Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq ekspertlər, nəzarətsiz nazirliklər, "Bir gecə ansızın gələn" DTX

Beynəlxalq ekspertlər, nəzarətsiz nazirliklər, "Bir gecə ansızın gələn" DTX


Azərbaycan sosial şəbəkələrində hamı olub politoloq və ya beynəlxalq ekspert. Öz ölkəmizdəki durum haqqında bir kəlmə də yaza bilməyən adamlar, dünyadakı beynəlxalq münasibətlərə fikir bildirir. Fransa, İngiltərə və bu kimi ölkələrin daxili məsələlərini müzakirə edirlər. Tamam, anladıq, qorxursunuz. Amma heç olmasa daxildəki vəziyyətdən yaza bilmirsinizsə, başqa ölkələrin daxili işlərinə də qarışmayın da. Birdən biri çıxıb yazsa ki, "Həmədan uzaq, kərdi yaxın", əgər elə biliklisən öz ölkənizdən də yaz, onda nə cavab verəcəksiniz? Heç nə, yazmağa cavabınız olmayacaq. Ona görə, bir az diqqətli olmaq lazımdır.

Onsuz da bilən bilir ki, ölkədə elə nazirlər, komitə sədrləri və idarə müdirləri var ki, vəzifəyə təyin olunduqları gündən həmin qurumu dədədən miras qalma şirkəti zənn edir. Haqqında nəsə yazan jurnalistləri məhkəmə ilə hədələyir. Əgər rəhbəri olduğu qurum sosial xidmət sahəsidirsə, o zaman müraciət edənləri incidir. Bütün məramı və məqsədi rüşvət almaq, qurumu korrupsiya bataqlığına sürükləmək olur. İşdən çıxarıldıqdan sonra da yerinə kim gəlir gəlsin vəziyyəti düzəldə bilmir ki, bilmir. Bunun bariz nümunəsini biz dünən gördük.

Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirdi. Əməliyyat zamanı rəhbər vəzifələrdə işləyən 14 nəfər həbs olundu. Həbs olunanlar arasında yeni nazir Anar Kərimovun müavini Elnur Əliyev də var idi. Bu, DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi ikinci əməliyyatdir. Qeyd etmək yerinə düşər ki, mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nin keçirdiyi əməliyyatda saxlanılıb və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.

Bu xəbər sosial şəbəkələrdə ildırım sürəti ilə yayılmaqla yanaşı, sanki xalqda bir sevinc hissi də yaşatdı. İndi kimlərsə deyəcək ki, bu sevinc dövlətə ziyan vuranların saxlanılmasının sevincidir. Amma hamı da bilir ki, elə deyil. Bu, sanki illərdi yığışıb qalan problemlərin, kinin, qisasçı sevincidir. Sosial şəbəkələrdə bu xəbər elə bəh-bəhlə, sevinclə paylaşıldı ki, elə bil DTX Mədəniyyət Nazirliyinə deyil, XTQ Xankəndinə girib. Hələ bu, Mədəniyyət Nazirliyidir, indi gör, DTX Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə girsə, sosial şəbəkələrdə necə bayram yaşanar?

Nəzərə alsaq ki, Mədəniyyət Nazirliyi sosial problemlərin məngənəsində olan nazirlik deyil, o zaman əhali ilə işləyən digər nazirliklərdəki vəziyyətin necə olması haqqında danışmağa dəyməz. Məsələn: Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat, Gənclər və İdman Nazirliklərində vəziyyəti təsəvvür etmək istəməzsiniz. Həmin nazirliklərdə DTX-nın əməliyyat keçirməsi bəlkə də bu gün daha vacibdir.

İndi yuxarıda adı çəkilən nazirliklər haqqında qısa məlumatlar paylaşacağıq. O nazirliklərə DTX-nin girməsinə ehtiyac var, yoxsa yoxdur? Bu qərarı da Siz verin. Elə ilk olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən başlayaq.
Hesablama Palatası tərəfindən DSMF-nin gələn ilin büdcəsi ilə bağlı bir rəyində göstərilir ki, cari ilin 1 iyul tarixinə tərtib edilmiş statistik hesabata görə, bu il yaşa görə pensiya alan şəxslərin sayında 6 min nəfər, əlilliyə görə pensiya alan şəxslərin sayında 38,3 min nəfər azalma olub.

Necə olub? Bu rəqəmlər sizi narahat etmirmi? Bu adamlar ölüb, yoxsa pensiyalarının kəsilməsi üçün xüsusi səy göstərilib? Xəbəriniz varmı ki, cari ilin 7 ayında ailə başçısını itirməyə görə pensiya alan şəxslərin sayında 3 min nəfər artım qeydə alınmışdır? Dəhşətdir deyilmi? DTX bu nazirliyə girsə görəsən nə baş verəcək?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi barədə ötən yazımızda müxtəlif məsələlərə toxunmuşduq. Keçmiş nazir müavini, indi isə Dəmir Yolları İdarəsinin müdiri Rövşən Rüstəmovun qanunsuzluğa əl ataraq öz qardaşını Dövlət Radiotezliklər İdarəsinə sədr təyin etdirməsindən danışmışdıq. İndi isə başqa məqamlara toxunmaq istərdik. "Kosmos"dan gələn nazir, ölkədə rabitə xidmətlərini kosmik səviyyəyə qaldırmaqla məşğuldur. Əhaliyə sərf edən CDMA xidmətini inkişaf etdirmək əvəzinə bu xidmət ləğv edildi. İstifadəçilərin bu xidmətin ləğvinə görə itirdikləri hesablandımı? Dövlət qiyməti 100-200 AZN arasında olan CDMA telefonlarına bu qədər pul verən insanlar bu telefonları nə edəcək, bu suala aydınlıq gətirildimi? Xeyr! Nəhayət, dünyanın bütün ölkələrində gündən-günə rabitə qiymətlərinin endiyi bir zamanda necə olur ki, bizim ölkədə rabitə qiymətləri qalxır? Məncə bütün bu məsələlərə aydınlıq gətirmək üçün "Bir gecə ansızın gələn" DTX-nın əməliyyatına ehtiyac var.

Bu iki nazirlik haqqında danışdıqdan sonra Gənclər və İdman Nazirliyindən danışmaq belə istəmirəm. Azərbaycanda gənclərin vəziyyəti acınacaqlı durumdadır. İşsizlik, evsizlik, çarəsizlik, ölkədən qaçmaq həvəsi... Hələ bura narkotik vasitələrdən istifadənin artması kimi pis vərdişləri qeyd etmirəm. Bunların fonunda "Qırğızıstan gəldiyim 61-ci ölkədir, bəs Siz neçə ölkədə olmusunuz", deyə status paylaşan naziri təsəvvür edirsinizmi? Əgər etmirsinizsə, o zaman əyinlərində Azərbaycan bayrağı rəngindən tursikdən ibarət üzgüçülərlə kostyumda şəkil çəkdirən naziri təsəvvür edin... Özünün nazir olduğunu unudan şəxsin, nazir olduğu qurum görəsən hansı vəziyyətdədir? Məncə heç təsəvvür etməyə çalışmayın...

Bütün bunlardan nəticə çıxarmağa çalışarkən, birdən adamın yadına düşür ki, hansı tədbirə gedirsən, orda ən azı 10 QHT rəhbəri ilə rastlaşırsan, bəs bu QHT-lər hara baxır? Niyə QHT-lər nazirlərin fəaliyyətinə nəzarət etmirlər? Niyə hər hansı bir QHT-nin hesabatında bu barədə bir kəlmə də məlumat yoxdur? Yoxsa, QHT-lər fəaliyyətsizdir?! Buna heç kim inanmaz. Onda nazirliklərlə əlbirdirlər? Bax, bu sual düşündürücüdür. Yəqin ki, bu sualı da QHT-lərlə iş üzrə məsul şəxslər cavablandırar.

Yaddan çıxmadan deyim ki, bir də Nazirliklərdə İctimai Şura yaradılmışdı. Bu İctimai Şüaların vəzifəsi nədir, bilən var? Yoxsa o Şura üzvlərinin vəzifəsi, zəng edib xəbər sildirmək, nazirliklərin fəaliyyətini müdafiə etməkdir?
Hər hansı bir İctimai Şuranın nazirliyi tənqid edən hesabatını görən olub? Olubsa xəbər etsin.
Gələcək yazılarımızda digər nazirliklər haqqında da yazacağıq. Hələ ki, bu qədər. Amma bütün nazirliklərə tövsiyəm budur ki, ehtiyatlı olun, vicdansızlıq edəndə "bir gecə ansızın gələn biləcək" DTX-nın olduğunu da unutmayın!

Elmar Hüseynov
Xəbəri paylaş