Son dövrlər Vətəndaş Cəmiyyəti Təşkilatları tərəfindən keçirilən və ən mühüm aksiya kimi tarixə düşən Laçın – Xankəndi yolundakı etiraz aksiyasına kiminsə çamur atması yolverilməzdir.
Aydın məsələdir ki, aksiyanın əsas təkanverici məqamı Azərbaycan sərvətlərinin talanması və qanunsuz istismar zamanı əraf mühitə dəyən zərərdir.
Hadisə mahiyyət etibarı ilə lokal deyil, ekoloqların hadisə yerinə yaxınlaşması mümkün deyil. Həmin ərazilərə ən yaxşı halda Rusiya sülhməramlıları nəzarət edir. Halbuki həmin ərazilərdə qanunsuz erməni hərbi birləşmələrinin olması da heç kimə sirr deyil.
Bu halda aksiya necə keçirilməli idi? 3-5 ekoloji təşkilat çıxıb 1 saat etiraz aksiyası keçirib ərazidən çıxmalı idi?
Azərbaycan QHT-ləri müxtəlif koalisiya və şəbəkələrdə birgə təmsil olunur. Bu koalisiyalarda ekoloji təşkilatlarla yanaşı digər sahə QHT-ləri də var.
QHT-lərin əməkdaşlıq fəaliyyətinin nəticəsi olaraq, QHT-lər birgə bu aksiyanı keçirməli idi.
Digər vacib məqam
Təbii sərvətlərin talanması eyni zamanda hüquq, informasiya mühitinin yaradılması, milli məsələ, minlərlə soydaşımızın Xankəndiyə qayıtmaq məsələsi deyilmi?
Elə olduğu halda, bəs niyə hüquq müdafiə, informasiya, mədəniyyət, qaçın və məcburi köçkünlərlə, mədəniyyətlə məşğul olan VCT-lərimiz ekoloji QHT-lərimizin yanında olmamalı idi?
Qrant məsələsinə gəlincə
Mövcud qanunvericiliyə görə müvafiq müsabiqə qaydalarına uyğun olaraq QHT-lərimiz dövlətdən qrant alır.
Bu qrant müsabiqə formasında keçirilir, vəsait layihələrin icrasında nəzərdə tutulmuş sahələrə yönəldilir və bu fəaliyyətin hesabatı verilir. Kimsə bizi qrant almağa görə sorğuluya bilməz!
Qrant almış onlarla təşkilat var ki, məmurları kəskin tənqid edib və edir, hökumətin bəzi qərarlarını bu və digər formada müzakirəyə çıxarır və lazım gələndə tənqid də edir.
Bu aksiyanı hər hansı qrantla bağlamaq qeyri peşəkarlıqdır. Həmin aksiya QHT-lərin birgə təşəbbüsü və uğurudur. Bu haqqımızı bizim əlimizdən almayın!
QHT-lərin çiyin – çiyinə, soyuq havada yaşadığı o gözəl hisləri ləkələməyin! Soyuq səhərdə yaşadığımız isti abu-havanı zəhərləməyin.
Cəsarət Hüseynzadə.
"İnformsiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri,
QHT.az saytının rəhbəri