Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasi şərhçilər Azərbaycan dilində danışsalar da, cəmiyyət onları başa düşmür

Siyasi şərhçilər Azərbaycan dilində danışsalar da, cəmiyyət onları başa düşmür


Mediada siyasi proseslərin təhlili ilə məşğul olan şərhçilər Azərbaycan dilində danışsalar da, cəmiyyət onları başa düşmür.

Newscenter.az xəbər verir ki, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Nurlan Qələndərli səsləndirib. Nurlan Qələndərli hesab edir ki, terminlə bəzədilmiş, amma bəsit - sadə məzmun daşıyan dekorativ cümlələrin sayı az deyil:

"Hansı ki, bir-iki söz dəyişməklə həmin cümləni cəmiyyət üçün başadüşülən etmək olar.

Nümunə: “siyasi partiya institutları siyasi sistemin struktur komponentləri qismində çıxış edirlər” cümləsi “siyasi partiyalar siyasi sistemin mühüm tərkib hissəsidir” kimi ifadə edilsə, anlamaq üçün filoloq və ya politoloq olmağa ehtiyac olmaz.

Siyasi şərhçilərin biri məqaləsində yazır ki, “innovativ və kreativ yanaşma əsasında yeni proqressiv etapa transformasiyanı təmin etmək əsas hədəfdir”. Bu cümləni sadə oxucunun başa düşdüyü dilə tərcümə etdikdə “yenilikçi və yaradıcı yanaşma əsasında yeni inkişaf mərhələsinə keçmək əsas hədəfdir” deyə oxunur.
İnternet resurslarında dərc olunmuş böyükhəcmli məqalələrdən birində yazılır: “siyasi-ideoloji sektorda reallığa çevrilən işlər də bərk həmrəyliyimizin başlıca təminatçı əsası qismində çıxış etdi”. Burada dil-üslub qüsuru ilə yanaşı, oxucunu yoran məqamlar az deyil. Cümlə “siyasi-ideoloji sahədə görülmüş işlər də milli inkişaf və həmrəyliyi təmin etdi” kimi ifadə oluna bilər. “Sektor” əvəzinə sahə demək heç də çətin deyil. Digər tərəfdən, həmrəyliyin bərk deyil, güclü, möhkəm və ya sarsılmaz olması qəbulediləndir. Bununla yanaşı, “başlıca təminatçı əsası” ifadəsindən istifadə etmək də yenilik, yaradıcılıq və ya intellekt göstəricisi deyil.

Məqalələrin birində isə “Destabilliyə meydan verən destruktiv proseslər”, - deyə qeyd olunur. Yenə də bir tərcüməçi və ya “siyasi google translate" lazımdır ki, cümləni “qeyri-sabitliyə səbəb olan dağıdıcı proseslər”, - deyə çevirsin"...

Nurlan Qələndərlinin qənaətincə, unutmaq lazım deyil ki, siyasi şərhçinin missiyası, bəsit söyləsək, izah etməkdir. İzah isə sadəni mürəkkəbləşdirmək deyil, mürəkkəbi sadələşdirməkdir.

Anar
Xəbəri paylaş