Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Soçi görüşünün görünən "çətir"ləri və görünməyən "baca"ları

Soçi görüşünün görünən "çətir"ləri və görünməyən "baca"ları


Prezidentlərin Soçi görüşündən əvvəl Azərbaycanda ictimai-siyasi mühit nə qədər gərgin idisə, görüşdən sonra bir o qədər rahatladı. Amma bu rahatlıq müvəqqəti rahatlıqdır. Çünki ictimai-siyasi mühit kal olduqda istinad nöqtəsi görüntü olur və yanlış görüntülərlə kal mühiti idarə etmək çox asandır. Maraqlıdır ki, Soçi görüşündən öncəki ictimai-siyasi mühitdəki gərginlik və həyəcan da elə görüntülərlə sakitləşdirildi. "Pazı pazla çıxarmağ"a hesablanan bu addım müvəqqəti fayda və rahatlıq verə bilər. Amma siyasətdə "çətir tezisi" ümumiyyətlə yağış zamanı istifadə edilən müvəqqəti sakitləşdirmədən o tərəfə gedə bilməz. Hətta sosial şəbəkələrdə bu barədə "Azərbaycan mətbuatı çətir müzakirəsindən qurtarsaydı, Soçi görüşü barədə analitik yazılar da oxuyardıq", tipli statuslar da yazıldı. Çünki artıq görünən çətirlərin altından çıxmaq, ictimai-siyasi mühiti sakitləşdirmək və hakimiyyətə tam inamı formalaşdırmaq üçün görünməyən bacaları da anlatmağın vaxtı çatıb.

Şükürlər olsun ki, bu sahədə istinad nöqtəsi də var. Siyasi qrossmestr tituluna sahib, beynəlxalq arenada dəfələrlə müxtəlif siyasətçilərə master klass keçən Azərbaycanın siyasi lideri İlham Əliyevin apardığı uğurlu xarici siyasəti istinad nöqtəsi götürmək olar.

Amma nə yazıq ki, bizimkilər Prezidentimizin siyasi manevrlərini istinad nöqtəsi götürmək, ondan siyasi dərs almaq əvəzinə kənarda istinad nöqtəsi axtarırlar. Buna görə də kor edilən Azərbaycan ictimai-siyasi mühiti dəfələrlə təxribatçı qüvvələrin siyasi idarəetməsinə məruz qalır. Halbuki ictimai-siyasi mühit vaxtında yetişdirilməli, baş verə biləcək problemlərə qarşı tədbirlər görülməli idi. Məsələn: Soçi görüşündən əvvəl Qərb tərfdarları olan siyasətşüvənlərin yersiz açıqlamalarına və heç bir əsası olmayan iddialarına qarşı müxtəlif tezislərlə cavab verilməli idi. Nədənsə, verilmədi. Soçi görüşündə görünən çətirlərə qədər, görünməyən bacaların olduğunu ona görə deyirik ki, bundan ictimai-siyasi mühitin də xəbəri olsun. Təəssüflər olsun ki, bu günə qədər ictimai-siyasi mühitin belə şeylərdən heç xəbəri belə olmur. Bunun səbəbi yaxın keçmişə dayansa da, hələ ki ictimai-siyasi prosesi canlandırmaq niyyəti də ortaya qoyulmur. Azərbaycan mətbuatında siyasi, analitik məzmunlu məqalələr Əli Həsənovun vaxtında mediadan yığışdırılsa da, onun bərpası həsrətlə gözləmədədir. Bu gecikmənin acı nəticəsi isə ortadadır. Dövlət təcili bu sahəni inkişaf etdirməsə mətbuatımız vacib məqamlarda görünən çətirlərdən o tərəfə gedə bilməyəcək. Mətbuata çətir tutmaq siyasəti isə tam bir fiasko, cəmiyyətdə istehzalı gülüş doğuran bir hərəkətdir. Ona görə ki, Qərbpərəstlər Soçidə Putinin çətir şəkli ilə Azərbaycan və Ermənistana mesaj verdiyini bildirdilər. Ancaq bu yönləndirməni analitik təfəkkürü olmayanlar "yeyərlər". Bu şəkil vaxtında və düzgün analiz edilsəydi, hər kəs bilərdi ki, Putin o şəkillə nə Azərbaycana, nə də Ermənistana mesaj verirdi. Qərbə ünvanlanmış, bu mesajın mənası belədir: "İlham Əliyevlə onsuz da dostuq, amma Paşinyan gec-tez bizim qurduğumuz çətirin altına girəcək!"
Maraqlıdır ki, bu mesajı yanlış anlayanlar, cəmiyyətə də yanlış anlatdılar. İlham Əliyev Soçiyə gedərkən, əlimizi nələrin güclü etdiyi, bizim bu görüşlərdə zəif tərəflərimiz vardımı, hansılardır? - suallarına heç bir cavab verilmədi. Eyni zamanda aşağıdakı suallar da açıq qaldı: Bizim ictimaiyyət bu məlumatları niyə erməni analitiklərin açıqlamalarından oxumalıdır? Məgər bizdə bu sahənin biliciləri yoxdurmu? Vardırsa, hardadırlar? Analitik yazılar mətbuatımızdə nə zaman olacaq?

Bu tezislərdən vaxtında yola çıxılıb, ictimai-siyasi mühit sakitləşdirilsəydi, çətir prosesi yetişmiş mühit üçün o qədər də cəlbedici görünməyəcəkdi. Çünki xalqı düzgün qiymətləndirmək və onu gələcəkdə baş verəcək siyasi proseslərə vaxtında hazırlamaq lazımdır ki, dar gündə xalq da hakimiyyətin arxasında dayansın, bu dövləti sevməyənlərin yalanlarına inanmasın. Necə ki, 2020-ci ildə xalq sona qədər İlham Əliyevi dəstəklədi və müharibədə axıra qədər ona inandı. Xalqın bu inamını sarsıtmaq yox, qüvvətləndirmək lazımdır. Deməli, görünən çətirlərdən daha çox gorünməyən bacaları axtarmalıyıq.

Soçi görüşünün görünən çətirlərindən çox danışdıq, bəs görünməyən bacaları hansıdır? İndi isə gəlin bu suala cavab axtaraq.
Bu barədə danışmaq üçün öncə İlham Əliyevin proseslərdə qətiyyətini qiymətləndirmək lazımdır. İlham Əliyevin indiyədək qatıldığı heç bir görüş, müzakirə, konfrans və tədbirdə Azərbaycanın əleyhinə sənəd qəbul edilməyib. Həmişə qarşı tərəfi susdurmağı bacarıb. Seçimləri çox düzgündür. Məsələn: 17 il onu Qarabağı satmaqda ittiham edənlərə səbrlə gözləyib, əsgər formasında, Şuşaya sancılan bayraqla cavab verdi. Qatıldığı tədbirlərə öncədən xeyli hazırlaşır və zərbəni vaxtında, düz hədəfə vurmağı bacarır.

Bütün bunlardan yola çıxdıqda deyə bilərik ki, Putin üçün İlham Əliyev sıradan bir prezident deyil. Ötən yazımızda da qeyd etmişdik ki, Putinin İlham Əliyevlə münasibəti pozması öz alnına sıxacağı son güllədir (https://demokrat.az/.../putinin-son-gullesi-mengenede...). Bütün bunları bildikdən sonra Soçiyə yola çıxmaq əlbəttə hər kəsi rahatladardı.

Görüş zamanı İlham Əliyevin çox sərt şəkildə Qarabağ söhbəti tarixə qovuşub, biz o məsələni həll etmişik açıqlaması düşmən mövqelərinə atılan artireliya atəşi idi: “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Biz bu məqsədlərə nail olmaq işində bundan sonra da şəxsən Sizin fəal rolunuza və Rusiyanın roluna ümid bəsləyirik”.
Prezidentin bu açıqlamasının ardından isə Soçi görüşünün detalları açıqlandı. Bəlli oldu ki, görüşdə qəbul edilən bəyanatda Qarabağla bağlı heç bir müddəa yoxdur. Konflikt tərəfləri Ermənistan və Azərbaycandır. Rusiya bu konfliktfə barışdırıcı tərəfdir. Konfliktin həlli konturları hazırlanır və burda başlıca məqam xalqların inteqrasiyasıdır.

Belə çıxır ki Azərbaycan Prezidenti artıq Soçiyə getməzdən öncə baş verəcək prosesləri yaxşı bilirdi. Hətta nəyi, necə edəcəyini də yaxşı bilirdi. Məsələn: Soçiyə gedərkən və ya ordakı görüşlərdə belə narahat görünmürdü. Çunki həll olunmuş məsələyə qayıtmağı ilk olaraq o masadan kənara atdı. Prezidentin 2020-ci il 10 noyabrdan bəri qalib və məğrur duruşunda dəyişiklik hiss olunmadı. Bu dəfə də qatıldığı prosesdə də göstərdi ki, əsl siyasi oyun şou göstərməi deyil, arxa fonda işi düzgün qurmaqdır. Buna görə də Prezident siyasi tərəfdən görünən çətirlərə heç zaman fikir vermir, görünməz bacalardan zərbəni endirməyi sevir.

Maraqlıdır ki, hələ 19 ildir Prezidentin siyasətini öyrənə bilməyənlər çətirlərdə ilişib qalıblar. Siyasətin həm də görünməyən bacaları var bəylər! Çalışın o bacaları da öyrənin.

Ümid edirəm ki, bundan sonra Azərbaycan ictimai-siyasi mühitində bir canlanma yaratmaq üçün qolları çırmamağın vaxtı çatıbdır. Yoxsa boş meydanlar kənardan təlim alan çaqqallara qalacaq...

Elmar Hüseynov
Xəbəri paylaş