Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfrans keçirilib

“Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfrans keçirilib


Fevralın 10-da İqtisadiyyat Nazirliyinin inzibati binasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfrans keçirilib. Tədbirə İqtisadiyyat Nazirliyinin və nazirlik yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi, millət vəkilləri, dövlət qurumlarının, ali təhsil müəssisələrinin, sahibkarların ictimai birliklərinin nümayəndələri, iş adamları və media təmsilçiləri qatılıblar. Konfransın açılış mərasimində ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Ulu Öndər haqqında film nümayiş etdirilib.

Newscenter.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin təklifi ilə Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Konfransda çıxış edən DVX rəisi ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlara nəzər salıb. Bildirib ki, məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın milli inkişaf strategiyasının ən mühüm komponentlərindən biri - güclü milli iqtisadiyyatın qurulması istiqamətində böyük uğurlar əldə edilib. O cümlədən Azərbaycanın müasir vergi sisteminin fundamental əsasları da Ümummilli Liderin birbaşa təşəbbüsü və iştirakı ilə qurulub. Vergi sahəsində vahid qanunvericilik bazasının yaradılması, vergi administrasiyasının modernləşdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi sayəsində vergi siyasətinin güclü və səmərəli mexanizmləri formalaşdırılıb. O.Nəzərli sonrakı dövrdə məhz bu konseptual yanaşmanın dövlət başçısı İlham Əliyev tərəfindən inkişaf etdirilməsi nəticəsində vergi siyasətinin təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, eyni zamanda ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmləri ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməyə başladığını diqqətə çatdırıb.

2022-ci ilin göstəricilərini şərh edən DVX rəisi bildirib ki, dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, vergi ödəyicilərinə xidmətlər çeşidinin və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi vergi orqanlarının fəaliyyətinin başlıca prioritetləridir. Dövlət Vergi Xidmətinin öz üzərinə düşən fiskal öhdəliklərin icrasını təmin etdiyini vurğulayan O.Nəzərli 2022-ci ildə ilk dəfə dövlət büdcəsinə 15,5 milyard manat həcmində vergi daxilolmasının təmin edildiyini və bunun 2021-ci il ilə müqayisədə 82,2 faiz çox olduğunu bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli iqtisadiyyatın inkişafı istiqamətində aparılan islahatlar, büdcə-vergi qanunvericiliyinin formalaşdırılması və təkmilləşdirilməsi, vergi siyasəti qarşısında duran hədəflər barədə danışıb. Millət vəkili qeyd edib ki, vergi yığımlarının artmasının səbəblərindən biri də vətəndaşın dövlətə olan inamıdır. Bu inamın əsasında isə dövlət başçısının apardığı siyasət dayanır. İqtisadiyyatın rəqəmsallaşdırılmasının vergi bazasının müəyyən edilməsi yolunda müsbət nəticələrini qeyd edən T.Mirkişili ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin və vergi inzibatçılığının yeni çağırışlara uyğun təkmilləşdirilməsini vurğulayıb.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ulu öndər Heydər Əliyevin ölkənin iqtisadi tərəqqisi və sahibkarlıq mühitinin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb: “Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik” - tezisi ilə vergi siyasətinin milli iqtisadi strategiyanın mühüm tərkib hissəsi kimi aparıcı rolunu qeyd edən Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin vergi sisteminin formalaşmasının təşəbbüskarı və banisidir”. M.Cabbarov bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli vergi sistemi son 20 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında əsaslı modernizasiya prosesi keçib, maddi-texniki bazası genişləndirilib, vergi inzibatçılığı texnoloji cəhətdən əsaslı surətdə yenidən qurulub. 2022-ci ildə neft və qazın qiymətlərinin müsbət dinamikasının yüksək səviyyəsinə baxmayaraq, dövlət büdcəsinin gəlirlərinin 50 faizinin qeyri-neft-qaz sektoru hesabına formalaşdığını qeyd edən nazir büdcə gəlirlərinin artmasında və əldə olunan uğurlarda vergi orqanlarının əhəmiyyətli roluna diqqət çəkib. Ölkədə iqtisadi artımın təmin edilməsi prosesində vergi sisteminin tənzimləyici funksiyalarının mühüm rol oynadığını bildirən M.Cabbarov qarşıdakı dövrdə vergi siyasətinin əsas hədəflərini açıqlayıb. O, bu hədəflərin, ilk növbədə, iqtisadi təşviq əsasında reallaşdırılacağını vurğulayıb: “Biz bunu işğaldan azad edilmiş ərazilərin nümunəsində görürük. Bildiyiniz kimi, bu ilin əvvəlindən, cənab Prezidentin tapşırıq və təşəbbüsünə əsasən, vergi, sosial müdafiə, gömrük qanunvericiliyi sahəsində çox geniş təşviqlər qəbul edilib”. Nazir qeyd edib ki, vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi mühüm istiqamətdir. Xüsusilə son aylar ərzində Dövlət Vergi Xidməti ilə Dövlət Gömrük Komitəsi arasında əməkdaşlığın sinxronlaşdırılması qeyd edilməlidir. Bu, faktiki olaraq, vergi ödəyiciləri üçün eyni yanaşmaların tətbiqinin təmin edilməsinə imkan verib və hər iki qurumun fəaliyyətinin səmərəliliyini artırıb.

Konfrans işini “Heydər Əliyevin müasir vergi sisteminin formalaşdırılmasında rolu və iqtisadi siyasət sahəsində fəaliyyəti”, “Müasir vergi siyasəti: biznes-dövlət münasibətləri və beynəxalq trendlər” və “İşğaldan azad edilmiş ərazilərin bərpası: vergi siyasəti təşviq aləti kimi” mövzularında sessiyalarla davam etdirib.

“Heydər Əliyevin müasir vergi sisteminin formalaşdırılmasında rolu və iqtisadi siyasət sahəsində fəaliyyəti” mövzusuna həsr edilmiş sessiyada millət vəkili Ziyad Səmədzadə, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Dövlət Vergi Xidməti rəisinin müşaviri Elçin Məmmədov, UNEC-in rektoru Ədalət Muradov və İqtisadi Elmi Tədqiqat İnstitunun direktoru Mahir Hümbətov çıxış ediblər. “Müasir vergi siyasəti: biznes-dövlət münasibətləri və beynəxalq trendlər” mövzusunda keçirilmiş sessiyada Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva və baş idarə rəisi Nicat İmanov, AMCHAM-ın prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyevin çıxışları dinlənilib. “İşğaldan azad edilmiş ərazilərin bərpası: vergi siyasəti təşviq aləti kimi” mövzusunda təşkil edilmiş sessiyada isə DVX-nin baş idarə rəisi Ələkbər Məmmədov, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Zamin Bədirxanov, millət vəkili Fatma Yıldırım, eləcə də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanovun çıxışlarına yer verilib.
Qeyd olunan mövzularda geniş fikir mübadiləsi aparılıb.

Sevinc
Xəbəri paylaş