araşdırmalarla onların Asəf Allahverdiyev, Şükür Hüseynov, Emin Nəbiyev, Zaur Ağamirov və Elməddin Ocaqov olduqları müəyyən olunub.
Hazırda faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.