"Son günlər aktyor Bəhram Bağırzadənin sosial şəbəkələrdə paylaşılan fikirləri demək olar ki, hər kəs tərəfindən qınanıldı. Bu gün nəinki Azərbaycanda, dünyanın əksər ölkələrində yerli, gəlmə, kəndli, şəhərli müzakirələri gedir. Mən bu söhbətləri xoşlamıram. Amma hesab edirəm ki, Bəhram Bağırzadə Azərbaycan cəmiyyətində mövcud problemlərin bir qismini işıqlandırmağa çalışdı".
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edib. O bildirib ki, əslində bu gün cəmiyyətimizdə gedən xoşagəlməz proseslər hər birimizi ciddi narahat etməlidir:
"Son günlər baş verən hadisələrin xronikasına baxanda bir neçə gəncin Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atması, ardınca Yevlax xəstəxanasının şöbə müdirinə qarşı cinayət törədilməsi və bunu gənclərin etməsi, eləcə də digər hadisələr əslində cəmiyyətdə deqradasiyanın göstəricisidir. Nə üçün gənclər belə davranışlara yol verirlər? Bir azərbaycanlı Üzeyir Hacıbəylinin heykəlinə necə ayaqqabı ata bilər? Sualları hər birimizi ciddi düşündürməlidir.
Bəli bu gün gənclərin bəzilərinin dünyagörüşündə, intellektual səviyyəsində müəyyən problemləri müşahidə edirik və hesab edirəm ki, bu, bilavasitə bizim təhsilimizlə, həmçinin bizim ailələrimizin verdiyi tərbiyə ilə bağlıdır. Bu gün burada boşluqlar, problemlər var".
Deputat qeyd edib ki, biz bəzən problemləri görməməzlikdən gəlmək istəyirik:
"Gənclərin bir hissəsi zərərli vərdişlərə yuvarlanıb, meyllənib, onların bir hissəsi zərərli ideologiyalardan, dini ideologiyalardan zəhərlənib. Bu gün gənclərin bir hissəsində oxumağa, öyrənməyə, özünü inkişaf etdirməyə o qədər də böyük həvəs və maraq yoxdur. Bu, ciddi bir məsələdir. Eyni zamanda məktəblərimiz, universitetlərimiz öz işlərini yalnız təhsil verməklə bitmiş hesab etməməlidirlər. Onlar həm də tərbiyəyə önəm verməlidir. Hesab edirəm, hər bir məktəb, hər bir ali məktəb həm də tərbiyə müəssəsidir. Onlar bu gənclərin düzgün formalaşması, düzgün yetişməsi üçün çalışmalıdırlar. Bu prosesə töhfə verməlidir. Yəni bu günün gəncləri, gələcəyin idarəçiləri, gələcəyin ayrı ayrı dövlət qurumlarında çalışacaq insanlarıdır. Odur ki, gənclərin sağlam düşüncə və təfəkkürdə yetişməsi üçün bütün gücümüzlə çalışmalıyıq".
Millət vəkili deyib ki, bunu etməsək, gələcək bunu bizə bağışlamayacaq:
"Yəni biz təəssüf ki, bu tendensiyaları görürük, müşahidə edirik və çox az sayda insan da bu məsələlərə öz münasibətini, öz mövqeyini bildirir. Biz necə edək, hansı addımlar ataq ki, gənclərimizi qoruyaq, gənclərimizə sahib çıxaq, gənclərimizin tərbiyəsini təkmilləşdirək. Dövlət səviyyəsində addımlar atılır. Amma bütün ziyalılarımızın fəallığını, kifayət qədər bu məsələlərə həssas münasibətini görmürəm. Amma bu, ümumilikdə, hamımızın bir problemidir. Biz necə edək ki, bizim dəyərlərimizə, bizim mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə sadiq gənclik yetişdirək? Biz bu məsələlər barədə ciddi düşünməliyik. Bir daha deyirəm gənclərin inkişafı məsələsi, intellektual səviyyəsi, dünyagörüşünün zənginləşdirilməsi istiqamətində ciddi addımlar atmalıyıq".
Mehman