ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Robert Menendes növbəti dəfə Türkiyəni hədələyib. Amerikalı senator deyib ki, Türkiyə Aralıq dənizində ciddi təhdidə çevrilib: “Türkiyə ABŞ üçün Rusiya və Çin qədər təhlükəli dövlətə çevrilib. Türkiyəni Amerika üçün əsas çağırışlardan biri kimi siyahıya əlavə etmək lazımdır”.
Menendes bildirib ki, Türkiyə NATO üzvü kimi ABŞ-ın müttəfiqi sayılsa da, Egey dənizində Yunanıstana təhlükə yaradır. Menendes misal kimi Türkiyə hərbi təyyarələrinin uçuşlarını göstərib: “ABŞ Türkiyəyə heç bir silah növü satmamalıdır”.
Menendes ilk dəfə deyil Türkiyə əleyihinə açıqlama verir. Menendes 3 il əvvəl Ankaranı bu sözlərlə xəbərdar edirdi: “Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərini alacağı təqdirdə ABŞ sanksiyalar tətbiq edəcək və eyni zamanda F-35 təyyarələrinin satışını dayandıracaq. Ankara kiminlə olduğunu seçməlidir. Türkiyə NATO-nun vacib müttəfiqi qalmaqda davam etməli, ya da Qərbdən uzaqlaşmalıdır”.
Türkiyə “soyuq müharibə” bitdikdən sonra müstəqil xarici və təhlükəsizlik siyasəti aparır. Bu Vaşinqtondakı siyasi dairələrin xoşuna gəlmir. Bir qrup amerikalı siyasətçi hələ də hesab edir ki, Ankara “soyuq müharibə” illərində olduğu kimi yalnız Vaşinqtonun təlimatlarını yerinə yetirməlidir. Heç o zaman da mövqelər tam üst-üsə düşmürdü. Kipr adasında çevriliş edən yunanlar türkləri qətl edəndə Vaşinqrondan səs çıxmırdı. Türkiyə elə ki, Kiprə desant çıxardı, Vaşinqton Ankaranı hədələməyə başladı. Vaşintondakı yunan və erməni lobbisi də hər zaman Türkiyəni hədəf seçib. Menendes onların sifarişini yerinə yetirir.
Menendes Türkiyə ilə Rusiya və Çin arasında bərabərlik işarəsi qoyanda bunun səbəblərini araşdırmalıdır. ABŞ Türkiyəyə raketlərdən müdafiə sistemləri satmadı, Ankara Rusiyaya müraciət etmək məcburiyyətində qaldı. Türkiyə Çinlə iqtisadi əlaqələrini genişləndirməyə çalışır. Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına da marağı var. Buna baxmayaraq, türkiyəli rəsmilər çinli həmkarlarıyla danışıqlarda hər zaman uyğur türklərinin problemlərinə də diqqəti çəkir və bunun Türkiyə üçün həssas mövzu olduğunu vurğulayırlar. Digər tərəfdən Menendes Türkiyənin Rusiya ilə yaxınalşmasından bu qədər narahatdırsa, hər zaman müdafiə etdiyi Ermənistana da çağırış etməlidir. Çünki Türkiyədən fərqli olaraq Ermənistan tamamən Rusiyadan asılıdır.
Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri