
Bu məsələ artıq sadə bir şikayət çərçivəsindən çıxıb, bir rayonun mülkiyyət sistemini iflic edən, vətəndaşı öz dövlətindən narazı salan mütəşəkkil bir özbaşınalığa çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Rüşvətxorluq edənlər, vətəndaşı incidənlər dövlətə xəyanət edirlər" prinsiplərini heçə sayan bu "məmur" qrupudur.
Azərbaycan dövlətinin və vətəndaşının ən böyük düşməni daxildə gizlənmiş, dövlətin möhürünü öz şəxsi kassasına çevirmiş rüşvətxor məmurdur. Masallı rayonunda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri idarəsinin əməkdaşları Sultan və Eynulla haqqında yayılan məlumatlar artıq bir fəlakət həddinə çatıb. Bu şəxslər dövlətin onlara etibar etdiyi vəzifə səlahiyyətlərini vətəndaşın torpağını "hərraca çıxarmaq" üçün istifadə edirlər.
İddia olunan faktlar tükürpədicidir: Vətəndaşın illərdir sahibi olduğu, qanuni sənədləri olan torpaq sahələri onun xəbəri olmadan, Sultan və Eynulla "duetinin" qaranlıq masalarında başqa şəxslərə satılır. Hansı qanunla? Hansı haqla?
Rüşvət qarşılığında sənədləşmə: Torpağı olmayanlara saxta sənəd düzəltmək, torpağı olanın isə mülkünü əlindən almaq bu şəxslər üçün adi bir "prosedura" çevrilib.
Vətəndaşın haqqına təcavüz: İnsanların icazəsi olmadan onların mülkiyyət hüququna müdaxilə etmək sadəcə hüquq pozuntusu deyil, bu, birbaşa vətəndaşın çörəyinə və gələcəyinə uzanan haram əldir.
Bu iki şəxs Əmlak Komitəsinin adını Masallıda rüşvət və korrupsiya ilə eyniləşdirib. Onlar özlərini qanundan üstün, hüquqdan kənar hesab edirlər. Lakin unudurlar ki, dövlətin polad əli gec-tez bu tip "qara ləkə"ləri sistemdən qazıyıb atacaq!
Cəlilabad Regional İdarəsi: Korrupsiya Yuvasının Qoruyucusudurmu?
Burada ən rəzil məqam Cəlilabadda yerləşən Regional Əmlak Komitəsinin mövqeyidir. Masallı rayon polis şöbəsi və prokurorluğu artıq hərəkətə keçib, araşdırmalar gedir, vətəndaşlar fəryad edir, mətbuat yazır – bəs regional rəhbərlik niyə susur?
Bu susqunluq günahın etirafıdır! Regional idarənin rəhbərliyi ya öz əməkdaşları üzərində heç bir idarəetmə qabiliyyətinə malik olmayan aciz bir fiqurdur, ya da Sultan və Eynullanın topladığı o qanunsuz pulların "isti otaqlara" qədər uzanan pay bölgüsündə iştirakçıdırlar. Üçüncü variant yoxdur! Tabeliyindəki işçinin rayonu talan etməsindən xəbərsiz olan rəhbər o kürsüdə niyə oturub? Yox, əgər xəbəri varsa və susursa, deməli, o da bu cinayətin birbaşa tərəfdaşıdır.
Bakıdan Gözlənilən Sərt Qərar: Bu Şəbəkə Tamamilə Təmizlənməlidir!
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyi bu rəzalətə son qoymalıdır. Masallı və Cəlilabad regional idarəsində kök salmış bu bürokratik maneələr dərhal sökülməlidir.
Genişmiqyaslı Təftiş: Sultan və Eynullanın bu günə qədər imza atdığı, rəsmiləşdirdiyi hər bir sənəd tək-tək yoxlanılmalıdır. Neçə vətəndaşın mülkü saxtakarlıqla talanıb?
Sərt Cəza Tədbirləri: Bu şəxslər sadəcə işdən qovulmamalı, vətəndaşa vurduqları maddi və mənəvi zərəri qanun qarşısında ödəməlidirlər.
Regional Rəhbərliyin Məsuliyyəti: İşçisinə nəzarət edə bilməyən, yaxud onun cinayətinə göz yuman regional rəhbərlik də eyni dərəcədə məsuliyyətə cəlb olunmalıdır.
Dövlət başçısının qətiyyətli iradəsi ortadadır: "Heç kim qanundan üstün deyil." Masallıdakı bu "əmlak alverçiləri" və onların Cəlilabaddakı havadarları anlamalıdırlar ki, vətəndaşın haqqını yemək, dövlətin etibarını sarsıtmaq onların sonu olacaq. Bu məsələ sonuna qədər işıqlandırılacaq və hər bir qanunsuzluq ifşa ediləcək!(referans.az)









































