Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Narkomaniya bəşəriyyətin ən qorxulu və təhlükəli bəlasına çevrilib

Narkomaniya bəşəriyyətin ən qorxulu və təhlükəli bəlasına çevrilib


Gəncliyin mənəviyyatına, sağlamlığına, müstəqil düşünmə qabiliyyətinə zərər vuran, cəmiyyət üçün yararlı olmasını əngəlləyən vasitələrdən biri narkotikdən istifadədir. Gənclərin müəyyən bir qisminin aludə olduğu bu zərərli vərdiş onların həyatını məhv edir, xoşbəxt gələcəklərini qara kölgə altında qoyur.

Azərbaycan dövləti, onun müvafiq qurumları, xüsusən də Daxili İşlər Nazirliyi bu neqativ hala qarşı davamlı mübarizə aparır. Narkomaniya elə bir bəladır ki, onun qarşısını bir neçə qurumun köməyi ilə almaq mümkün deyil. Bu zərurəti nəzərə alan qurumlar, bir neçə ildir ki, narkotik maddələrdən istifadəyə, onun satışı və yayılmasına qarşı mübarizə aparır, maarifləndirici tədbirlər həyata keçirir.

Əfsuslar olsun ki, belə tədbirlərin davamlı olaraq aparılmasına baxmayaraq ölkədə narkomanların sayı ildən-ilə artır və hər il təxminən 100 nəfər təşkil edir. Acınqcaqlı hal isə Azərbaycanda məktəblilər arasında da narkotik vasitələrdən istifadə edənlərin olmasıdır. Narkotik və psixotrop maddələrin qanunsuz istifadəsi hallarına qarşı mübarizədə hər bir kəs, o cümlədən valideynlər daha aktiv olmalıdır, cünki yeniyetmələr arasında uyuşdurucu maddələrdən istifadə halları artıb. Onlar daha çox, yapışqan, aseton, apteklərdə satılan bəzi reseptsiz dərmanlardan istifadə edirlər. Bunun qarşısını almaq üçün yeniyetmələr arasında maarifləndirmə işlərinin aparılması vacibdir ki, onları bu yola sürükləyənlərə "yox" deyə bilsinlər.

Narkotik maddələrin gənc nəsil arasında yayılmasının qarşısını almaq məqsədi ilə dünyanın bir çox ölkələrinin qəbul etdiyi milli proqramlarda nəzərdə tutulan müddəalar uğurla yerinə yetirilir, həyəcan təbili səsləndirirlər. Qəbul edilən milli proqramlara əsasən, təhsil ocaqlarının, ictimai təşkilatların əsas vəzifələrindən biri narkomaniyaya qarşı maarifləndirmə və təbliğat işinin aparılmasıdır. Bu mübarizə işi kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsi ilə həyata keçirilir.

Narkomaniya bəşəriyyətin ən qorxulu və təhlükəli bəlasına çevrilib. Eyni zamanda, bəşəriyyətin ən qorxulu xəstəliklərinin mənbəyi də elə narkomaniyadır. Qorxulu, ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Bu, Sibir meşələrindəki bataqlıqlara bənzəyir ki, orada yaşayan heyvanlar o bataqlığa düşür və sonra oradan çıxmaq üçün çırpınır, amma, əksinə, hər hərəkətində daha da batır. Bu da elə bir şeydir.

Narkotikadan istifadə insan həyatı üçün həmin o bataqlıqdan heç də az təhlükəli deyil. Narkotikdən asılılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. O bəladan xilas olmaq çox az insana qismət olur. Narkotikə qurşanmış əksər insanlar isə bu bataqlıqda məhv olub gediblər. Narkotik, ilk növbədə, narkomanın sağlamlığına ziyan vurur. Narkomaniyaya aludəçilik orqanizmin zəifləməsi, bədənin arıqlaması və fiziki gücün düşməsi ilə nəticələnir. Orqanizmin zəhərlənməsi daxili orqanların - qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Narkomaniyanın yaratdığı ən geniş yayılmış xəstəlik "Hepatit B"dir ("Hepatit B" xəstəliyi qaraciyər iltihabına səbəb olan çox təhlükəli xəstəlikdir). Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsi ilə daxil olur və vena vasitəsi ilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşır. Bu zaman hər bir xəstəliyə yoluxmaq olur, o cümlədən də "HİV" və "QİÇS" xəstəliyinə. Narkotik maddələrin qəbul edilməsinin əsas dəhşətli faktı bir neçə dəfə ondan istifadə edən insanın asılılıq yaratması faktıdır. Narkotik maddəni daim qəbul edən şəxsin bədənin tələb etdiyi vaxtda qəbul etməməsi həmin şəxsdə psixoloji gərginlik yaradır və əsəbləşdirir, onu narkotik maddənin tapılması və qəbul edilməsi üçün vəsait və ya imkanlar axtarmağa vadar edir. Bu şəxsin özünü əsəbi aparması və psixoz durumunda olması ətrafda olan insanlarda qorxu və diskomfort hissi yaradır. İnsan artıq heç bir işlə məşğul ola bilmir, növbəti "doza" üçün hər növ alçalmağa, iyrənc hərəkət etməyə məcbur olur. Narkotik qəbul etdikcə ədəbsizlik və yalançılıq başlayır. Bütün maraqları, ümidləri və qarşısına qoyduğu məqsədləri getdikcə sönür. Bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədi ilə BMT iyunun 26-nı "Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü" elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr bəlli olur, daha səylə çalışmaq üçün stimul yaranır.

Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə də ümumxalq hərəkatına çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illəri əhatə edən narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram qəbul edilmiş, həmçinin xüsusi Dövlət Komissiyası yaradılmışdı. Ölkə rəhbərinin imzaladığı "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan məsələlərin həlli istiqamətində uğurlu addımlar atılır. Respublika Prezidenti İlham Əliyev Dövlət Proqramının davamı olaraq 2013-2018-ci illər üçün növbəti sərəncam imzalayıb. Bu dövlət başçısının dəhşətli bəlaya qarşı mübarizə sahəsində həyata keçirdiyi məqsədyönlü siyasətin yalnız bir hissəsi kimi dəyərləndirilməlidir. Hər şeydən öncə, narkotizmlə və narkobizneslə mübarizə cəmiyyətin sağlamlığının qorunması zərurətindən irəli gəlir. Artıq 20 ildən artıqdır ki, Azərbaycan narkomaniyanın Yer kürəsində yayılmasının qarşısının alınmasına dair BMT-nin üç konvensiyası ətrafında dünya ölkələri ilə sıx əməkdaşlıq şəraitində mübarizədə öz köməyini əsirgəmir.

Allah hər birimizi və doğmalarımızı bu bəlanın fəsadlarından qorusun inşallah.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş