Bu gün “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında BMT Konvensiyasının qəbul olunmasının 25 illiyi bütün dünyada qeyd olunur. Bu Konvensiyanın imzalanmasından keçən 25 il ərzində yəni 164 dövlət (dünyanın 80% ölkəsi) “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya (Ottava Konvensiyası) üzv olmuşdur. Hələ də 33 dövlət o, cümlədən də Cənubi Qafqaz ölkələri bu Konvensiyaya qoşulmayıb.
Bu fikirləri Newscenter.az-a Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov səsləndirib.
İctimai Birlik sədri deyib ki, “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya Üzv dövlətlərin 20ci İllik Konfransı 21-25 noyabr 2022-ci il tarixlərdə keçirilb:
"Bununla əlaqədar olaraq Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya “Landmine Monitor Report 2022” hesabatını ictimaiyyətə təqdim etdi. Bu hesabat dünyada minalar əleyhinə fəaliyyətin bütün aspektlərini əhatə etməklə sayca 24-cü illik hesabatdır. Hesabatda bildirilir ki, bu Konvensiya qəbul olunduqdan sonra ona üzv olan və üzv olmayan ölkələr minalarla mübarizə fəaliyyətlərinə əhəmiyyətli vəsaitlər ayırıblar. Bu, humanitar tərksilah müqaviləsinin təcəssüm etdirdiyi tərəfdaşlığın güclü transformasiya gücünü nümayiş etdirir. Bununla belə, qlobal böhranların sayının getdikcə artması və digər xərclərə tələbatın artması vəziyyəti daha da təhlükəli edir. Bu son illərdə minalarla mübarizəyə dəstəyin azalmasına səbəb olub".
Hafiz Səfixanov deyib ki, hələ də dünyanın 60 ölkəsində minaların yaratdığı problemlər qalmaqdadır:
"Son il ərzində 132.52km² ərazi təmizlənərək 117000 piyada əleyhinə mina tapılaraq məhv edilmişdir. Konvensiya qəbul edildikdən sonra 55 milyon ehtiyatda olan mina məhv edilmişdir. Mina istehsal edən ölkələrin sayı 55-dən 11-ə enmişdir. Son hesabatda qeyd olunub ki, dünyanın 50 ölkəsində 5544 yeni mina qurbanı qeydə alınıb. Bunların 2182 nəfəri həlak olub, 3355 nəfər yaralanıb, 7 nəfərin hazırki statusu məlum deyil. Mina qurbanlarının 75% mülki insanlardır, onların da 50%-ni uşaqlar təşkil edir. Mina qurbanlarının 81% kişilər və oğlan uşaqlarıdır.
Son hesabat dövründə minalarla mübarizə proqramlarına milli və beynəlxalq səviyyədə 598.9 milyon ABŞ dolları ayrılmışdır".
Onun sözlərinə görə, Azərbaycan Respublikası minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmamışdır:
"Rəsmi olaraq bildirilmişdir ki, bu Konvensiyanın məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq ətrafında olan ölkələrin heç birinin bu Konvensiyaya üzv olmaması və hazırda regionda yaranmış vəziyyət səbəbindən bu Konvensiyaya qoşula bilməmişdir. Azərbaycan Respublikası təcavüzə məruz qalmasına baxmayaraq yeni minaların qoyulmasını həyata keçirməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası yalnız Ermənistanla sülh sazişi imzalandıqdan sonra bu Konvensiyaya qoşula bilər. Buna baxmayaraq Azərbaycan bu Konvensiyaya dəstəyini bildirdiyini göstərməkdədir. Azərbaycan 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında bu müqavilənin universalizasiyasına yönəlmiş və hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir. Azərbaycan dəfələrlə bildirmişdir ki, piyadalar əleyhinə mina istehsal və eksport etmir. Ölkədə minaların təmizlənməsini həyata keçirir, mina təhlükəsinə dair maarifləndirmə proqramları davam etdirilir. 2012-2022-ci illər ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən Azərbaycan ordusunun qeydiyyatında olan 64686 ədəd piyada əleyhinə, 67633 ədəd tank əleyhinə mina utilizasiya edilmişdir".
Anar Əliyev