
"İtaliya Azərbaycanın Avropada ən etbarlı tərəfdaşı və sadiq dostudur. Roma ilə Bakını təkcə iqtisadi əlaqələr və enerji sahəsində əməkdaşlıq deyil, eyni zamanda möhkəm siyasi tellər bağlayır. İkinci Qarabağ Müharibəsi zamanı Romanın bəzi Avropa dövlətlərindən fərqli olaraq işğalçının deyil, haqqın, ədalətin yanında yer alması, Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində apardığı mübarizəyə heç bir etiraz, irad bildirməməsi ölkələr arasında siyasi bağların möhkəmliyinə dəlalət edir. Düşünürəm ki, İtaliyanın Baş naziri Corcia Meloninin ölkəmizə gözlənilən səfəri bu əlaqələrin daha da dərinləşməsinə və bir qədər də inkişafına imkan yaradacaq".
Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı İtaliyanın Baş naziri Corcia Meloninin Azərbaycana gözlənilən səfərini şərh edərkən səsləndirib. O qeyd edib ki. İtaliya Cənub Qaz Dəhlizi layihəsinin aktiv iştirakçısı kimi Azərbaycan qazını ən çox tədarük edən Avropa ölkəsidir:
"İtaliya ilə Azərbaycanı enerji sahəsində bir-birinə bağlayan digər bir layihə TAP-dır. Digər tərəfdən İtaliya Azərbaycanın Cənubi Qafqazda nəqliyyat və logistika baxımından önəmli bir mövqeyə malik olduğunu nəzərə alaraq qeyd edilən sahələrdə də ölkəmizlə səmərəli əməkdaşlıq edir. Bundan başqa mədəniyyət, təhsil, turizm, humanitar sahələrdə də Bakı ilə Roma arasında möhkəm əlaqələr mövcuddur. Hesab edirəm ki, İtaliyanın Baş naziri Corcia Meloninin Azərbaycana səfəri bu əlaqələrin bir qədər inkişaf etdirilməsi, Bakı ilə Roma arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli olacaq".
Arzuman Muradlı onu da deyib ki, Meloninin səfəri həmçinin, İtaliya ilə Azərbaycan arasında yeni əməkdaşlıq imkanlarının müzakirə edilib bu istiqamətdə real addımların atılması baxımından da əhəmiyyətli olacaq:
"Yaşıl enerji, bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial var. İtaliya şirkətləri qeyd etdiyim sahələrə investisiya yatıra, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələrinə sərmayə qoya bilərlər. Hesab edirəm ki, bütün bunlar İtaliya Baş nazirinin Azərbaycana səfəri zamanı müzakirə predmeti olacaq".
Süleyman









































