Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda "Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" konfransı keçirilib

Bakıda "Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" konfransı keçirilib


"Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və xarici nümayəndələr iştirak ediblər.

A.Kərimov bildirib ki, Azərbaycan artıq özünün ən önəmli səhifələrini yaşayır: "44 günlük müharibədən, torpaqlar azad ediləndən sonra Azərbaycan dövləti qarşısında ərazilərin dirçəldilməsi kimi müqəddəs vəzifə durur. Ən önəmli prosesdən biri də mədəniyyətin dirçəldilməsi, adət-ənənələrin həmin torpaqlara qaytarılmasıdır. Bu gün artıq yaradıcılığın və mədəni dirçəlmənin iqtisadi tərəfini düşünmək lazımdır. Çünki hər yaradıcı insanı yaradıcılığın davamlı olması üçün iqtisadi tərəf də maraqlandırır. Bugünkü tədbir də buna həsr olunub. Hesab edirik ki, dövlət qurumu kimi yaradıcı birliklərə, ittifaqlara müdaxilə etmədən yaradıcı mühitə şərait yaratmalıyıq. Çünki yaradıcı sənayelərin iqtisadiyyata töhfəsi daim gündəmdədir. 2030-cu il üçün prioritet sahələrdən biri də yaradıcı sənayelərdir. Ən vacib məqsədlərimizdən biri yaradıcı sənayelərə özəl sektor tərəfindən investisiya cəlb edilməsi, vergi güzəştlərinin göstərilməsidir".


Q.Paşayeva beynəlxalq tədbirin Şuşada, daha sonra Bakıda keçirilməsinin rəmzi mənası olduğunu deyib: "İştirakçıların Şuşada düşmən barbarlığını görmələri vacib idi. Bununla onlar qələbəmizin qurucu mədəniyyətin dağıdıcı mədəniyyət üzərində qələbəsi olduğunu anlayırlar. Mədəniyyət sahəsi Azərbaycan üçün həmişə prioritet olub. Mədəniyyət iqtisadiyyatına təkcə gəlir mənbəyi kimi baxmamalıyıq. Bu anlayış dövlət, xalq, onun mədəniyyəti üçün müxtəlif imkanlar açır".


R.Hacıyev azad olunan ərazilərdəki dağıntıları dünya müharibələrindən sonra Avropa müşahidə olunan mənzərə ilə müqayisə edib: "Azad olunan ərazilərdə ən çox mədəniyyət abidələri məhv edilib. Düşmən bununla DNT-ni silməyə çalışıb. Bildiyiniz kimi, Avropada müharibədən sonra sürətli bərpanın səbəbi məşhur siyasətçiləri, biznesmenləri dəvət edərək dağıntıların göstərilməsi olub. Bununla da büdcədən kənar investisiya cəlb edilməklə şəhərlər bərpa olunub. Mədəniyyətin böyük potensialı var. Bəzən onu anlaya bilmirik. Ənənəvi istiqamətlərdən kənara çıxa bilmirik. Mədəniyyət hazırda rəqabətə girir. Bu, yutub üzərindən paylaşmaqdan getmir. Sürətli olmaq lazımdır. Hətta gecikmişik. Dünəndən başlamalıydıq".


E.Əliyev vurğulayıb ki, Azərbaycanda yaradıcılar var, sənaye yoxdur: "Ölkədə neft-qaz, kimya sənayesi barədə danışmaq mümkündür. Ən böyük problemimiz yaradıcı sənayenin olmamasıdır. Biz sistemli yanaşma tətbiq etməliyik".

Tədbir panel müzakirələrlə davam edib.
Xəbəri paylaş