Azərbaycan dövləti beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasına və regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsinə nail olmaq məqsədilə 2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixləri ərzində həyata keçirdiyi 44 günlük uğurlu əks hücum əməliyyatları nəticəsində Ermənistanın işğalı altında olan torpaqlarını azad etməklə öz ərazi bütövlüyünü bərpa etmişdir.
Müharibədən sonrakı dövrdə xalqlar arasında yaranacaq əlaqələrin və regionda sabit sülh şəraiti barəsində müzakirələrin aparılması gözlənildiyi halda Ermənistan siyasi elitası tərəfindən Azərbaycana və onun vətəndaşlarına qarşı etnik cəhətdən dözümsüzlüyü ifadə edən bəyanatların səsləndirilməsinin şahidi oluruq. Prezident İlham Əliyevin yürütdüyü uğurlu diplomatiya, sülhpərvər xarici siyasət xətti Azərbaycanın nüfuzunu artırıb, onun üstün mövqeyini şərtləndirən başlıca amilə çevrilib. Başlıca hədəf məlum üçtərəfli bəyanatlarda nəzərdə tutulmuş konkret məsələlərin reallaşması, münasibətlərin geniş aspektdə normallaşması və sülhün tezliklə əldə olunmasıdır. Avropa da görür ki, Azərbaycanın bununla bağlı tələb və təklifləri konstruktivdir. Prezident Əliyevin Soçiyə səfəri çərçivəsində keçirdiyi ikitərəfli və üçtərəfli görüşlərin nəticəsi Azərbaycanın öz mövqeyini və prinsiplərini sona qədər müdafiə etmək əzmində olduğunu bir daha təsdiqlədi.
Dövlətimizin başçısının Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu, münaqişənin iki il öncə, Azərbaycan Ordusunun qələbəsi ilə həll olunduğunu vurğulaması, Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı aparılan və aparılacaq müzakirələrin praktik müstəvidə həyata keçirilməsi vacib olan istiqamətlərini tərəflərin diqqətinə çatdırmaqla, siyasi və geosiyasi manipulyasiyaların heç bir təsir gücünə malik olmadığını bir daha diqqətə çatdırdı. İki il öncə imzalanmış üçtərəfli Bəyannamə ilə uzun illər boyu davam edən və Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında saxlanılmasına səbəb olan münaqişə başa çatıb və həllini tapmış məsələlərin yenidən gündəmə gətirilməsi cəhdlərinin heç bir perspektivi yoxdur.Məlum olduğu kimi rəsmi Bakı Azərbaycan-Ermənistan münasibətlərin normallaşmasının gələcəyini müəyyən edəcək 5 təməl prinsip irəli sürüb və normallaşmaya yalnız beynəlxalq hüququn fundamental əsaslarını təşkil edən prinsiplər əsasında nail olmaq mümkündür. Bu aspektdən artıq geriyə doğru uğursuz cəhdlərə vaxt sərf etməyin heç bir anlamı yoxdur və Azərbaycan belə cəhdlərin prosesə süni əngəllər yaratmasına imkan verməyəcək.
Bəyanatda sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinin vurğulanması Ermənistan tərəfinin kommunikasiyaların açılması ilə bağlı sərgilədiyi bütün davranışların heç bir təsir gücünə malik olmadığını nümayiş etdirir. Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli Bəyanatında sözügedən sənəddə normallaşma prosesi ilə bağlı önəmli prinsiplərə sadiqliyin nümayiş etdirilməsi Cənubi Qafqazda davamlı sülhün əldə edilməsi baxımından əhəmiyyətlidir.
Aynur Həsənova,
YAP-ın gənc fəalı